Azərbaycan və Gürcüstan təkcə qonşu, dost deyil, həm də mühüm strateji tərəfdaşdır

“Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əməkdaşlıq xüsusi yer tutur. Bu baxımdan Gürcüstanla əlaqələrin yeni prioritetlər üzrə inkişafı diqqətdən kənarda qalmır. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu, dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Əlaqələrin inkişafında qarşılıqlı səfərlər, imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Oktyabrın 8-də Gürcüstana sayca 11-ci səfərini edən dövlət başçısı İlham Əliyev iki dost ölkə arasında münasibətlərin dünənini, bu gününü və gələcəyini bu fikirləri ilə ifadə etdi: “Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.”

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında həyata keçirilən səfər çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edildi. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü oldu. Bu səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıdı. Azərbaycan Prezidentinin və Gürcüstanın Baş nazirinin mətbuata birgə bəyanatlarında iki ölkənin münasibətlərinin dünəni fonunda bu günü, hazırkı dövrün reallıqlarına söykənərək gələcək hədəfləri diqqətə çatdırıldı.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu önə çəkərək bildirib ki, qarşılıqlı hörmətə və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində yüksələn xətlə inkişaf edib, siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb: “Bu əlaqələrin inkişafında möhkəm təməl əhəmiyətli rol oynayır. Cənab İlham Əliyev və İrakli Qaribaşvili Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolunu xüsusi qeyd etdilər. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimizin strateji tərəfdaşlığının təməlini qoyan sənəddir. Bu günədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. Bu sənədlər əlaqələrin inkişafında hüzuqi baza olaraq yeni istiqamətlər üzrə inkişafa öz müsbət təsirini göstərir.”

Millət vəkili Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında enerji amilini xüsusi önə çəkib: “Neft-qaz kəmərlərinin reallaşmasında, həmçinin nəqiyyat dəhlizlərinin çəkilməsində Azərbaycan-Türkiyə-Gürcüstan birliyi yüksək dəyərləndirilir. Regioal çərçivədə başlanan əməkdaşlığın coğrafiyası illər keçdikcə daha da genişlənir. Hər üç dövlətin birgə səyləri, siyasi iradəsi əsasında reallıqa çevrilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzirum qaz kəmərləri regional əməkdaşlığın inkişafında öz sözünü deyir. Tərəfdaş ölkələrin iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təminatında başlıca amil olan bu layihələrin reallaşması bütünlükdə Avropa ölkələri üçün önəmli hadisə kimi dəyərləndirilir. Prezident İlham Əliyev səfər çərçivəsində mətbuata bəyanatında bildirdi ki, bu gün Gürcüstanın və Azərbaycanın digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr təkcə Cənubi Qafqaz regionu deyil, Avrasiya üçün böyük məna daşıyır. Bizdə həm güclü siyasi iradə, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır. Bu məqam da xüsusi qeyd edildi ki, energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün iki dost ölkəni birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Bu istiqamətdə də Gürcüstan və Azərbaycan Avropa ölkələri ilə sıx əməkdaşlıq edir. Məlum olduğu kimi, ötən ilin dekabrında Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı.”

Malik Həsənov onu da bildirib ki, tarixi Zəfərimiz regionda və dünya siyasətində yeniliklərə yol açdı: “Yeni reallıqlar yeni əməkdaşlıq formatlarının yaradılmasını bir zərurətə çevirir. Azərbaycan və Gürcüstan hər zaman biri-birinin yanındadır. Gürcüstanın Baş naziri mətbuata bəyanatında Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimizin tam üst-üstə düşdüyünü önə çəkərək belə bir əminliyi ifadə etdi ki, bölgədə sülh davamlı olacaq və ölkələrimizin firavanlığına xidmət edəcək. İstəyirik bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Gələcəyimiz dinc, sabit olmalı və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir. Bu fikirlərin davamı olaraq dövlət başçısı İlham Əliyev vurğuladı ki, Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər.”

Millət vəkili belə bir ümumiləşdirməni aparıb ki,  gələcək planlar üzrə iki dost ölkə arasında əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcək.