Abdullayeva Aydan - Mən Tanrının qızıyam!

Abdullayeva Aydan Zülfü qızı. 24 avqust 1998 ci ildə Bakıda anadan olub. Qiraətlə məşğuldur. Ona uğurlu yolu ilk dəfə mərhum şair, rəssam Məmməd Dəmirçioğlu yazmışdı. Bir sıra esse, şeir, hekayə müəllifidir.

" ...bu da belə duyğu qoxuyur....,,

yenə əllərimdə şeir ağrıyır... yenə gözlərimdə tor olur kimsə... yenə qaranlıqlar hüzn saxlayır... durna xəyalında yorulur kimsə...

yenə bu axşamı o axşam bilib.. nimdaş ayrılıqdan deyir saçlarım... yenə usul-usul oluram dəli... yenə küləklərin evi- saçlarım...

yenə məktublarım oxunmur... itir... səsimi dənizdən oğurla... oxu... sərçə gözlərində bir qızmı ötür?.. o mənəm... gördüyün bir əlçim yuxu...

"Çox günahkardı...,,

evində güzgülər bir ah tanımır.. sənin pəncərənin gecəsi olmur.. yaqut dodaqlarım çox günahkardı... amma... elə yenə yağmur qoxuyur...

qəhərim qəhqəh çəkir küncdə-bucaqda.. saçlarım?.. sən getdin çilikləndilər... çəkmən qapıdadı, yanır ocaq da... söndü... yəqin ki, gəlməyəcəksən...

ulduzlar?.. yox.. daha çox ötmür... daha diləmirəm onlardan səni... sənə pıçıldasam səsim hönkürmür... böyümüşəm... bilirəm dərdi sevməyi...

bir nağıl gecəyə uydurum.. sonra... özüm inanaram uydurduğuma... qayıtma... sevmə... mənə aldanma... şeirlər yaz "ən xoş ayrılığına...,,

"Bu qadın o adamı hələ də...,,

səhərin içində ölürəm elə... ya da gecələrdə batıb qalıram... sən orda ömrünü verirsən yelə... mən burda kimisə unutmalıyam...

eh... qəfil "uzaqdan sevdiyin" gələ... deyə daha getmirəm o uzaq yerə... mən də alışmışam daha xəzələ... sən də... alışmısan o sazaq yerə...

gözlərim qəhərdən çilənir aya... uzağı tez tanımaq məni incidir... o adam yaraşmır belə dünyaya... bu qadın o adamı hələ də sevir...

ötmür gecələri... qalır gecədə... ya da ki təkliyə ov olur ancaq... küçəyə açılan sınıq pəncərə, hələ o adamı çox axtaracaq...

indi o adam da uzağı qoyub, danışır güzgüyə... dərd-sərini... o da mənim kimi sevdaya uyub, bilirəm... mənsizdi... dəli kimidi...

indi aynaları qıracaq ya da, içdiyi qədəhə acıqlanacaq... o da uduzacaq taleyə, bəxtə... mənə məktub yazacaq... ya darıxacaq...

amma gəlməyəcək... uzaqdan əsla... mən də getməyəcəm... heyif... çox heyif... "1:0" önə keç... və... unut, yaşa... "mən gedim... ölümüm məni gözləyir...,,

Oxunmayacaq şeirim....

Ana... Bağışla atamı... Onda mən də bir belə oxşamaram payıza... Ana... Bağışla atamı... "Bizə pislik edənə ən böyük qisas bağışlamaqdısa...,,

Ana... Bağışla atamı... Mən hələ yoxluğa təslim etməmişəm onu... Qorxuram çöl adamı kimi kimsəsiz, səssiz və... bizsiz olacaq sonu...

Ana... Bağışla atamı... Səni and verirəm o payız toyunuza... Səni and verirəm bu payız qızınıza... Birdə... Sənə məni yetirən o nağıl sevdanıza...

Ana... Bağışla atamı... Yaranı saran o yaranı açandı elə.. Gəl, incikliyi buza yazıb günəşin altına qoyaq, Bəlkə əriyə...

