Azərbaycan yaxın gələcəkdə “yaşıl enerji” məkanı olacaq

Hazırda bərpaolunan enerji mənbələrindən istifadə üçün ölkədə ciddi işlər görülür. 2030-cu ilədək ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin qoyuluş gücünün 30 faizə çatırılması hədəflənib. İşğaldan azad edilmiş ərazilərdə də "yaşıl enerji" zonasının yaradılması ilə bağlı Yaponiya şirkəti ilə müqavilə imzalanıb.

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, son illərdə enerjiyə olan tələbatın kəskin şəkildə artması alternativ enerji mənbələrindən istifadəni aktual edib. Ənənəvi enerji ilə müqayisədə bərpaolunan enerji mənbələrinin tükənməzliyi bu sahənin inkişafına diqqəti daha da artırır. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin icrası və monitorinqi şöbəsinin müdir müavini Cəbrayıl Əliyevin sözlərinə görə, ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqlim şəraiti bu potensialdan kifayət qədər istifadə etməyə imkan yaradır. 

"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də "Yaşıl enerji"nin inkişafı növbəti onillikdə 5 əsas milli prioritetdən biri kimi müəyyən edilib. 2030-cu ilədək ölkənin ümumi enerji balansında bərpaolunan enerjinin qoyuluş gücünün 30 faizə çatırılması hədəflənib.  

İşğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının yaradılması ilə bağlı tapşırığa əsasən Energetika nazirliyi ilə Yaponiya şirkəti arasında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən Qarabağda "Yaşıl enerji" zonasının yaradılması ilə bağlı konseopsiya və baş planın hazırlanması nəzərdə tutulur. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun layihəsi də 3-cü oxunuş üçün Milli Məclisin növbəti iclasına çıxarılacaq. Bu qanunun qəbulundan sonra ölkədə "Yaşıl enerji" texnologiyalarına, bərpaolunan enerji mənbələrindən istifadəyə maraq daha da artacaq.