"Avropa-Türkiyə əlaqələri zədələndi"

"Avropa Parlamentinin "erməni soyqırımı”nı tanıyan qətnamə qəbul etməsi ağlasığmazdır”. "Sabahinfo”nun məlumatına görə, belə bir fikirlə "Regon” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev çıxış edib. R.Nurullayev qətnamədə Türkiyəyə qarşı ciddi qərəzin olduğunu deyib: "Birinci qərəz ondan ibarətdir ki, Avropa Parlamenti arxivlərin açılmasını tələb edir. Məsələ burasındadır ki, Türkiyə prezidenti Ərdoğan neçə illərdir ki, dünya alimlərini arxivlərində işləməyə dəvət edir və arxivin üzünün hər kəsə açıq olduğunu bəyan edir.İkinci qərəz ondan ibarətdir ki, birbaşa 1.5 milyon erməninin öldürülməsi haqqında hökm verir. Çünki, 100 il bundan öncə baş vermiş hadisədə qurbanları saymaq çox çətindir. Digər tərəfdən, səsləndirilən statistika da fərqlidir. Aprelin 12-də Papa Fransis də "erməni soyqırımı” ifadəsini işlətmiş və onu "XX əsrin birinci soyqırımı” adlandırdı. Türkiyə ictimaiyyəti və Türkiyə rəsmilərinin, o cümlədən prezident Ərdoğanın münasibəti çox kəskin oldu. Buna yol vermək olmazdı. Zənnimcə, Türkiyənin Papaya sərt münasibəti Avropa parlamentərilərini sərt bəyanat qəbul etməyə sövq etdi. Papa Fransisin və prezident Ərdoğanın da qətnamədə adının keçməsi də dediyimizi sübut edir. Artıq birmənalı demək olar ki, Türkiyə-Avropa münasibətləri ciddi şəkildə zədələndi. Bəlkə də Türkiyənin Avropa Birliyi üzvlüyü məsələsi birdəfəlik qapandı. Çünki, Türkiyə "erməni soyqırımı”nı tanımadan bu mümkün ola bilməz. Ola bilsin ki, Türkiyə Avropa məsələləri üzrə nazir postunu ləğv etsin.Türkiyə Ərdoğan dönəmində üzünü Şərqə döndərməyə başlamışdı. Artıq bu dönüş ən azı 180 dərəcənin üstündə olacaq. Əlavə olaraq, Türkiyə-Rusiya münasibətləri də yeni mərhələyə qədəm qoya bilər. Türkiyə Rusiya ilə strateji müttəfiqlik qura bilər. Çox yəqin ki, bunun fonunda ABŞ-Türkiyə görüşləri intensivləşəcək və ABŞ Avropa Parlamentinin bu səhvinin apardığı qlobal siyasətə təsirini azaltmağa çalışacaq. Bu qətnamənin Avropa-Azərbaycan münasibətlərinə də soyuqluq gətirməsi gözləniləndir. Azərbaycan haqlı olaraq, Avropa Parlamentindən Xocalı soyqırımını tanımağı tələb edəcək” – deyə politoloq qeyd edib.