"Azərbaycan və Slovakiya arasında dövlətlərarası münasibətlər uğurla inkişaf edir. Möhtərəm Cənab Prezident İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri, keçirilən yüksəksəviyyəli görüşlər Bakı və Bratislava əlaqələrinin yeni müstəviyə yüksəlməsi baxımından xüsusi əhəmiyyətə malikdir".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, səfər çərçivəsində dövlət rəhbərimizin mətbuata verdiyi bəyanat iqtisadi, siyasi və hərbi sahədə tərəfdaşlığımızın gələcək perspektivlərini aydınlaşdırmaq cəhətdən zəngin mənbədir:
"Möhtərəm Cənab Prezident İlham Əliyev qeyd etdi ki, "keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük. Bütün istiqamətlər üzrə bizim müştərək komandalarımız fəal işləyir. Birgə iqtisadi işçi qrup öz fəaliyyətini genişləndirir. Ənənəvi əməkdaşlıq sahəsi olan energetika üzrə konkret layihələr icra edilir. Keçən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya təchiz edilmişdir və Slovakiyanın ehtiyacları olan səviyyədə, istənilən həcmdə Azərbaycan enerji resurslarını təmin edə bilər. "
Bəlli olduğu kimi, ölkəmiz zəngin təbii ehtiyatlar və inkişaf etmiş enerji infrastrukturu ilə diqqət çəkir. Hal-hazırda Avropa məkanında Azərbaycan qazına tələbat artmaqdadır və Slovakiya ölkəmizdən mavi yanacaq ixrac etməklə özünün enerji təhlükəsizliyində ciddi işlərə imza atır. Təbii ki, tərəflər mövcud müsbət dinamikanı qoruyub saxlamaq və daha da inkişaf etdirməkdə qərarlıdır".
Deputat vurğuladı ki, digər vacib məqam isə Azərbaycan və Slovakiya arasında birgə hərbi saneye kompleksinin yaradılması ilə bağlıdır:
"Bu razılaşma Bakı və Bratislavanı daha dərin strateji tərəfdaşlığa sövq edən vacib faktordur. 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi Zəfərin 5 illiyi münasibətilə keçirilən təntənəli parad zamanı sərgilənən silahlar arasında yerli istehsal texnikaların olması bu istiqamətdə görülən işlərin məntiqi nəticəsidir. Onu da vurğulamaq lazımdır ki, Slovakiya hərbi ənənələri olan dövlətdir və onlarla texnoloji əməkdaşlıq hərbi sənayemizin imkanlarını genişləndirəcək.
Azərbaycan və Slovakiya münasibətləri ikitərəfli və çoxtərəfli çərçivədə regional istiqrara fayda vermək potensialına malikdir. Ölkə başçımız Cənab İlham Əliyevin səfəri də məhz irəliyə doğru atılmış mühüm hadisədir".