Günay Ağamalı: Yeni Azərbaycan Partiyası Ulu Öndərin siyasi irsindən Azərbaycanın tarixi Zəfərinə uzanan dövlətçilik yoludur – ŞƏRH

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması Azərbaycanın müasir siyasi tarixində mühüm hadisə olmaqla yanaşı, ölkənin müstəqilliyinin qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və siyasi sabitliyin təmin olunması baxımından yeni mərhələnin başlanğıcı olub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan partiya ötən 34 ildə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayıb.
Milli Məclisin deputatı Günay Ağamalı “Aktual Xəbər”ə açıqlamasında Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin siyasi irsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi nailiyyətlərdən və partiyanın ölkənin gələcək inkişafındakı rolundan danışıb.
Açıqlamada bildirilib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin əsasını qoyub.
Qeyd olunub ki, partiya Azərbaycanın müstəqilliyinin ciddi təhlükələrlə üzləşdiyi, siyasi qarşıdurmaların, iqtisadi tənəzzülün və idarəetmə böhranının dərinləşdiyi mürəkkəb bir dövrdə yaranıb. Dövlətin taleyinə biganə qalmayan ziyalıların və tanınmış ictimai-siyasi xadimlərin təşəbbüsü ilə formalaşan bu siyasi birlik cəmiyyətin sabitliyə, güclü dövlətçiliyə və etibarlı liderə olan ehtiyacının ifadəsi idi.
Deputat vurğulayıb ki, 91 nəfər görkəmli ziyalının Heydər Əliyevə müraciəti milli məsuliyyətin və siyasi uzaqgörənliyin nümunəsi kimi tarixə düşüb. Ulu Öndərin həmin müraciətə müsbət cavabı və partiyanın təsis edilməsi Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanmasına səbəb olub.
Günay Ağamalının sözlərinə görə, Heydər Əliyevin siyasi dühası, zəngin dövlətçilik təcrübəsi və xalqına bağlılığı Yeni Azərbaycan Partiyasını qısa müddətdə ölkənin aparıcı siyasi qüvvəsinə çevirib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndərin hakimiyyətə qayıdışı dövlət müstəqilliyinin qorunması, ictimai-siyasi sabitliyin bərpası və müasir dövlət quruculuğunun başlanması baxımından həlledici əhəmiyyət daşıyıb.
Deputat bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qətiyyətli liderliyi, uzaqgörən siyasəti və milli maraqlara əsaslanan dövlətçilik strategiyası nəticəsində Azərbaycan regionun güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ilin sentyabrında dövlət suverenliyimizin tam bərpası, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər kimi dəyərləndirilib. Qeyd olunub ki, bu uğurlar Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik siyasətinin davamlılığını və əhəmiyyətini nümayiş etdirir.
Günay Ağamalı Yeni Azərbaycan Partiyasının 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII qurultayının da partiyanın siyasi fəaliyyətində mühüm hadisə olduğunu diqqətə çatdırıb. Bildirilib ki, qurultay ölkənin yeni inkişaf mərhələsində qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı dövlətçilik maraqlarının qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi və Azərbaycanın gələcək inkişaf istiqamətləri ilə bağlı mühüm mesajlarla yadda qalıb.
Deputat, həmçinin Azərbaycanda formalaşan siyasi dialoq və əməkdaşlıq mühitinin dövlətin demokratik inkişafının mühüm göstəricilərindən biri olduğunu bildirib. Onun sözlərinə görə, müxtəlif siyasi baxışları təmsil edən partiyaların milli maraqlar ətrafında birləşməsi və dövlətçilik məsələlərində ortaq mövqedən çıxış etməsi ölkədə siyasi mədəniyyətin inkişafına xidmət edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən siyasi islahatlar iqtidar-müxalifət münasibətlərinin sağlam əsaslar üzərində qurulmasına və konstruktiv əməkdaşlığın genişlənməsinə töhfə verir.
Açıqlamada vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müasir siyasi tarixinin mühüm tərkib hissəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sədaqət, dövlətçilik ənənələrinin qorunması və Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən strateji hədəflərə doğru inamla irəliləmək partiyanın fəaliyyətinin əsas istiqamətlərindəndir.
Sonda Günay Ağamalı Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə partiyanın rəhbərliyini və bütün üzvlərini təbrik edib, dövlətimizin qüdrətlənməsi və xalqımızın rifahı naminə fəaliyyətlərində uğurlar arzulayıb.
Şəlalə Camal
Aktual Xəbər