"Azərbaycan Pediatrlar Assosiasiyası müasir çağırışlara xüsusi önəm verir"

Azərbaycan Pediatrlar Assosiasiyasının qurultayında müasir tibbin çağırışları və qarşısında duran vəzifələr müzakirə edilib. Qeyd edək ki, Azərbaycan Pediatrlar Assosiasiyası (APA) təsis edildiyi vaxtdan etibarən Azərbaycanda uşaqların sağlamlığının qorunmasında, möhkəmləndirilməsində və pediatriyanın inkişafında fədakar xidmət göstərir. 

Ölkəmizdə pediatr həkimlərinin böyük tarixə dayanan peşəkar birliklərindən olan APA uşaqların sağlamlığının mühafizəsi istiqamətində dövlət siyasətini prioritet vəzifə kimi əsas tutaraq,  bu istiqamətdə məqsədyönlü fəaliyyətini həyata keçirir, xarici və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirir, uşaq sağlamlığı ilə bağlı ixtisaslaşmış qurum və təşkilatların işindən bəhrələnir, onlarla təcrübə mübadiləsi edir. 

Azərbaycan Pediatrlar Assosiasiyası (APA) dünyada pediatriyanın qarşılıqlı intellektual imkanlarından istifadə edilməsi kimi müasir çağırışlara xüsusi önəm verir.

İyunun 22-də öz işinə başlayan Azərbaycan Pediatrlar Assosiasiyasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 41-ci Milli Qurultayının bu gün yekun toplatısı keçirilir.

Tədbirdə Beynəlxalq Pediatriya Assosiasiyası (IPA), Rusiya Pediatrlar İttifaqı, TƏBİB, Azərbaycan Tibb Universiteti, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, digər səhiyyə təşkilatları və dövlət qurumlarından rəhbər şəxslər, millət vəkilləri, nümayəndələr, Azərbaycan, Türkiyə, Rusiya, eləcə də Avropa və Asiya ölkələrindən tanınmış səhiyyə işçiləri, elm xadimləri iştirak edirlər.

Qurultayın elmi proqramı pediatriyanin müxtəlif problemlərinə həsr olunmuş 15 elmi paneldən ibarətdir.  Qurultay çərçivəsində konqreslərdə iştirak etmək üçün 350-ə yaxın pediatr qeydiyyatdan keçib. 

Panelərdə qeyd olunan ölkələrdən ümumilikdə 65-dən çox məruzəçi öz elmi işlərini təqdim ediblər.

Tədbirin əsas məqsədi tibb elmi, xüsusilə də pediatriya və yan ixtisaslara dair yeni nailiyətləri mūzakirə etmək, əsasən də gənc nəsil həkimlərimizin inkişafına, elmi-praktik biliklərinin artirılmasına töhfə verməkdir.

Qurultay Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən 24 DTT kredit ilə akkreditasiya olunub.

 

Qeyd edək ki, 1930-cu ildə təsis edilmiş Azərbaycan Pediatrlar Assosiasiyasına uzun illər ilk azərbaycanlı pediatr, Azərbaycanda ana və uşaqların sağlamlığının mühafizə sisteminin yaradıcısı, Əməkdar elm xadimi professor Əbülfəz Qarayev rəhbərlik edib. Görkəmli alim Əbülfəz Qarayev 1938-ci ildən 1952-ci ilə qədər əvvələr Azərbaycan Uşaq Həkimləri Cəmiyyəti kimi tanınan indiki Azərbaycan Pediatrlar Assosiasiyasının sədri olub. 

Sonrakı tarixi dövrdə assosiasiyanın fəaliyyətinə tanınmış ictimai xadim, “Şöhrət” və “Şərəf” ordenli, Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Elmlər Akademiyasının akademiki, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Adilə Namazova rəhbərlik edib. Görkəmli pediatr 1972-ci ildə keçirilən Azərbaycan Pediatrları Qurultayında assosiasiyaya sədri seçilib. 

Hazırda Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti vəzifəsini Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə icra edir. 

Ümummili Lider Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyəti yüksək səviyyədə dəstəklənib. 

Ulu Öndərin himayədarlığı assosiasiyanın fəaliyyətində yeni mərhələnin yaranmasına təkan verib, assosiasiyasının beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etməsinə əlverişli zəmin yaranıb.

Bu gün assosiasiya ətrafında təcrübəli pediatrları və əlaqəli ixtisasların həkimlərini birləşdirir. 

Assosiasiyanın əsas məqsədləri sırasında pediatriya sahəsində elmi-praktik problemlərin həllinə kömək, profilaktika, diaqnostika və müalicə məqsədilə müasir, yüksək effektiv texnologiyaların uşaqların sağlamlığının qorunması praktikasına daxil edilməsi və digər vəzifələr durur. 

Azərbaycan Pediatrlar Assosiasiyası Azərbaycan pediatriya məktəbinin şərəfli ənənələrini qoruyaraq, bu ənənələri fəaliyyətində inkişaf etdirərək tətbiq edir, yüksək peşəkarlıq, əsl humanizm və uşaqlara sonsuz məhəbbətlə xidmət edir.