Azərbaycan regional təhlükəsizliyə önəm verir

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illərdə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu kontekstdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirdiyi görüş mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bakıda baş tutan görüş zamanı tərəflər regional təhlükəsizlik, enerji əməkdaşlığı, nəqliyyat layihələri və siyasi dialoqun genişləndirilməsi kimi məsələləri müzakirə etmişlər. 

Antonio Koştanın Azərbaycana səfəri həm də beynəlxalq siyasi şəraitin mürəkkəbləşdiyi bir dövrə təsadüf edir. Bu şəraitdə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərməsi ölkəmizin strateji əhəmiyyətini bir daha təsdiq edir. Görüş zamanı Avropa İttifaqı Azərbaycan ilə təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bəyan etmişdir. 

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin daim strateji xarakter daşımışdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan ölkələrdən biridir. Azərbaycanın təbii qazı hazırda bir sıra Avropa ölkələrinə ixrac olunur və bu əməkdaşlıq regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə ciddi töhfə verir. Bu fakt Azərbaycanın beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. 

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq yalnız enerji sahəsi ilə məhdudlaşmır. Siyasi dialoq, nəqliyyat və logistika layihələri, xüsusilə Orta Dəhliz kimi beynəlxalq nəqliyyat marşrutları tərəflər arasında əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Bu baxımdan Azərbaycan Cənubi Qafqaz və daha geniş Avrasiya məkanında mühüm geosiyasi və geoiqtisadi mərkəz kimi çıxış edir.

Bu görüş tərəflər arasında siyasi dialoqun dərinləşməsinə, enerji və iqtisadi əməkdaşlığın genişlənməsinə, eləcə də regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edən vacib siyasi hadisədir.

Görüşdə regional təhlükəsizlik məsələləri də xüsusi diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin edilməsinin iqtisadi əməkdaşlığın genişlənməsi üçün əsas şərt olduğunu bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Cənubi Qafqazda sülhün bərqərar olması yeni iqtisadi imkanlar yaradır, ticarət və investisiya əlaqələrinin genişlənməsinə şərait formalaşdırır. Bu isə region ölkələri ilə yanaşı Avropa dövlətləri üçün də böyük əhəmiyyət kəsb edir. 

Regionda və ümumilikdə dünyada baş verən hadisələr, bu hadislərin fonunda Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi  dövlətimizin beynəlxalq münasibətlər sistemində etibarlı və sabit tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Əminə Ağazadə
Milli Məclisin deputatı