Azərbaycan və Türkiyə gənclərinin beynəlxalq Zəfər Düşərgəsi

Ötən il Vətən müharibəsindəki Zəfər həm də Azərbaycanla Türkiyə arasındakı qardaşlığı, birliyi bir daha bütün dünyaya nümayiş etdirdi. Bu savaş həm də Azərbaycanın dost və qardaş ölkələrlə münasibətlərini  yeni keyfiyyət mərhələsinə yüksəltdi. Azərbaycan və Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı və 200-dən çox gəncin iştirakı ilə iyulun 26-dan avqustun 1-dək Naxçıvan Muxtar Respublikasında keçirilən “Azərbaycan-Türkiyə gənclərinin beynəlxalq Zəfər Düşərgəsi”nin də məqsədi Vətən müharibəsindəki Qələbənin, iki qardaş dövlət arasındakı birliyin, ortaq mədəniyyətin gənclər arasında geniş şəkildə təbliğ olunması idi.

Bu məsələ ilə bağlı qəzetimizə açıqlama verən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı, Cəbi Quliyev bildirdi ki, Naxçıvanda keçirilən “Azərbaycan-Türkiyə gənclərinin beynəlxalq Zəfər Düşərgəsi” iki ölkənin gənclərinin Azərbaycan-Türkiyə qardaşlığına və Vətən müharibəsindəki qələbəyə həsr olunan ilk layihə oldu: “İstər tarixi qələbə ilə bitən 44 günlük Vətən müharibəsindən əvvəl, istər döyüşlərin getdiyi vaxt, istərsə də sonrakı mərhələdə qardaş Türkiyə dövləti və xalqı Azərbaycanın haqq səsinə səs verib. Bu günlərdə keçirilən və uğurla başa çatan Zəfər düşərgəsi də qazanılan qələbəyə həsr olunmuşdu və hər iki ölkənin gənclərinin birliyinin, bərabərliyinin bir daha əyani nümayişi idi”.

Cəbi Quliyevin sözlərin görə, iyulun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Zəfər düşərgəsində iştirak etmək üçün muxtar respublikada səfərdə olan Türkiyə Gənclik Vəqfinin nümayəndə heyəti ilə görüşüb: “Ali Məclisin Sədri Vasif Talıbov ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinə və Naxçıvanın türk dünyası üçün əhəmiyyətinə diqqəti çəkib, “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin muxtar respublikada təşkilinə görə təşəkkürünü bildirib. Azərbaycanda və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında gənclərlə işin prioritet sahələrdən biri olduğunu vurğulayan Ali Məclisin Sədri bu istiqamətdə görülən işlərdən bəhs edib. Qeyd edib ki, Naxçıvanda gənclərin təhsilli və sağlam böyüməsi diqqətdə saxlanılır, onlar dövlət quruculuğu işində fəal iştirak edirlər.

Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu Zirvə görüşünün və Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirildiyini xatırladan Ali Məclisin Sədri “Azərbaycan-Türkiyə gənclərinin beynəlxalq Zəfər Düşərgəsi”nin də gənclər arasında qarşılıqlı əlaqələrin qurulması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb”.

