“Azərbaycan-Qazaxıstan əlaqələri: dünən, bugün, sabah” mövzusunda konfrans

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Fərabi adına Qazax Milli Universitetində “Azərbaycan-Qazaxıstan əlaqələri: dünən, bugün, sabah” mövzusunda konfransda məruzə ilə çıxış edib.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Fərabi adına Qazax Milli Universitetində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təşkil olunmuş “Azərbaycan-Qazaxıstan əlaqələri: dünən, bugün, sabah” mövzusunda konfransda geniş məruzə ilə çıxış edib.

Beynəlxalq elmi konfransı açıq elan edən rektor Prof.Dr. Canseyt Tuimebayev Q.Paşayevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini salamlayıb, ürək sözlərini bölüşüb, qardaş ölkələrimiz arasında yüksək səviyyəli dövlətlərarası əlaqələrin getdikcə daha da gücləndiyini, bu əlaqələrin bütün əməli fəaliyyət sahələrinə sirayət etdiyini bildirib.

Geniş məruzə ilə çıxış edən Komitə sədri Q.Paşayeva Azərbaycanla Qazaxıstan arasında əlaqələrin tarixin qədim qatlarından gəldiyini, bu gün özünün yüksək zirvəsinə çatdığını və gələcək nəsillər üçün yeni yollar açdığını deyib: “Bizim xalqlarımızın ortaq keçmişi olduğu kimi ortaq gələcəyi olacağına inanırıq. Ortaq türk qurumları, özəlliklə də Türk Dövlətləri Təşkilatı bu inamımızı gücləndirən ən əsas amillərdəndir. Bu gün biz Azərbaycan xalqının Ümummilli lideri, Qazaxıstanın yaxın dostu, Türk dünyası qarşısında unudulmaz xidmətləri olmuş böyük dövlət və ictimai-siyasi xadim Heydər Əliyevin 100 illik yubileyini Qazaxıstanın ən böyük universitetində qeyd edirik. Bu, həm yüksək vəfa borcunu, həm də tarixə, bu günə, gələcəyə baxışlarımızın məhz elm müstəvisində inkasını ifadə edir. Əcdadlarımızın, liderlərimizin arzularını yalnız keçmişini – ortaq keçmişini bilən, hazırkı mürəkkəb dünyamızda cərayan edən bu günümüzün və bütün çətinliklərə baxmayaraq qurmalı olduğumuz ortaq gələcəyin məsuliyyətini daşıyan aydınlar, gənclər, bütövlükdə xalqımız gerçəkləşdirə bilər. Biz bugünkü müzakirələri də bu mənada çox anlamlı buluruq.

Prezidentlərimiz İlham Əliyev və Kasım-Jomart Tokayev arasındakı qardaşlıq və dostluq əlaqələri xalqlarımızın qardaşlıq, dostluq münasibətlərini daha da zənginləşdirir və bizim hər birimiz üçün örnək təşkil edir”.

Sözünə davam edən Komitə sədri müəllifi olduğu və yeni çapdan çıxmış “Qardaş ölkəm Qazaxıstan” kitabını da yuxarıda qeyd olunan mənəvi məsuliyyətin təcəllası olduğunu deyib.

Tədbirdə universitetin professor-müəllim heyəti, fəal tələbələri, Almatı valiliyinin məsul əməkdaşları, eləcə də YAP Binəqədi Rayon Təşkilatının seçkili orqanlarının üzvləri Fikrət Əliyev və Zərifə Arzumanova iştirak edib.

Sonda Q.Paşayeva rektor Prof.Dr. C.Tuimebayevə Azərbaycanın istedadlı gənc rəssamı Elmar Məmmədzadənin Ümummilli liderin ipək üzərində xüsusi texnika ilə işlənmiş portretini təqdim edib.

Həmçinin “Qardaş ölkəm Qazaxıstan” kitabını, həmmüəllifi olduğu, qazaxcaya çevrilmiş “Qarabağdan doğan Günəş – Xurşidbanu Natəvan” və “Qarabağ hekayələri” kitablarını, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin hazırladığı, Qarabağ həqiqətlərindən bəhs edən filmlər kataloqunu universitet kitabxanasına bağışlayan Q.Paşayeva, qardaş ölkənin bu köklü ənənələrə malik universitetindən zəngin təəssüratlarla ayrıldığını bildirib.

Tədbirdə iştirak edən hər kəsə xarıbülbül xatirə nişanı hədiyyə olunub.

Komitə sədri rektorun bundan öncə Türkistan vilayətinin valisi olduğunu, Türkistan şəhəri ilə Şuşa şəhərinin rəsmən qardaşlaşmış şəhərlər olduğunu xatırladaraq, onu Azərbaycana, o cümlədən Şuşaya səfərə dəvət edib.