Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycanın ərazi bütövlüyünün bərpasının, tarixi ədalətin təntənəsinin və işğaldan azad edilmiş torpaqlarda başlanan böyük quruculuq prosesinin rəmzidir. Bu əlamətdar tarix xalqımızın milli iradəsini, dövlətimizin gücünü və doğma torpaqlarımıza qayıdış əzmini nümayiş etdirir.

Bu fikirləri “Aktual Xəbər”ə açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı bildirib.

Deputat qeyd edib ki, qədim tarixə, zəngin mədəni irsə və özünəməxsus ənənələrə malik Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində şəhər və ətraf yaşayış məntəqələri dağıdılıb, minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşüb. Tarixi və dini abidələrin, təhsil və mədəniyyət müəssisələrinin dağıdılması Ermənistanın işğalçılıq siyasətinin və vandalizm əməllərinin bariz nümunəsinə çevrilib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə, xüsusilə BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinə baxmayaraq, uzun illər ərzində işğalın nəticələrinin aradan qaldırılması istiqamətində əməli addımlar atılmayıb. Buna baxmayaraq, Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa etmək və tarixi ədaləti təmin etmək iradəsindən geri çəkilməyib.

Günay Ağamalı vurğulayıb ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə torpaqlarımızın işğalına son qoyub. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri Azərbaycanın nəzarətinə qaytarılıb. Bu hadisə ölkəmizin hərbi qüdrətinin, siyasi iradəsinin və diplomatik səylərinin mühüm nəticəsi olub.

Deputat diqqətə çatdırıb ki, hazırda Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan layihələr şəhərin müasir görkəminin formalaşdırılmasına, sosial və iqtisadi infrastrukturun yenidən qurulmasına xidmət edir. Ağdamın 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan əsasında yaşayış kompleksləri, təhsil və səhiyyə müəssisələri, yollar və digər infrastruktur obyektləri inşa olunur.

O bildirib ki, Ağdam Sənaye Parkının fəaliyyəti bölgənin iqtisadi potensialının artırılmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Muğam Mərkəzi, yeni təhsil müəssisələri və yaşayış məhəllələri şəhərin sosial-mədəni həyatının dirçəlişinə töhfə verir. Ağdam Cümə məscidinin və İmarət Kompleksinin bərpası isə tarixi-mədəni irsimizin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Günay Ağamalı qeyd edib ki, Ağdamın yenidən qurulmasının əsas məqsədlərindən biri də keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və dayanıqlı qayıdışını təmin etməkdir. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdam şəhərində, eləcə də Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində 8300 nəfərin məskunlaşması bu istiqamətdə görülən işlərin nəticəsidir. Uzun illər yurd həsrəti ilə yaşayan insanların doğma evlərinə qayıtması bölgədə həyatın yenidən canlanmasının mühüm göstəricisidir.

Deputat vurğulayıb ki, Ağdamın bərpası yalnız bir şəhərin yenidən qurulması deyil, həm də Azərbaycanın öz torpaqlarına sahib çıxmaq, dağıdılmış yaşayış məntəqələrini dirçəltmək və gələcək nəsillər üçün müasir yaşayış mühiti yaratmaq əzminin ifadəsidir. Bu proses ölkəmizin iqtisadi imkanlarını, quruculuq potensialını və milli həmrəyliyini nümayiş etdirir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik” fikri artıq real nəticələrlə təsdiqini tapır. Vaxtilə işğalın və dağıntıların simvoluna çevrilmiş Ağdam bu gün müasir şəhərsalma, iqtisadi inkişaf və Böyük Qayıdışın nümunələrindən birinə çevrilir.

Günay Ağamalı əminliyini ifadə edib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Ağdam Qarabağın ən abad və inkişaf etmiş şəhərlərindən biri olacaq.

Deputat 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bütün ağdamlıları və Azərbaycan xalqını təbrik edib, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad edib.