Elə həmin gün  “Azərbaycan-Türkiyə gənclərinin beynəlxalq Zəfər Düşərgəsi”nə start verilib. Gənclər əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyini ziyarət edib, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsinin önünə gül dəstələri qoyublar.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey kompleksləri ilə tanışlıqdan sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Azərbaycan-Türkiyə gənclərinin beynəlxalq Zəfər Düşərgəsi”nin açılış mərasimi olub. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Türkiyə Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Zəfər düşərgəsinin önəmindən danışıblar. Bu barədə danışan Cəbi Quliyev dedi: “Çıxışlarda qeyd olundu ki, Türkiyə Gənclik Vəqfinin nümayəndələrinin budəfəki səfərinin hər iki qardaş ölkəni daha da yaxınlaşdıran, geostrateji məkan sayılan Naxçıvan Muxtar Respublikasına olması, burada Zəfər düşərgəsinin təşkili çox önəmlidir. Diqqətə çatdırıldı ki, bu düşərgənin türk dünyasının qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda təşkili heç də təsadüfi deyil. Çünki məhz muxtar respublika iki qardaş ölkəni, Azərbaycan və Türkiyəni ən yaxın, 11 kilometrlik bir məsafə ilə birləşdirir. Həm də bu yurd ulu türk sivilizasiyasının beşiyidir. Qədim diyarda təşkil olunan beynəlxalq Zəfər düşərgəsi çərçivəsində hər iki ölkənin gəncləri bir-biri ilə daha da sıx münasibət yaradacaq, tariximizi, mədəniyyətimizi, milli-mənəvi dəyərlərimizi daha dərindən öyrənəcəklər”.

Zəfər düşərgəsinin ilk günü rəngarəng konsert proqramı ilə başa çatıb. Düşərgənin  ikinci günü qonaqlar Duzdağ Fizioterapiya Mərkəzi ilə tanış olublar. Daha sonra “Duzdağ” hoteldə düşərgə iştirakçılarının İkinci Qarabağ müharibəsinin qaziləri ilə görüşü keçirilib. Cəbi Quliyevin sözlərinə görə, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qazilərimizlə görüşün məqsədi gənclərimizə örnək olan qəhrəman müharibə iştirakçılarımızın timsalında gəncliyə əsl vətənpərvərlik ideologiyasını aşılamaq idi.

Cəbi Quliyev dedi ki, sonrakı günlərdə proqram çərçivəsində maraqlı tədbirlər keçirilib: “Gənclər Şahbuz rayonunun ərazisində yerləşən Batabat yaylağında olublar. Zəfər düşərgəsinin iştirakçıları Ordubad şəhərinə də səfər edərək Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeyləri ilə tanış olublar. Daha sonra “Duzdağ” hoteldə düşərgə iştirakçılarına Azərbaycan tarixi və mədəniyyətinə dair təlim keçirilib. “Saat Meydanı” turistik istirahət mərkəzində də Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş yubiley və “Yunus Əmrə-700”  tədbirləri təşkil olunub. Düşərgə iştirakçıları “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini də ziyarət ediblər. Gənclər Türkiyə tarixi və mədəniyyətinə dair təlimdən də yüksək təəssüratla ayrılıblar.

Zəfər düşərgəsinin son günündə iştirakçılar xalqımızın mərdlik, yenilməzlik, mübarizlik rəmzi olan Əlincə qalasını ziyarət ediblər. Həmin gün gənclərin üz tutduğu digər ziyarətgah isə Şəhidlər xiyabanı olub. Günün ikinci yarısında isə onlar Naxçıvan Dövlət Universiteti ilə tanış olublar.

“Azərbaycan-Türkiyə gənclərinin beynəlxalq Zəfər Düşərgəsi” “Duzdağ” hoteldə keçirilən bağlanış mərasimi ilə yekunlaşdı. Düşərgə iştirakçıları Azərbaycan və Türkiyə respublikalarının dövlət himnlərini oxuyub, sonra düşərgə ilə bağlı təəssüratlarını bölüşüblər”.

Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmləndirilməsi və ölkə gəncləri arasında sıx əməkdaşlığın yaranması məqsədilə təşkil olunmuş belə tədbirlər hər bir gənc üçün qürurvericidir. Bu barədə danışan Cəbi Quliyevin sözlərinə görə, Zəfər düşərgəsi Azərbaycan və Türkiyə gəncləri arasında sarsılmaz qardaşlığı daha da möhkəmləndirəcək, iki qardaş ölkənin gənclərinin yaxınlaşmasına, gələcək fəaliyyət perspektivlərini müəyyənləşdirmələrinə yeni imkan yaradacaq. Gələcəkdə belə layihələrin davamlı xarakter alması iki ölkənin ümumi inkişafına böyük töhfə verəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”