Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir

“Bu gün Azərbaycanın uğurlu  daxili siyasətinin fonunda beynəlxalq münasibətlər sistemində artan rolu, möhkəmlənən mövqeyi, etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanması, ən əsası qalib ölkə olaraq yaratdığı yeni reallıqlar hər birimizdə böyük qürur hissi yaradır. Təbii ki, bu uğurlar böyük səylərin, qətiyyətin, düzgün qurulan siyasətin nəticəsidir. 1993-cü ilin iyunundan başlanan inkişaf yolu Azərbaycanı daim zirvələrə aparır. Bu yol Heydər Əliyev yoludur. Bu reallıq daim önə çəkilir ki, dövlət qurmaq, müstəqil yaşamaq bəşər tarixində heç də bütün xalqlara nəsib olmur. Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Ulu Öndər Heydər Əliyevin siyasətidir. Dövlətçilik salnaməsinə şanlı səhifələr Onun siyasi xətti, rəhbərliyi ilə yazılıb. Azərbaycanın müstəqillik tarixinin ayrı-ayrı mərhələlərini müqayisə etdikdə ölkələrin inkişafında, xalqın gələcəyə daha böyük inamla addımlamasında lider amilinin rolu daha aydın görünür. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları ölkəyə rəhbərlik edən ünsürlərin şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmalarının hansı problemlərə, təhlükələrə gətirib çıxardığını nümayiş etdirir. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalq ayağa qalxdı, üzünü Azərbaycanı xilas edəcək Liderə- Ulu Öndər Heydər Əliyevə tutdu. Liderlər öz xalqlarını olduğu yerdən istədikləri yerə yüksəltməyi bacaran qüdrətli tarixi simalardır. Onlar artıq mövcud olan yolla getmir, yeni yollar salaraq tarix yaradır və bu tarixdə silinməz izlər qoyurlar. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, ölkəmizin müasir tarixinin qısa bir kəsiyində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə öz müstəqil dövlətini qurdu və Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycanımızın firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir: “Ümummilli Lider Azərbaycanı daim zirvələrdə görmək istəyirdi. Bu, Onun Vətəninə, xalqına, torpağına bağlılığından irəli gəlirdi. Dahi şəxsiyyət bildirmişdir ki, mənim üçün hər şeydən əziz Vətənimdir, xalqımdır. Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin xaosundan, anarxiyasından, özbaşınalıqlarından, iqtisadi böhranından, torpaqlarımızın işğalından xilas edən Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir. Ümummilli Lider bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır.”

Malik Həsənov vurğulayıb ki, cənab İlham Əliyev Ümummilli Liderin yaratdığı  möhkəm təmələ əsaslanaraq dövlətimizi strateji hədəflərə doğru uğurla aparır: “Onun müəyyənləşdirdiyi yol xəritəsi güclü iqtisadi potensialın formalaşdırılmasını, müasir cəmiyyət quruculuğunu, qarşıya qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətində olan Silahlı Qüvvələrin yaradılmasını, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini və bütün bunların son hədəfi kimi Azərbaycanın müstəqil siyasətini, ərazi bütövlüyünün və suverenliyinin bərpasını nəzərdə tutmuşdur. Son 20 il çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan dövr kimi yazıldı. Bu illər Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi dövrü kimi xarakterizə olunur. 2020-ci ildə Azərbaycanı tarixi Zəfərinə qovuşduran, dünyaya qalib ölkə kimi təqdim edən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün keçirdiyi xoşbəxtlik, qürur hisslərini işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin yüksək səviyyədə aparılmasında, soydaşlarımızın qısa müddətdə qayıdış ünvanlarının sayının artmasında təsdiqləyir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısının şanlı Zəfərimizdən sonra da tarixi ədalətə və beynəlxalq hüquqa söykənən addımları və uğurlu nəticələr davamlılığı ilə diqqətdədir.”

Millət vəkili qeyd edib ki, bu ilin 23 aprel tarixində Laçın buraxılış-keçid məntəqəsinin yaradılması, sentyabrın 19-da lokal antiterror tədbirlərinin həyata keçirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltması, Zəfərimizin üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradda iştirakı tariximizin qürur səhifələrini daha da zənginləşdirdi. Prezident İlham Əliyev 20 ildə verdiyi vədlərin, qarşıya qoyduğu bütün vəzifələrin uğurla yerinə yetirildiyini bildirdi. Bütün bunlar Heydər Əliyev siyasətinin Azərbaycana qazandırdığı uğurların təqdimatıdır.”

Malik Həsənov bu uğurlarımızın fonunda dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkilərindən də bəhs edib: “Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bu seçkiləri Zəfər seçkiləri də adlandırmaq olar. Müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisini əhatə edəcək. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Bu reallıqlar yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurətə çevirib ki, bu da öz növbəsində növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirir. Prezident İlham Əliyevin bu addımı özünə inamının və xalqın dəstəyinə əminliyinin təsdiqidir. Xalqımız bu seçkilərdə Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək, qalib Azərbaycanın bundan sonra da möhtəşəm uğurlarının davamına səs verəcək. Heydər Əliyev siyasətinə dəstək Azərbaycanın uğurlu gələcəyinə dəstəkdir.”