“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal gündəlikdə artan rolunun növbəti mühüm göstəricisi kimi diqqət çəkir. Dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrinin, şəhərsalma üzrə ekspertlərin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə baş tutan bu tədbir Azərbaycanın artıq təkcə regional deyil, həm də qlobal miqyasda strateji dialoq məkanına çevrildiyini bir daha təsdiqlədi. Prezident İlham Əliyevin forumun açılış mərasimindəki çıxışı isə Azərbaycanın inkişaf modelinin mahiyyətini və ölkənin gələcək baxışını aydın şəkildə ortaya qoydu.”
Milli məclisin deputatı Azər Kərimlinin bu fikirləri onun aia.az-a verdiyi açıqlamasında yer alıb.
Millət vəkili müasir dövrdə şəhərsalmanın artıq yalnız memarlıq və infrastruktur məsələsi olmaması, bu anlayışın təhlükəsizlik, sosial rifah, ekologiya, iqtisadi dayanıqlılıq və insan kapitalı ilə birbaşa bağlı strateji istiqamətə çevrilməsi barədə Prezident İlham Əliyevin çıxışında yer alan mesajların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Dövlət başçısı Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunu təqdim etməklə yanaşı, şəhərsalma siyasətinin milli prioritetlərlə necə uzlaşdırıldığını nümayiş etdirdi. Forumun Bakıda keçirilməsi təsadüfi seçim deyil. Son illərdə Azərbaycanın paytaxtı böyük beynəlxalq tədbirlərin keçirildiyi nüfuzlu platformaya çevrilib. COP29, Qlobal Bakı Forumu və digər mötəbər tədbirlərdən sonra WUF13-ün də Bakıya həvalə olunması beynəlxalq təşkilatların Azərbaycana olan etimadının göstəricisidir. Bu, eyni zamanda ölkəmizin siyasi sabitliyinin, təhlükəsizlik mühitinin və müasir infrastruktur imkanlarının beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də əlbəttə ki, azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və yenidənqurma prosesinin beynəlxalq auditoriyaya təqdim olunması idi. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr artıq yalnız milli inkişaf proqramı deyil, həm də müasir urbanizasiya nümunəsi kimi qəbul edilir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması, ekoloji yanaşmanın əsas prioritetə çevrilməsi Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının tərkib hissəsidir. Əslində, bu gün Azərbaycanın həyata keçirdiyi şəhərsalma siyasəti postmünaqişə dövrünün yeni modelini formalaşdırır. Uzun illər işğal altında qalmış ərazilərin qısa müddətdə müasir yaşayış məkanlarına çevrilməsi dövlət idarəçiliyinin effektivliyini nümayiş etdirir. Burada söhbət təkcə yolların, binaların və kommunikasiya xətlərinin çəkilməsindən getmir. Əsas məqsəd insanların layiqli, təhlükəsiz və müasir həyat şəraitinə qovuşmasını təmin etməkdir. Forum çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarında artıq təşəbbüs irəli sürən ölkə statusunda çıxış etdiyini də göstərdi. Əgər əvvəllər Azərbaycan daha çox enerji təhlükəsizliyi və nəqliyyat layihələri ilə gündəmə gəlirdisə, indi şəhərsalma, yaşıl inkişaf və dayanıqlı urbanizasiya məsələlərində də nümunəvi model kimi diqqət çəkir” – deyə, Azər Kərimli açıqlamasını yekunlaşdırıb.