Sentyabrın 22-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan
Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və
metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş
müşavirə keçirilib.
Prezident
İlham Əliyevin Dövlət Proqramına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər
göstərir ki, qarşıdakı dövrdə məqsəd yalnız mövcud yataqların istismarını
genişləndirmək deyil. Əsas hədəf təbii sərvətlərin hasilatından başlayaraq
onların zənginləşdirilməsi, emalı və hazır məhsula çevrilməsinə qədər uzanan
tam istehsal zəncirinin formalaşdırılmasıdır. Bu isə Azərbaycanın sənaye strukturunda
yeni mərhələnin başlanması deməkdir.
Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişaf
modelində neft-qaz sektoru uzun illər əsas gəlir mənbələrindən biri olub, lakin
son dövrdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri
iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişaf etdirilməsidir.
Prezident İlham Əliyevin çıxışında da qeyd
olunduğu kimi, bu ilin ilk 8 ayında qeyri-neft sektorunda 5,4 faizlik artım
qeydə alınıb. Dövlət Proqramının əsas məqsədlərindən biri də bu dinamikanı
uzunmüddətli və davamlı xarakterə çevirməkdir. Proqramın tam icrası nəticəsində
5 mindən çox daimi iş yerinin yaradılması, yeni istehsal müəssisələrinin
formalaşdırılması, ixrac imkanlarının genişləndirilməsi və dövlət büdcəsinə əlavə
gəlirlərin daxil olması gözlənilir.
Bu gün Azərbaycan onilliklər ərzində əlçatmaz
qalan yataqları sadəcə iqtisadi dövriyyəyə qaytarmır. Eyni zamanda ölkə öz
mineral-xammal bazasını yenidən qiymətləndirmək, yeni sahələrin kəşfiyyatını
aparmaq, emal infrastrukturu yaratmaq, metallurgiyanı inkişaf etdirmək və
hasilatı istehsalla əlaqələndirmək niyyətindədir. Bu, artıq bir yatağın və ya bir
zavodun tarixi deyil. Bu, bütöv bir sənaye sistemi formalaşdırmaq cəhdidir. Və
burada ardıcıllıq xüsusilə vacibdir: əvvəlcə geologiya və kəşfiyyat, sonra
hasilat, ondan sonra isə zənginləşdirmə, emal, metallurgiya və hazır məhsul
buraxılışı.
Diqqətçəkən məsələlərdən biri də odur ki,
proqramda dağ-mədən sənayesi metallurgiyadan təcrid olunmuş şəkildə nəzərdən
keçirilmir. Əksinə, onların arasında vahid istehsal sistemi
formalaşdırılmalıdır. Konkret istiqamətlərdən biri alüminium istehsalının artırılmasıdır.
Dövlət başçısı qeyd etmişdir ki, "hərçənd xarici tərəfdaşlardan müəyyən
təkliflər var idi, onlar reallaşmadı, çünki biz milli iqtisadiyyata fayda gətirməyə
qadir mexanizmlərin tətbiqinə maksimum çalışırıq". Bu mənada dağ-mədən sənayesi
və metallurgiya bir-birini tamamlaya bilər. Yeni yataqlar xammal bazası, emal
müəssisələri sənaye yükü, metallurgiya istehsalatları isə emal olunmamış
xammalla müqayisədə xeyli yüksək dəyərə malik məhsul buraxmağa imkan
verir.
Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın
işğaldan azad edilmiş ərazilərinin iqtisadi reinteqrasiyası baxımından da mühüm
əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalan ərazilərdə zəngin təbii sərvətlərin
istifadəsi mümkün olmayıb. Prezident İlham Əliyevin çıxışında qeyd edildiyi
kimi, Kəlbəcər, Laçın və Zəngilan ərazilərindəki təbii sərvətlər və meşə
fondları işğal dövründə ciddi zərərə məruz qalıb. Eyni zamanda, qızıl, mis və
molibden yataqlarının bir hissəsi uzun müddət tam geoloji tədqiqatdan kənarda
qalıb. İndi isə vəziyyət dəyişib. Dövlət Proqramında ilk növbədə işğaldan azad
edilmiş ərazilərdə mövcud yataqların istismara qaytarılması nəzərdə tutulur. Kəlbəcər,
Ağdərə və Zəngilanda yerləşən qızıl, mis və molibden yataqları bu baxımdan əsas
istiqamətlər sırasındadır. Ağdərədə artıq işlərə başlanılması, növbəti mərhələdə
Kəlbəcər və Zəngilanda da layihələrin həyata keçirilməsinin nəzərdə tutulması
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının artırılması baxımından əhəmiyyətlidir.
Bu prosesin digər mühüm tərəfi məşğulluq məsələsidir. Dağ-mədən müəssisələrinin,
emal zavodlarının və əlaqəli infrastrukturun yaradılması regionlarda yeni iş
yerlərinin açılmasına, xidmət sektorunun genişlənməsinə və iqtisadi fəallığın
yüksəlməsinə əlavə imkanlar yarada bilər.
Dövlət Proqramının əhatə etdiyi mühüm istiqamətlərdən
biri də Naxçıvan Muxtar Respublikasıdır. Naxçıvanda sovet dövründə və sonrakı
illərdə geoloji kəşfiyyat işləri lazımi səviyyədə aparılmayıb. Bu səbəbdən
regionun təbii resurs potensialının tam öyrənilməsi üçün yeni kəşfiyyat mərhələsinə
ehtiyac var.
Yeni Dövlət Proqramının mühüm xüsusiyyətlərindən
biri dövlət və özəl sektorun paralel iştirakının nəzərdə tutulmasıdır. Dağ-mədən
sənayesində dövlət xətti ilə "AzerGold"un fəaliyyəti ilə yanaşı, özəl
sektorun və xarici investorların iştirakı üçün də imkan yaradılır. Xüsusilə
geoloji kəşfiyyat nəticəsində yeni yataqların aşkarlanması xarici
investisiyaların cəlb edilməsinə şərait yarada bilər.
Bir sözlə bu yeni sənaye siyasətinin arxasında
Prezident İlham Əliyevin uzaqgörən strategiyası dayanır. Bu proses uğurla
reallaşsa, dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın
qeyri-neft iqtisadiyyatının yeni dayaqlarından birinə çevriləcəkdir.
Vilayət İSMAYILOV, iqtisad elmləri doktoru, professor