Bakıda VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək

Mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Mstislav Rostropoviç festivalı keçiriləcək. Festivalınaçılış mərasimi mayın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı ilə başlanacaq. Bədii rəhbər və baş dirijor Xalq Artisti Rauf Abdullayevdir. Tamaşaçılara alman bəstəkarı Karl Orfun "Karmina Burana” səhnə kantatası təqdim olunacaq.

Mayın 19-da filarmoniyada təqdim olunacaq "Təkcə caz deyil” adlı konsert proqramı çərçivəsində saksofonçu, Rusiyanın xalq artisti, İqor Butman və onun kvarteti, Arseni Çubaçin, "ARS Chamber orchestra” kollektivi çıxış edəcəklər.

Festival çərçivəsində mayın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi tərəfindən Rudjero Leonkovallonun "Payatsı” operası oynanılacaq. Tamaşanın quruluşçu rejissoru İvan Popovski, quruluşçu dirijoru Canluka Marçiano, dirijoru Aleksandr Solovyovdur.

Filarmoniyada mayın 22-də təqdim olunacaq "Rusiyanın parlayan ulduzları” adlı konsert proqramına beynəlxalq müsabiqə laureatları Robert Brem (skripka), Mixail Qayduk (truba), Timur Kolodyajnı (violonçel), Mixail Çumakovun (skripka), habelə Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzi kollektivinın çıxışları daxildir.

Mayın 23-də musiqisevərlə Heydər Əliyev Sarayında İtaliyanın Luici Kerubini orkestrinin ifasını dinləyə biləcəklər. Orkestrin bədii rəhbəri və baş dirijoru Rikkardo Mutidir. Festivalın bağlanış mərasimi də bu orkestrin çıxış ilə mayın 24-də Heydər Əliyev Sarayında olacaq.