Azərbaycanın şanlı 15 İyun tarixi

15 İyun Azərbaycanın Milli Dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Məhz bu gün Azərbaycan bir dövlət kimi xəritədən silinmək təhlükəsindən qurtuldu, məhz bu gün Azərbaycanın müstəqilliyi ilə bağlı yaranan suallara aydınlıq gətirildi. Uzaqgörən siyasətçi, ümumilli lider Heydər Əliyev Azərbaycana yeni nəfəs verdi. Azərbaycan dövlətçiliyini qorudu və möhkəmləndirdi.

Aradan keçən müddət ərzində ilki dəfədir ki, Azərbaycan xalqı tarixinin ən şərəfli və şöhrətli günlərini yaşayır. Hər birimiz Vətən müharibəsindəki möhtəşəm qələbənin təsiri altındayıq. Çünki cənab Prezident İlham Əliyevin müdrik siyasətinin və qətiyyətinin nəticəsi olan bu Qələbə dövlətimizin həyatında tamamilə yeni mərhələnin başlanğıcı oldu. İndi bütün dünya Azərbaycanı Cənubi Qafqazın yalnız lider deyil, həm də qalib dövləti kimi tanıyır.

Vətən müharibəsi Qələbəsinin fonunda dövlət və milli bayramlarımız da daha möhtəşəm görünür. Bu baxımdan 28-ci ili tamam olan Milli Qurtuluş Gününü də tamamilə fərqli ab-havada, qalib dövlətin vətəndaşları olaraq qarşılayırıq.

Dahi siyasətçi Heydər Əliyev 1993-cü il iyun ayında Bakıya gəlişinin əsas qayəsini, mənasını ilk növbədə xalqın ən böyük sərvəti saydığı müstəqilliyin qorunub saxlanmasında, ölkəni başına götürmüş böhranın aradan qaldırılmasında görürdü. 1993-cü il iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə respublikamızın müstəqillik tarixində tamamilə yeni mərhələnin təməli qoyuldu. Hakimiyyət sükanı arxasına keçməklə Heydər Əliyev müstəqilliyimizin başını almış bütün təhlükələri dəf etdi. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi və ölkəyə rəhbərliyə başlaması ilə Azərbaycanın tarixində yeni dövrün—qurtuluş və inkişaf mərhələsinin başlanğıcı qoyuldu. Heydər Əliyev müstəqil dövlətçiliyimizin təməllərini yaratdı və öz tarixi xilaskarlıq missiyasının nəticəsində müasir Azərbaycan dövlətinin banisi oldu.

Bu gün Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində Heydər Əliyev siyasəti daim inkişaf edir. 1993-cü ilin 15 iyundan başlayan bu yol Azərbaycanı yalnız və yalnız qələbələrə aparır.

AYŞƏN FƏXRƏDDİNQIZI

Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədr müavini