Ana... Bağışla atamı... Bütün dağnıqlıqların qurbanı uşaqlardısa, "Ürəyin yıxılıb qanamağı" bütün ağrılardan ağır olursa...,,

Ana... Bağışla atamı... Mən... Mən Tanrının qızıyam! Bax, Tanrı bağışladı... Sən də... Sən də bağışla... "...Bir daha yalvarımmı?...,,

"Eşq əhlinin, eşq fədaisinin "qanı göylərdə güllənər...,,

Buzu günəş eşqinə Bağışlayarlar gülüm... Küləklərə söylənmə.. İzn ver.. yağış olum....

Sükutun da tanışdı... Payız kimi susursan... Mənim içimdə qışdı.. Sən yelə sovrulursan...

Sən sevdiyin qürublar... Məni incidir daha... Odda "sənə bulanan", Sevgim bir əlçim dua...

Bir qərib ah eşqinə.. Qumru quş ol qanadlan... Öldüm Allah eşqinə... Göylərdə gülləndi qan....

Əsir gözümdə yellər...

Əsir gözümdə yellər... Yağışlar dönür yaşa... Qınayır məni ellər... Eh.. Barı sən bağışla...

Ellər nə bilsin səni?.. Ölümünə sevdamı... Mənə sevdirən sənsən, O buz tutmuş odamı...

Üşüdüm şam işığına... Döndüm qürub çağına... Ellər mənə "el" kimidi... Qayıt sevdiyin qadına...

"Bil ki eşidir...,,

O qıza dönük çıxıb bütün adamlar, O qızdan dənizlər, yelkənlər küsüb... O qızın könlünə " od vuranı" var, Adam yox, adam yox... "sevgi öldürüb...,,

Dərdi buza yazıb... Günəşin altına, Qoyub ki... qoyub ki, bəlkə əriyə... Eh... Kim bilir ürəyi hayanda azıb?.. Gəlib çıxa bilmir bəlkə evinə?...

Əynində ağ palto, əlində çətir, İstəmir yağışlar qarğasın ona... Əl aç Allaha... Bil ki, eşidir... Hər duadan sonra "göy qurşağı,, var...

"Sənsizlik şeir deyil..."

Sənsizlik şeir deyil... Sənə oxşamır... Sənsizlik yozulmur... Hayana yozum?... Ağlasan bəxtimdə ildırım çaxır... Dil deyəni ürəyim demir ki quzum...

Ürəyim can verir sevda yolunda, Axtarır... Tapammır buludlar hanı?... Öləcəm bir qərib şair qolunda... Onda "şeir qadına" ağlayar hamı...

Deyəcəklər bəs hanı qərib şairin?.. "Sənə ağlamağa" gəlməyib qadın... Şairlər olammır sevgi qatili, Şeirinə "qadın" yağışlar yağır...

"Ana qoxusu...,,

Bardaxda bir içim sevda gizlənib, Sevdam sənin nəfəsində dinirdi.. Qədəhi əlimə aldığım zaman, Yaqut dodaqların... Yaman əsirdi...

Bu siyah gecədən tək umacağım, Qoynunda xülyalı sevda yuxusu... Bu ətri əvvəllər heç duymamışdım, Nəfəsindən gəlir... Ana qoxusu...

Bu siyah gecədə bir ulduz axdı, Mən arzu tutdum, o gözdən itdi... Yumma gözlərini... Sənin gözlərin, Arzuma səssizcə "Amin!" deyirdi...

"Üfür gecələri odana..."

qorxma.. gedəcəyəm bu şəhərdən də... daha baxışını tor tutmayacaq... qəhərdən boğazın düyünlənəndə qaranlıq səsini ovutmayacaq...

qorxma.. yağışlar da ümid olacaq... sən qar saflığı umursan hələ.. quru daxmalarda üşüyən ocaq.. külünü soyunub verəcək yelə...

qorxma... sevdalar qürublarındı.. üfüqlər anlayar eşq adamını... səni məğrur edən qayıtmağındı.. məğlubam... get söndür ömür şamını...

qorxma axşamlara bağırmaqdan da.. məni qaranlıqlar yaxşı tanıyır... gecənin bağrında boğulmaqdan da daha içimizdə bayquş ulayır....

üfür gecələri odana... şeir et... atəşi içində buz bağlayacaq... onu ən xoşbəxt günündə tərk et... onda... yoxluqlar da qorxutmayacaq...