Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionumuzda maraqlı siyasi proseslərin cərəyan etdiyi bir dövrə təsadüf etdi. Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının vaxtından əvvəl çıxarılması və Ermənistanın işğalı altında olan Qazaxın 4 kəndinin geri qaytarılmasının təmin edilməsi fonunda baş tutan bu səfər bir neçə aspektdən öz siyasi əhəmiyyətini daha da artırır. Rusiya və Azərbaycanın dövlətlərarası münasibətlərindəki yeni mərhələnin başlanğıcı olan bu səfər milli maraqlarımızın diktə etdiyi yeni əməkdaşlıq formatının konturlarının müəyyən edilməsində mühüm rol oynadı. Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Qarabağ erməni separatçılarından təmizləndi və ölkəmiz Üçtərəfli Bəyanatının icrasını özü təmin etmiş oldu. Bu da Rusiya sülhməramlı kontingentinin Azərbaycanda qalmasının zəruriliyini sıfıra endirdi. Cənubi Qafqazda yeni reallıqlar yaradan və regionun aparıcı dövlətinə çevrilən Azərbaycan Ermənistandan fərqli olaraq qonşu dövlətlə münasibətlərdə etibarlı tərəfdaş imicini formalaşdırıb. Bütün qonşu dövlətlərimiz bizə etimad göstərir. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidentinin şəxsi keyfiyyətləri, nüfuzu, xarizması dövlətlərarası münasibətlərdə öz sözünü deyir.

 

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı İltizam Yusifov deyib.

 

O qeyd edib ki, regional və qlobal proseslərin vacib aktorlarından olan Rusiya mövcud geosiyasi təlatümlər fonunda Azərbaycanla əməkdaşlığa, müttəfiqliyə çox böyük diqqət göstərir. Ermənistandan fərqli olaraq biz Rusiya ilə münasibətləri geosiyasi avantüralar üzərində yox, praqmatik maraqlar və qarşılıqlı faydalılıq, normal qonşuluq münasibətləri üzərində qururuq. Bizim milli maraqlarımız bunu diktə edir. Bəzi Qərb dövlətlərinin yürütdüyü “soyuq müharibə” Azərbaycanı məcbur edir ki, öz milli maraqlarını qorumaq üçün region dövlətləri ilə əməkdaşlığı daha da gücləndirsin. Heç kəsə sirr deyil ki, Rusiyanın proseslərə təsir imkanını nəzərə almadan, onun imkanlarından yararlanmadan bölgədə qalıcı sülhə və iqtisadi tərəqqiyə nail olmaq mümkün deyil. Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə də, Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə də bildirdi ki, Azərbaycan Rusiya ilə əlaqələrin inkişafından çox razıdır. Həmçinin Rusiya Prezidenti Vladimir Putin də dövlətimizin başçısı ilə təkbətək görüşündə qeyd etdi ki, Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və inkişaf edir. Ticarət dövriyyəsi artır, iki ölkə arasında ticarət dövriyyəsi artıq 4 milyard dollara çatıb.

“Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dönəmdə Rusiya-Azərbaycan münasibətindəki anlaşılmazlıqlar aradan qaldırıldı və qarşılıqlı maraq doğuran əməkdaşlıq gücləndirildi. Məhz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyəyə çatdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ulu Öndər Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır. 2000-ci illərin əvvəllərində ölkələrimiz arasındakı dostluq və mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Putin və Ulu Öndər Heydər Əliyev qoyublar”, - deyə deputat vurğulayıb.

O bildirib ki, hazırda Azərbaycan-Rusiya əlaqələri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Ölkələrimiz “Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında fəal iştirak edir. Bu dəhlizin Azərbaycandan keçməsi onu bizim üçün daha da əhəmiyyətli edir. Azərbaycan həm iqtisadi nöqteyi-nəzərdən, həm də “Şimal-Cənub”, “Xəzər dialoqu” üzrə geostrateji layihələr, bütövlükdə regionda təhlükəsizlik məsələləri baxımından Rusiya üçün vacib ölkədir. Əvvəllər Moskva ilə Bakı arasında münasibətlərin inkişafına əngəl olan Qarabağ münaqişəsi öz həllini tapdığı üçün, həmçinin rus sülhməramlılarının missiyasi vaxtından öncə başa çatdığı üçün, bu gün əminliklə söyləmək olar ki, ölkələrimiz arasında əlaqələrin inkişafına əngəl olacaq ciddi maneələr yoxdur.

İltizam Yusifovun sözlərinə görə, ölkələrimiz arasındakı önəmli olan digər əsas məsələ, şübhəsiz ki, iqtisadi əməkdaşlıq münasibətləridir. Azərbaycan iqtisadiyyatına Rusiyanın investisiya payı hazırda 6 milyard dollar təşkil edir. İdxal olunan məhsulların içində əsas yerlərdən birini inşaat materialları tutur. Dövlətlərarası müsbət münasibətlər ticarət sahəsində də müsbət göstəricilərin yaranmasına gətirib çıxarır. Dünya mediasının geniş işıqlandırdığı Prezident İlham Əliyevin Rusiyaya səfərinin yüksək tərəfdaşlıq atmosferində keçməsi müəyyən dairələri qıcıqlandırsa da, bu kimi qısqanc yanaşmalar tarixi inkişaf dövrünü yaşayan Azərbaycan-Rusiya münasibətlərini pozmaq gücündə deyil.