"Ağdam Qarabağın dayağıdır" - İradə Polad

"Ağdam Qarabağın dayağıdır. Şəhərin işğalından sonra cəbhədə vəziyyət daha da ağırlaşdı. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın bu qədim şəhəri də işğalçılardan azad edildi. Prezident İlham Əliyevin sərəncamı ilə noyabrın 20-si Ağdam Şəhəri Günü elan olunub".

Bu fikirləri Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İB sədri İradə Polad QHT.az-a açıqlamasında söyləyib.

İradə Polad Ağdamın tarixi inkişaf mərhələsindən danışıb. O bildirib ki:

Bu şəhərlə bağlı bəzi məlumatları yada salmaq istərdim. Ağdam qədim yaşayış məskənlərindən biridir. Onun iki yüz illik inkişaf tarixini bir neçə mərhələyə bölmək olar.

İ.Poladın sözlərinə görə, Ağdamın ilk inkişaf mərhələsi Qarabağ xanlığı dövrünü əhatə edir:

İlk mərhələ Qarabağ xanlığı dövrünü əhatə edir. Rayon ərazisində eneolit, tunc və dəmir dövrlərinə aid Üzərliktəpə, Leylatəpə, Üçoğlantəpə və Sarıçoban yaşayış məskənləri var. Şəhərin əsası XVIII əsrdə qoyulub, 1828-ci ildə isə şəhər statusu verilib. Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilən ağ daş imarət və yaxınlıqdakı Şahbulaq qalası bölgənin tarixi abidələrindəndir. 1314-cü ildə tikilmiş Sarı Musa (Qulu Musaoğlu) türbəsi, məscidlər və qala qalıqları da tarixi irsimizin nümunələridir.

Sədr vurğulayıb ki, xanlıq dövründə Ağdam iqtisadi-ticarət mərkəzinə çevrilməyə başlayıb:

Xanlıq dövründə Ağdam iqtisadi-ticarət mərkəzi kimi formalaşmağa başlayıb.

İ.Polad bildirib ki, Ağdamın ikinci inkişaf mərhələsi sovet dövrünü əhatə edir:

İkinci mərhələ sovet dövrünü əhatə edir. Ağdam rayonu 1930-cu ildə təşkil edilib. Sovet dövründə rayon Azərbaycanın mühüm kənd təsərrüfatı rayonlarından biri kimi böyük strateji əhəmiyyət daşıyırdı. Ağdam taxılçılıq, üzümçülük, pambıqçılıq və heyvandarlıq üzrə ölkənin aparıcı rayonlarından biri idi. Həmin dövrdə rayon mədəniyyət mərkəzlərindən birinə çevrilmiş, burada çoxsaylı mədəniyyət, təhsil və səhiyyə müəssisələri fəaliyyət göstərmişdir.

İradə Polad Ağdamın işğal dövründə üzləşdiyi faciələrə də toxunub:

Üçüncü mərhələ işğal dövrüdür. Rayon 1993-cü il iyulun 23-də işğal edilib. Ümumilikdə, rayon ərazisinin 77,4 faizi işğal altına düşüb. On minlərlə sakin məcburi köçkün olaraq müxtəlif rayonlarda məskunlaşmağa məcbur olub.

Sədr qeyd edib ki, işğal zamanı Ağdam şəhəri və kəndləri böyük dağıntılara məruz qalıb:

İşğal dövründə Ağdam şəhəri və rayonun 80-ə yaxın kəndi tamamilə dağıdılıb. Müsəlman həmrəyliyindən danışan İran Ağdam Cümə məscidinin dağıdılmasına və orada heyvan saxlanılmasına heç vaxt etiraz etməyib. Məscidin divarları və minarələri isə qismən salamat qalmışdı.

İ.Polad işğal nəticəsində dağıdılan mülki və sosial obyektlərin statistikasını diqqətə çatdırıb:

Rəsmi statistikaya əsasən, işğal nəticəsində 24 446 fərdi yaşayış evi və yaşayış binası, 1 898 tikinti obyekti (o cümlədən 480 sosial bina, 753 ticarət obyekti, 397 ictimai iaşə obyekti, 220 məişət obyekti və 17 sənaye müəssisəsi), 116 ümumtəhsil məktəbi və 54 məktəbəqədər uşaq müəssisəsi, 130-dan çox tarixi-memarlıq abidəsi, 109 mədəniyyət klubu, 13 mədəniyyət evi və muzey, o cümlədən dünyada nadir olan Çörək Muzeyi erməni işğalçıları və onların havadarları tərəfindən dağıdılıb.

