“AZƏRBAYCAN YAZIÇI QADINLAR  CƏMİYYƏTİ”NİN BƏYANATI

FRANSA RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI SƏFİRLİYİNƏ“AZƏRBAYCAN YAZIÇI QADINLAR  CƏMİYYƏTİ”NİN BƏYANATI

Fransanın Evian-le-Ben şəhərindəki X.B.Natəvanın heykəlinə qarşı vandal hərəkətlər, yaranan gərgin münasibətlər “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyin üzvü olan yazıçı və şairləri ciddi narahat edir.

Fransa və Azərbaycan dövlətləri böyük mədəniyyət, böyük tarix, böyük ədəbiyyat  ölkələridir və hər ikisi tolerantlıq nümunəsidir.

Fransanın  Evian-le-Ben şəhərində yerləşən “Azərbaycan parkı”ndakı Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm hərakətləri, səngiməyən müzakirələr bizi çox narahat edir. Böyük şairin heykəlini qırmızı boyaya bulaşdırıb, onun üzərinə sellofan çəkilib. Azərbaycan mədəniyyəti və ədəbiyyatına qarşı ədalətsiz münasibət, erməni lobbisinin ağılasığmaz fəaliyyəti artıq absurd səviyyəsinə çatmışdır.

30 il öncə Qarabağın ermənilər tərəfindən işğalı zamanı böyük şair Xurşidbanu Natəvanın qəbri ermənilər tərəfindən amansızcasına dağıdılmışdır.  Bu erməni vandalizminin növbəti təzahürü idi. Fransanın Evian-le-Ben şəhərində 2017-ci ildə açılmış “Azərbaycan parkı”nın yaradılması haqqında bütün löhvələr şəhərin meri  Jozian Leyin məlumatına görə götürülmüşdür. İndi isə böyük Natəvanın heykəlinin dağıdılması haqqında qərar gözlənilir.
Bu bir daha onu sübut edir ki, Fransadakı erməni diasporasının Azərbaycan mədəniyyəninə, ədəbiyyatına qarşı   vandalizmi və nifrəti sonsuzdur, sərhədsizdir. Tanınmış fransız jurnalisti Jan-Mişel Bryun təəssüf hissi ilə qeyd edir: “Bədbəxtçilikdir! Biz bu nöqtəyə necə çatdıq? Volter və Zolya, xüsusi ilə Aleksandr Düma X.B.Natəvanın istedadından, onun intellektual səviyyəsindən  heyrətə gəlirdilər”. Bildiyiniz kimi, Xurşidbanu Natəvan öz lirik şeirləri ilə dünyada məhşur olan Azərbaycan şairidir. O, ictimai xadim və mədəniyyət elçisi olmuşdur. Onun dünya mədəniyyət irsinə verdiyi töhvələr əvəzsizdir. X.B.Natəvanın “Çiçək dəftəri” adlı illüstrasiyalı seirlər albomu 2023-cü ildə YUNESKOnun “Dunya yaddaşı” reyestrinə daxil edilmişdir. Erməni separatçılarını dəstəklənməsi nəticəsində Evian-le-Ben şəhərində Xan qızı Natəvanın  abidəsinin uçurulması təhlükəsi var, Natəvanın heykəlinin  ağ mələfəyə bürüyüblər.  Nadanlığın və mədəniyyətsizliyin sonu yoxdur!     Erməni separatçılarının bu vandal hərəkətləri təkcə Azərbaycan deyil, ümumdünya mədəni irsinə qarşı törədilən cinayətdir!

X.B.Natəvan qadın azadlığı uğrunda yorulmadan mübarizə aparmışdır və dünya qadınlarının azadlıq simvoluna çevrilmişdir.

Azərbaycanlıların sevimlisi olan tanınmış fransız yazıçısı Aleksandr Düma “Qafqaza səyahət” əsərində Natəvanla görüşünü gözəl təsvir edib. Xan qızının mədəniyyətinə və dünyagörüşünə heyran olan Düma Natəvanın onun əsərlərini orijinalın (fransız) dilində oxuduğunu biləndən sonra, çox təəccüblənmişdir. Onların arasında səmimi dostluq münasibətləri yaranmışdır.

A.Düma X.B.Natəvanla bir neçə dəfə şahmat  oynamış və Natəvan onu udmuşdur. O zaman Natəvanın 26, Dümanın isə 56 yaşı var idi. A.Düma onu heyran edən Natəvana özü ilə Parisdən gətirdiyi Napoleonun  büstünü və  fil sümüyündən düzəldilmiş orijinal şahmatlar hədiyyə etmişdir.
Aleksandr Düma “Qafqaza səyahət” əsərində Azərbaycana bir neçə fəsil həsr etmişdir. O, azərbaycanlıların müsbət xarakterini açıqlamışdır. Ermənilərdən isə o qədər də müsbət fikir söyləməmişdir.

Əfsuslar olsun ki, Parisin meri də məsələni dərindən təhlil etmək əvəzinə erməni  ekstremistlərini  və şovinistlərini dəstəkləyir.

Alfons Dodenin, Jül Vernin və  Aleksandr Dümanın, Şarl Perronun, Antuan de Sent-Ekzüperinin, Jan de Lafontenin və b. əsərlərinin qəhrəmanları Azərbaycan oxucularının idealı olub, onlar tərəfindən çox sevilib. V.Hüqonun, O.Balzakın, Stendalın, M.Emenin, Gi De Mopassanın, E.Zolyanın, F.Mari Aruenin, P.Merimenin, Q.Floberin, Molyerin, F.Rablenin, Bomarşenin, B.Prustun, A.Sent-Ekzüperinin, A.Moruanın, M.Drüonun, Ş.Perronun və b. əsərləri dövlət və şəxsi kitabxanalarda məhəbbətlə qorunub saxlanılır. Bu varidatdan imtina etmək mümkün deyil! Bunu Fransanın siyasətçiləri bilməlidir! Bu həqiqət danılmazdır – Mədəniyyət və Ədəbiyyat əbədidir!

