"Məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub"

Rəsmi Bakı ABŞ Dövlət Departamentinin aprelin 16-da Azərbaycanla əlaqədar açıqlamasına münasibət bildirib. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevbildirib ki, ABŞ Dövlət Departamentinin bu açıqlaması yalnız təəccüb doğurur. "Azərbaycanda qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub. Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Azərbaycan Respublikası tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərinə tam şəkildə əməl edilir. Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib. Qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. ABŞ Dövlət Departamentinin qanunun aliliyindən kənar bu açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır. Beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə çağırış edən ABŞ ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri, BMT nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb etməlidir. İşğal və təcavüz siyasətinin davamı kimi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yenə də təxribatçı hərbi təlimlər keçirilir və ABŞ tərəfindən heç bir münasibət bildirilmir”.

XİN sözçüsü onu da bildirib ki, İnsan hüquqlarının müdafiəsi altında fərdi cinayət hallarına belə maraq göstərən ABŞ-ın Ermənistanın təcavüz və işğalı nəticəsində fundamental hüquq və azadlıqlarından məhrum olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin də hüquqlarının bərpasına lazımı diqqət ayırması daha təqdirəlayiq olardı.

Qeyd edək ki, Dövlət Departamentinin Rəsul Cəfərova verilən hökmlə bağlı yaydığı bəyanatda bildirilirdi ki, bu, Azərbaycanda demokratik inkişafın geriləməsidir.