İradə Polad Ağdamın müdafiəsi uğrunda şəhid olanların xatirəsini də yad edib:

Ağdamın müdafiəsi uğrunda Birinci Qarabağ müharibəsi zamanı altı mindən çox yerli sakin və Azərbaycanın digər bölgələrindən olan azərbaycanlı şəhid olub. Rayonun 16 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Sədr Ağdamın işğaldan azad olunmasının tarixi əhəmiyyətini vurğulayıb:

Ağdam şəhəri və rayonun işğal altında olan hissəsi isə 2020-ci il noyabrın 20-də üçtərəfli bəyanata əsasən, hərbi əməliyyatlar aparılmadan və itki verilmədən azad edilib.

İ.Poladın sözlərinə görə, şəhərin azad edilməsindən sonra bərpa və yenidənqurma işlərinə başlanılıb:

Şəhər azad edildikdən sonra burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işlərinə başlanılıb. Böyük Qayıdış proqramı çərçivəsində sakinlərin doğma yurdlarına qayıdışı prosesi də mərhələli şəkildə həyata keçirilir.

İradə Polad son altı ildə Ağdamda görülən işlərdən danışıb:

Ötən altı il ərzində Ağdamda bir çox işlər görülüb. Bərdə–Ağdam avtomobil və dəmir yolları inşa edilib. Qarabağ iqtisadi rayonunun əsas yaşayış məntəqələrini birləşdirən mühüm Ağdam–Füzuli avtomobil yolunun infrastrukturu qurulub. Müasir standartlara cavab verən dəmir yolu və avtovağzal kompleksi tikilərək vahid nəqliyyat qovşağı kimi istifadəyə verilib.

Sədr Ağdam Sənaye Parkının və turizm infrastrukturunun inkişafına diqqət çəkib:

Bundan başqa, 2021-ci ildə yaradılan Ağdam Sənaye Parkında tikinti materialları, qida, yüngül sənaye və digər sahələr üzrə onlarla rezident qeydiyyata alınıb, bir sıra istehsal müəssisələri artıq fəaliyyətə başlayıb. Bölgənin turizm potensialını reallaşdırmaq məqsədilə müasir hotel və mehmanxana kompleksləri inşa olunub.

İ.Polad şəhərdə və kəndlərdə aparılan tikinti və məskunlaşma işlərindən bəhs edib:

Ağdam şəhər mərkəzində yeni yaşayış binalarının tikintisi ilə yanaşı, Kəngərli, Xıdırlı və Sarıcalı kimi kəndlərin bərpası və əhalinin mərhələli şəkildə köçürülməsi təmin edilir. Ağdam şəhər 1 nömrəli tam orta məktəbi və 210 çarpayılıq Mərkəzi Rayon Xəstəxanası kimi mühüm sosial obyektlərin inşası həyata keçirilib.

Sədr şəhərdə yaşıllıq və istirahət infrastrukturunun yaradıldığını bildirib:

Şəhərdə 125 hektar ərazini əhatə edən meşə-park salınıb.

İradə Polad tarixi abidələrin bərpası istiqamətində görülən işləri də diqqətə çatdırıb:

Tarixi abidələr, o cümlədən Cümə məscidi, Pənahəli xanın sarayı (İmarət kompleksi), Şahbulaq qalası və Qiyaslı məscidi əsaslı şəkildə bərpa olunub.

Sədr Ağdamda yeni mədəniyyət ocaqlarının yaradıldığını vurğulayıb:

Şəhərdə yeni mədəniyyət mərkəzləri də yaradılıb. Yeni Ağdam Muğam Mərkəzi istifadəyə verilib, həmçinin açıq səma altında İşğal və Zəfər muzeyləri kompleksi təşkil edilib.

İ.Polad görülən işlərin Ağdamın gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib:

Bütün bunlar Ağdamın yenidən regionun aparıcı və strateji bölgələrindən birinə çevrilməsinə imkan verir. Sakinlərin doğma yurdlarına qayıdışı rayona yeni həyat verir, bölgənin təhlükəsizliyi və inkişafı üçün stimul yaradır.

İradə Polad Ağdamın gələcəkdə daha mühüm mövqeyə sahib olacağını bildirib:

Bir sözlə, Ağdam əvvəlkindən daha yaxşı görkəm alır və onun strateji əhəmiyyəti getdikcə artır. Gələcəkdə şəhərin regionda daha fərqli və mühüm rol oynayacağı istisna edilmir. Ağdamlıların doğma yurdlarına qayıdışı isə rayonun işğaldan sonrakı yeni tarixi mərhələsinin əsasını qoyacaq.

Fatimə Nəbiyeva