Xəyyam Məmmədov: "Kamanı ələ alıb ifa etmək mənim üçün şərəfdir"

"Məqsədi, məramı və hədəfi olan insanlar üçün 40 kifayət qədər yetərli zamandır"
"Habil Əliyev kamanın kimə məxsus olduğunu isbatladı. O, sübut etdi ki, bu sənət Azərbaycan sənətidir"

Doqquz.az saytının müsahibi sənətdə öz sözünü demiş, tanınmış kamança ifaçısı Xəyyam Məmmədovdur:

- Ənənəvi dillə desək, xoş gördük, Xəyyam bəy! Mənim tanıdığm Xəyyam həm şairdir, həm kamança ustasıdır. Bəs siz özünüzü Doqquz.az saytının oxucularına necə təqdim edərdiz?

- Əvvəla təşəkkür edirəm. İstərdim ki, oxucular hər şeydən öncə məni vətəndaşXəyyam olaraq tanısınlar. Məsləyi, sənəti hamı qazana bilər, çox adam şair ola bilər. Lakin layiqli vətəndaş olmaq böyük şərəfdir. Bu baxımdan hər şeydən öncə vətəndaş olaraq tanınmaq istəyirəm.

-Necə oldu kamançanı seçdiz və məhz bu sənətə bağlandız?

-Bunu xeyli uzun hekayəsi var. Böyük qardaşım tar ifa edirdi, atam Əhrar müəllim isə xanəndə idi.

-Atanızı tanıdıq, bəs qardaşınız kimdir?

-Qardaşımın tarda çox gözəl ifa etmə qabiliyyəti vardı. Təəssüflər olsun ki, Qarabaş savaşı zamanı bu sənətdən uzaqlaşdı. Bibim oğlu da musiqiçidi, indi Gəncədə yaşayır və tar müəllimidir. Əmim oğlu da tarda çox gözəl ifa etməyi bacarır. Yadımdadır, mən uşaq olanda qardaşım tarda ifa edərdi, atam da çox gözəl avazla oxuyardı.

-Musiqiçi olmağa nə zaman qərar verdiniz?

-Atam Cəbrayıl rayonunda musiqi məktəbinin direktoru idi. Əvvəllər musiqi məktəbinə könülsüz olaraq gedib-gəlməyə başladım. 1988-ci ildə məktəbimizə bir kamança müəllimi gəldi. Ondan dərs almağa başladım. Ona qədər isə mənim tanıdığım bir Əli dayı vardı rayonda. Çox yaxşı kamança ustası idi. Beləcə, 1988-ci ildən -12 yaşımdan başlayaraq bu sənətin sirlərini öyrənməyə başladım. Buna qədər isə poanino çalmağı və nağarada ifa etməyi öyrənmişdim.
Əvvəlcə məni imtahan eləmək istədilər, ancaq tanıdıqları üçün və sahədən məlumatlı olduğumu bildikləri üçün imtahan etmədən qəbul etdilər. Üstəlik mənə bir kamança da verdilər. İlyarımdan sonra müəllimimi hərbi xidmətə apardılar. Rayonda və yaxın ərazilərdə vəziyyət xeyli gərginləşmişdi. Azğın qonşularımız rahatlığımızı pozmağa başlamışdı. Bundan bir müddət sonra Gəncədə Həmid adında bir müəllim gəldi məktəbimizə. Dərslərimizə onunla davam etməyə başladıq. 4-cü sinfi bitirəndə həmin müəllim də getdi. Həmin dönəmdə kamançanı öyrənmək üçün hazırlığa 18 nəfər uşaq gəlirdi. Kamança müəlliminə ciddi ehtiyac yaranmışdı. Lakin bu mümkün olmadığı üçün nümunəvi şagird kimi musiqi məktəbinin 5-ci sinfinin yekunlarına görə imtanah verib kamança müəllimi işləməyə başaldım. Olduqca ciddi şəkildə imtahan götürdülər. Çünki üzərimə ağır bir məsuliyyət qoyulacaqdı. Artıq orta məktəbin 11-ci sinfində oxuyanda parallel olaraq musiqi məktəbində uşaqlara kamançanın sirlərini öyrədirdim. Az sonra bildiyiniz kimi rayonumuz işğalçı Ermənistan dövləti tərəfindən zəbt olundu. Həmin ərəfədə Sumqayıta gəlim musiqi texnikumuna imtahan verdim. Nəticələr yüksək oldu və mən qəbul olundum. Bu o zamanlar idi ki, aləm bir-birinə dəymişdi, rayonlarımız işğal olunmuşdu, insanlarımız şəhid olurdu. Tanıdığımız insanlar itkin düşürdü, ailələr, qohumlar bir-birindən uzaq düşürdü...
Texnikumda oxuya-oxuya hazırlaşdım, Musiqi Akademiyasına qəbul olundum. Bu uğurum müəllimlərimi çox sevindirdi. Onların dediyinə görə texnikumun tarixində kiminsə burada oxuya-oxuya Akademiyaya daxil olması ilk hadisə idi. Bir vaxtlar atamın təklifi və istəyi ilə könülsüz olaraq kamança sənətini öyrənməyə başlasam da, artıq özümü bu sənətdən kənarda hiss edə bilmirdim. Öz sənətimin - kamançanın vurğunu olmağa başlamışdım.

