Nazir BMT Baş katibinin müavini ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mədəniyyə və Turizm Nazirliyindən verilən məlumata görə, aprelin 14-də Mədəniyyət və Turizm Nazirliyində BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətinə toxunan nazir, foruma ev sahibi ölkə kimi Azərbaycanın yüksək səviyyədə hazırlıq işləri gördüyünü diqqətə çatdırıb. Əbülfəs Qarayev BMT Baş katibi Pan Gi Munun ölkəmizə gözlənilən səfərindən də söz açıb. Qeyd edilib ki, Foruma ev sahibliyi edən ölkənin həmin ili BMT-nin Sivilizasiyalar Alyansının ideyalarına həsr etməsi alyansın tarixində ilk belə hadisədir. Nazir, həmçinin ölkəmizin multikultural və tolerant ənənələri özündə daşıyan nümunəvi bir dövlət kimi dünyada tanınmasını bir daha nümayəndə heyətinin nəzərinə çatdırıb. Daha sonra Cefri Feltman Bakıda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirdi. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin də qatıldığı görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə olunub.