Azərbaycan kitabxanalarında əsrlər boyu fransız ədiblərinin əsərləri qorunub saxlanılıb, fransız dilində olan nəşlər təbliq edilərək, geniş istifadıçi kütləsinə təqdim edilir.

Bu gün Azərbaycan Respublikasının bütün kitabxanalarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli və  “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında”  2007-ci il 24 avqust tarixli sərəncamları ilə nəşr olunmuş  və bütün kitabxanalara hədiyyə olunmuş 230 min nüsxədən çox fransız yazıçı və şairlərin  əsərləri həssaslıq və sevgi ilə qorunur, oxucuların istifadəsinə verilir və təbliq edilir. Onların arasında Aleksandr Dümanın, Qustav Floberin, Gi De Mopassanın, Prosper Merimenin, Moris Meterlinkin, Emil Zolyanın, Fransua Moriakın, Andre Moruanın, Stendalın, Marsel Prustun, Fransua Rablenin, Romen Rollanın, Antuan de Sent-Ekzüperinin əsərləri, habelə “Fransız ədəbiyyatı antologiyası” (l, II, III cildlər) vardır. 

Azərbaycanda yaradılmış “Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana” vasitəsi ilə oxuculara  “Fransız ədəbiyyatı antologiyası” (XVII–XX əsrlər)  təqdim olunur. Burada tanınmış Fransa yazıçılarının dəyərli əsərləri Azərbaycan dilində oxuculara çatdırılır (Ann Filip, Emil Zolya, Jan Pol Sartr, Aleksandr Düma, Viktor Hüqo, Gi De Mopassan, Alber Kamü, Marsel Anri Eme və b.). 
Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Jan-Mari Qustav Le Klezionun “Səhra” romanı Azərbaycan ziyalılarının və kitabsevərlərin masaüstü kitabına çevrilmişdir.

Azərbaycanda  fransız şair və yazıçılarının yubileyləri, kitab təqdimatları, inşa müsabiqələri keçirilir. Elm və zəka tərənnümçüsü Jül Vernin 190 illiyinə həsr olunmuş inşa müsabiqəsinin iştirakçısı olan gənc məktəbli qız inşasını bu sözlərlə bitirir: “Dünyada heç bir yazıçı, yeniyetmə və gənclik yaşlarında olan insana, fransız yazıçısı Jül Vern qədər əziz ola bilməz”.
Fransanın ilk qadın yazıçısı Jorj Sandi (Amandina Avrora Lüsil Düpen) Azərbaycan qadınlarını  çox sevirdi, Azərbaycan qadınları onun idealı idi. 

 Fransanın tanınmış yazıçısı Jan-Lui Quro 2 cildli  “Azərbaycan qadınları” kitabında yazıb: “Azərbaycan qadınları doğurdan da fəaldılar, onların müxtəlif sahələrdə aktiv şəkildə təmsil olunması təqdirəlayiq haldır... Azərbaycan qadınları cəmiyyətin həyatında mühüm rol oynayır”.
Azərbaycanlı “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılov “Fransanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. O, fransız xalqının faşizmdən azad olunmasında qəhrəmanlıqlar göstərmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında Fransada kifayət qədər məlumatlar vardır və onun haqqında olduqca müsbət fikirlər səsləndirilir. Mehriban xanım Azərbaycan mədəniyyətinin təbliği, habelə hər iki mədəniyyətin yaxınlaşdırılması istiqamətində həm Azərbaycanda, həm Fransada çox böyük işlər görmüşdür.

Fransa tarix boyu onun ərazisində olan bütün mədəniyyətləri yüksək qiymətləndirən dövlət kimi  tanınıb, lakin Azərbaycana qarşı bu cür münasibət ədalət və mədəni müxtəlifliyə hörmət prinsiplərinə  ziddir. Bu cür münasibət isə iki xalq arasında münasibətlərin sərinləşməsinə, hətta pozulmasına, gərginliyin yaranmasına səbəb ola bilər. Biz ümid edirik ki, iki ölkə arasında dostluq münasibətləri daim möhkəm olacaq, erməni separatizmi  və ekstremizmi ona xələl gətirə bilməyəcək, ədalət və mədəni müxtəliflik prinsiplərinə hörmət bərqərar olacaq, ikitərəfli əlaqələrimiz   daha da genişlənəcək.

Mədəni simvolların qorunub saxlanması iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək,  iki xalq arasında səmimiliyi bərqərar edəcək. Ümid edirik ki, Fransanın hakimiyyət strukturları, ölkə ictimaiyyəti, mədəni icmalar bu qərarlara yenidən baxacaqlar.  

Mədəniyyət dil və sərhəd bilməyən bəşəri sərvətdir!  Mədəniyyət bütün maneələri aradan qaldırmağa ölkələrə kömək edir. Fransa isə tarix boyu müxtəlif mədəniyyətləri qoruyaraq, onları fəxarət hissi ilə dünyaya təqdim edir.

Umid edirik ki, xan qızı X.B.Natəvanın heykəlinə qarşı edilən bu vandalizm hərəkətlərinə təzliklə son qoyulacaq və mədəniyyət abidəsinə qarşı tarixi ədalət bərpa ediləcək!

“Azərbaycan Yazıçı Qadınlar  Cəmiyyəti”
 İctimai Birliyin sədri, yazıçı, 
publisist  Nüşabə Məmmədli