-Hansı ayda doğulmusuz?

-Yanvarın 22-də doğulmuşam.

-40-ınız çıxıbmı?

-Hə, 40-ım çıxıb. (gülür)

-Bəs ilk dəfə efirə nə zaman çıxdınız?

-İlk dəfə 1996-cı ildə, Akademiyada təhsil alanda Sidqi Mustafayevin folklor ansamblında səhnəyə çıxmışam. Ona qədər də ayrı-ayrı tədbirlərdə çıxışlarım olmuşdu. Lakin, bu mənim böyük səhnədə ilk çıxışım idi. Həmin ansaml bu gün də fəaliyyət göstərir.

-Tədbirlərdə yadınızda qalan maraqlı anlar olubmu?

-Əlbəttə. Məsələn, bir dəfə bir bayram tədbiri üçün 3-4 nəfərlik heyətlə maralı bir kompozisiya hazırlamışdıq. Çıxışda baxdıq ki, Teymur adlı xanəndəmiz növbəsi çatsa da gecikib və səhnəyə çıxa bilməyəcək. İfalara fonoqram idi. Buna görə də qabağa çıxıb onun fonoqramını "oxumağa” başladım. Demək olar ki hiss olunmadı. O zaman orada Bahar qızı rolunu oynayacaq Solmaz adlı bir qız vardı. Arxamca mənə işarə edərək demişdi ki, o oğlanın çox yaxşı səsi var...

-Tələbəlik illəri necə qalıb yaddaşında?

-Tələbəliyim çox ağır keçib. Həm oxuyurdum, həm də yaşamaq və kirayə haqqını ödəyə bilmək üçün tikintidə şalışırdım. Əvvəllər kamançanı bir neçə aylığa kimdənsə götürürdüm. Buna görə qarşılıq ödəməli olurdum. Çox böyük əzab-əziyyətdən sonra, birinci kursu başa vuranda bir qədər də borc edib bir kamança ala bildim.
Akademiyanı bitirəndən sonra Xalq artisti Arif Babayev məni Konservatoriyada işləməyə dəvət etdi. 2008-ci ildən müəllim kimi çalışmağa başladım.

-Sənətçi Xəyyam haqqında danışdıq. Bir qədər də şair Xəyyamdan bəhs edək.
-Uşaq yaşlarımdan şeir yazsam da özümü şair hesab etmirəm.Sadəcə olaraq hərdən şeir yazıram. Ara-sıra çap olunur. Bu yaxınlarda Doqquz.az saytında da yayımlanmışdı şeirlərim.

-Şeir kitabı çap etdirmək niyyətiniz varmı?

-Doğrusu heç vaxt bu haqda düşünməmişəm. Şeirlərim daha çox gənclik duyğularımdan qaynaqlanan sevgi şeirləridir.

-40-ı tamamladıq. Həyatda nələrəsə nail olmaq üçün 40 il yetərlidimi, sizcə?

-Bu, əslində necə yaşamağından asılıdır. İnsan var ki, 40 il həyatda 60-70 ilin işini görür, çalışır, uğurlar qazanır. İnsan da var ki, 40 ili boşuna yaşayır, necə deyərlər yellərə verir. Məqsədi, məramı və hədəfi olan insanlar üçün 40 kifayət qədər yetərli zamandır.

-Necə düşünürsüz, itirdikləriniz çoxdu, yoxsa qazandıqlarınız?

Məncə qazandıqlarım çoxdu. Üstəlik qazana biləcəklərim çox şey vardı ki, bəlli səbəblərdən onları qazana bilmədim.

-Həm valideyn, həm övlad, həm müəllim olmaq, üstəlik ardıcıl olaraq tədbirlərə qatılmaq çətin deyil ki?

-Doğrudur, həyatda bütün işləri çatdırmaq üçün insandan qarışqa kimi çalışmaq tələb olunur. Və hər bir vəzifənin də öz məsuliyyəti var. Bütün vəzifələri də layiqincə yerinə yetirməyə borclusan. Bütün bunların başında isə, məncə ata olmaq məsuliyyəti dayanır.

-Habil Əliyevdən sonra əlinə kamança almaq nə deməkdir?

-İkiqat məsuliyyət deməkdir, sənətə daha artıq həssaslıqla yanaşmağın vacib olması deməkdir. Bu məsuliyyət olduğu üçün Habil Əliyevdən sonra bu sənətdə mənim unudulmaz müəllimim Ədalət müəllim yetişdi, sinfində oxuduğum əziz müəllimim Ağacəbrayıl müəllim, Fəxrəddin Dadaşov, Munis Şərifov, Şəfiqə xanım yetişdi. Habil Əliyev kamanın kimə məxsus olduğunu isbatladı. O, sübut etdi ki, bu sənət Azərbaycan sənətidir. Habil Əliyev öz fəaliyyəti ilə kamançaya Azərbaycan pasportu verdi və bütün dünyada onun bizə məxsus olduğunu rəsmiləşdirdi. Ondan və adını çəkdiyim ustad sənətkarlardan sonra ələ kaman alıb ifa etmək mənim üçün həm də şərəfdir.

-40 yaşının tamamında görüşdük. O gün olsun, 80-də görüşək!

-Təşəkkür edirəm.