Avqustun 22-də Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərinə işgüzar səfər edib. Səfər Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdimuhəmedovun dəvəti ilə həyata keçirilib. Mövzu ilə bağlı BiG.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan və Türkmənistan dünyada artmaqda olan qarşıdurmalar və dərinləşən ziddiyyətlər fonunda münasibətlərini möhkəmlədən və əlaqələri xalqlarının rifah naminə gücləndirən azsaylı beynəlxalq subyektlərdəndir. Bunun da çox sadə səbəbi var. Türkmənistana səfəri çərçivəsində möhtərəm Prezidentin də ifadə etdiyi kimi, "Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. . O qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının səylərinin birləşdirilməsi və məhz Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Türk dünyası tarixində qlobal oyunçu kimi davrana bilmək təcrübəsi ortaya qoydu: "Məlumdur ki, ölkələrimiz arasında Dostluq yatağının birgə istismarı barədə müdrikcəsinə qərarın verilməsinin Azərbaycan və Türkmənistan arasında münasibətlərin inkişafına xüsusi rəvac olmuşdu. Nəticə etibarı ilə cənab İlham Əliyevin də ifadə etdiyi kimi, əminliklə deyə bilərik ki, "Türkmənistanla mövqelərimiz üst-üstə düşür". Belə bir situasiyada Prezident İlham Əliyevin il ərzində artıq ikinci Türkmənistana işgüzar səfəri və bu çərçivədə Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yüksək səviyyəli görüş yeni geosiyasi konfiqurasiyada Türk dünyasının artan rolu və güclənən təsir imkanları prizmasından tamamilə yeni tarixi mərhələ hesab olunmalıdır. Məlumdur ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində böyük Zəfərinin ardınca Cənubi Qafqazda yeni reallığın formalaşması, cənab İlham Əliyevin qətiyyəti ilə bölgədə sülh təşəbbüslərinin Vaşinqton görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması ilə nəticələnməsi Cənubi Qafqaza dayanıqlı sülh vəd etməklə yanaşı, bütövlükdə region üçün yeni əməkdaşlıq müstəvisi vəd edir. Bu format, eyni zamanda Orta Asiya dövlətləri üçün Qərb və dünya bazarına etibarlı çıxış vəd etməklə bu coğrafiyanın subyektlərinin qlobal siyasətdə çəkisinə önəmli təsir edir. Sirr deyil ki, geniş ərazi, zəngin təbii sərvətlər və əhəmiyyətli insan ehtiyatı Türk dünyası üçün həmişə perspektiv vəd edib, lakin güc və imkanların birləşdirilməsi və əməkdaşlıq mühitinin dərinləşməsi istiqamətində qlobal platformalarda vahid mövqedən çıxış etmək heç də qardaş dövlətlər tərəfindən həmişə təmin edilə bilməyib. Pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının səylərinin birləşdirilməsi və məhz Türk Dövlətləri Təşkilatının təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması Türk dünyası tarixində qlobal oyunçu kimi davrana bilmək təcrübəsi ortaya qoydu. Azərbaycanın böyük Zəfəri ilə regionda qeyri-sağlam maraqlar güdən kənar güclərin zərərsizləşdirilməsi, yaxud neytrallaşdırılması bu vaxta qədər kommunikasiya dəhlizləri və qlobal bazara çıxış yolları ilə təhdid edilən Orta Asiya dövlətləri üçün də yeni imkan açdı və beləliklə əvvəllər yalnız mənəvi və siyasi bağlar əsasında qurulan münasibətlərimiz həm də qarşılıqlı iqtisadi maraqlarla tarixin heç bir dövründə olmadığı qədər çevik və mütəşəkkil davranış imkanı qazandı. Sevindirici haldır ki, yaranan yeni reallıq fonunda Türk dünyasının konsolidasiya olunmuş mövqedən çıxış etməsi yalnız bəyanatlarda yox, həm də praktik addımlarda özünü göstərir və bu mənada, Azərbaycan, Özbəkistan və Türkmənistan arasında yüksək səviyyəli görüş əməkdaşlığımızın sürətlə dəyişən reallıqlara uyğunlaşdırılması baxımından vacib idi. Möhtərəm Prezident Türkəmistanda olarkən Arxadağla Füzuli şəhərlərinin qardaşlaşması, eyni zamanda Qurbanqulu Berdıməhəmmədovun Azərbaycanda səfəri zamanı Qarabağ bölgəsinə səfər, Füzulidə məscid inşasına dair razılıq, çoxşaxəli müzakirələr deməyə əsas verir ki, dövlət başçımızın da çıxışında dediyi kimi, "Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəliyə gedəcək, bütün məsələləri dostluq, qardaşlıq şəraitində həll edəcək və nəinki ikitərəfli, çoxtərəfli əməkdaşlıq imkanlarını da genişləndirəcək".