Azərbaycan-Yaponiya münasibətləri inkişaf edir

Fevralın 17-də Azərbaycan və Yaponiyanın ali qanunvericilik orqanlarında fəaliyyət göstərən parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının onlayn görüşü keçirilib.
Görüşdə Milli Məclisin deputatı, Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əminə Ağazadə həmkarı Akira Amarini salamlayaraq, son parlament seçkilərində onun mənsub olduğu Liberal Demokrat Partiyasının qalib gəlməsi münasibəti ilə təbriklərini çatdırıb. Deputat Azərbaycan və Yaponiya arasındakı münasibətlərdən danışaraq, ölkələrimiz arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığın mövcud olduğunu deyib.
Onlayn görüşdə Əminə Ağazadə həmkarına Azərbaycanın Vətən müharibəsində qələbəsindən, erməni işğalından azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri və xarici ölkələrin, o cümlədən yapon investorlarının bu prosesdə iştirakı imkanları barədə danışıb. O, Yaponiya şirkətlərinin fəaliyyətini yüksək qiymətləndirib.
Yaponiya-Azərbaycan parlamentlərarası işçi qrupunun rəhbəri Akira Amari bildirib ki, bu il Yaponiya ilə müstəqil Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Dostluq qrupunun rəhbəri vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı rəsmi səfərlər ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi təkan verib.
Görüşdə bildirilib ki, Azərbaycan və Yaponiya arasında bir çox sahələri əhatə edən münasibətlər parlamentlər səviyyəsində də uğurla inkişaf edir. Ölkələrimiz arasında imzalanmış çoxsaylı sənədlər əməkdaşlığımızın hüquqi bazasını formalaşdırib. Qeyd edilib ki, ikitərəfli əlaqələrin, xüsusilə Azərbaycan və Yaponiya parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.
Söhbət zamanı Azərbaycan və Yaponiya arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi