Azərbaycanın xarici siyasət strategiyasında müxtəlif regionlarda yerləşən dövlətlərlə qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanan münasibətlərin inkişafı mühüm yer tutur. Bu siyasətin səciyyəvi xüsusiyyətlərindən biri tarixi dostluq ənənələrini müasir dövrün çağırışlarına uyğun olaraq yeni əməkdaşlıq mexanizmləri ilə zənginləşdirmək, siyasi dialoqu konkret iqtisadi və humanitar nəticələrlə möhkəmləndirməkdir. Azərbaycan-Vyetnam münasibətləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Təxminən yetmişillik tarixə malik əlaqələrin bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iki ölkə arasında formalaşmış qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlıq ənənələrinin məntiqi nəticəsidir.
Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin keçdiyi tarixi yolu, mövcud əməkdaşlıq imkanlarını və gələcək inkişaf istiqamətlərini əhatə edən mühüm siyasi məzmunlu çıxışdır. Dövlət başçısının müsahibəsində diqqətə çatdırılan faktlar göstərir ki, iki ölkə arasında münasibətlər artıq ənənəvi dostluq əlaqələri çərçivəsindən çıxaraq iqtisadiyyat, energetika, investisiya, nəqliyyat, təhsil və mədəniyyət sahələrində daha genişmiqyaslı tərəfdaşlıq mərhələsinə qədəm qoyur.
Tarixi dostluq münasibətlərin möhkəm təməlidir
Azərbaycan-Vyetnam əlaqələrinin özünəməxsusluğu ondan ibarətdir ki, bu münasibətlərin əsası dövlətlərarası diplomatik əlaqələrin qurulmasından xeyli əvvəl formalaşıb. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri iki xalq arasında dostluğun tarixində mühüm hadisə olub. Bu səfərdən sonra əlaqələrin inkişafında növbəti əlamətdar mərhələ 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə bağlıdır.
Həmin dövrdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyevin başçılıq etdiyi nümayəndə heyətinin Vyetnama səfərinin səkkiz gün davam etməsi və ölkənin əsas regionlarını əhatə etməsi əməkdaşlığın inkişafına verilən xüsusi önəmin göstəricisi idi. Səfər zamanı əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına təkan verməklə yanaşı, Azərbaycanla bu ölkə arasında uzunmüddətli əməkdaşlığın istiqamətlərini də müəyyənləşdirdi.
Bu tarixi faktlar bir daha təsdiq edir ki, Azərbaycan-Vyetnam münasibətləri təsadüfi siyasi yaxınlaşmanın deyil, qarşılıqlı dəstəyə və uzunmüddətli əməkdaşlığa əsaslanan möhkəm ənənələrin nəticəsidir. 1992-ci il sentyabrın 23-də diplomatik münasibətlərin qurulması ilə bu dostluq müstəqil dövlətlər arasında rəsmi siyasi əlaqələr müstəvisində yeni inkişaf mərhələsinə qədəm qoydu.
Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ilin mayında Vyetnam Prezidenti Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri münasibətlərin inkişafına yeni dinamika verdi. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri isə ikitərəfli əlaqələrin tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu.
Həmin səfər çərçivəsində Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəddir. Danışıqlar zamanı energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər geniş spektrli məsələlərin müzakirəsi tərəflərin əməkdaşlığı şaxələndirmək niyyətini nümayiş etdirdi.
Bu gün dövlət başçıları səviyyəsində siyasi dialoq hökumətlərarası komissiyaların, müvafiq dövlət qurumlarının və parlamentlərarası dostluq qruplarının fəaliyyəti ilə tamamlanır. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələr, eləcə də BMT, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində qarşılıqlı əməkdaşlıq münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirir.
İqtisadi əməkdaşlıq strateji tərəfdaşlığın əsas istiqamətlərindəndir
Azərbaycan-Vyetnam münasibətlərinin hazırkı mərhələsində əsas vəzifələrdən biri siyasi dialoqun konkret iqtisadi nəticələrlə zənginləşdirilməsidir. Prezident İlham Əliyevin müsahibəsində açıqlanan göstəricilər bu sahədə mövcud imkanların kifayət qədər geniş olduğunu təsdiqləyir.
2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bununla belə, dövlət başçısının da vurğuladığı kimi, bu göstərici mövcud potensialı tam əks etdirmir. Hər iki ölkənin istehsal imkanları, iqtisadi resursları və regional bazarlara çıxış üstünlükləri qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artırılması üçün əlverişli zəmin yaradır.
İqtisadi əməkdaşlığın ənənəvi və strateji istiqamətlərindən biri energetikadır. Azərbaycan və Vyetnamın neft sənayesi sahəsində tərəfdaşlığı uzun tarixə malikdir. Azərbaycan mütəxəssislərinin Vyetnamın neft sənayesinin inkişafında iştirakı bu əlaqələrin mühüm tarixi əsasını təşkil edir. Hazırda həmin təcrübənin müasir texnologiyalar və yeni investisiya imkanları əsasında davam etdirilməsi üçün əlverişli şərait mövcuddur.
Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, eləcə də mütəxəssis hazırlığı sahələrində birgə fəaliyyət üçün imkanlar yaradır. Bu əməkdaşlıq Azərbaycanın neft-qaz sənayesində topladığı zəngin təcrübənin beynəlxalq miqyasda tətbiqi, eyni zamanda tərəflərin texniki və institusional imkanlarının birləşdirilməsi baxımından perspektivlidir.
Digər mühüm istiqamət investisiya əməkdaşlığıdır. Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakına maraq göstərməsi əlaqələrin yalnız ənənəvi energetika sahəsi ilə məhdudlaşmadığını təsdiqləyir. Tikinti, infrastrukturun inkişafı, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olan “ROX Group” bunun konkret nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində şirkətlə müvafiq sənədlərin imzalanması qarşılıqlı investisiya əlaqələrinin inkişafı baxımından əlamətdar hadisədir.
Burada əsas məsələ əldə olunan razılaşmaların real layihələrə çevrilməsi, investisiyaların iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilməsi və biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsidir. Azərbaycan-Vyetnam əməkdaşlığının gələcək nəticələri də məhz bu istiqamətdə atılacaq praktiki addımlardan asılı olacaq.
Orta Dəhliz Azərbaycan-Vyetnam əməkdaşlığının yeni imkanları
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən mühüm məqamlardan biri nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləridir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq tranzit marşrutlarında artan rolu Vyetnamla iqtisadi əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır.
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan üzərindən həyata keçirilən tranzit daşımalarının həcminin 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu sahədə müsbət dinamikanı nümayiş etdirir.
Xüsusilə Orta Dəhliz və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün perspektivli marşrutlar kimi çıxış edə bilər. Bu imkanlardan səmərəli istifadə təkcə yükdaşımaların həcminin artırılması demək deyil. Eyni zamanda Azərbaycanın tranzit-logistika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə, nəqliyyat xidmətləri bazarının genişlənməsinə və yeni iqtisadi dəyərin formalaşmasına şərait yarada bilər.
Vyetnamın Cənub-Şərqi Asiyada, Azərbaycanın isə Cənubi Qafqazda malik olduğu iqtisadi və coğrafi üstünlüklərin uzlaşdırılması qarşılıqlı ticarətin coğrafiyasını genişləndirmək potensialına malikdir. Bu baxımdan nəqliyyat-logistika əməkdaşlığını Azərbaycan-Vyetnam iqtisadi münasibətlərinin gələcək inkişafında mühüm istiqamətlərdən biri hesab etmək olar.
Energetika, sənaye, kənd təsərrüfatı və investisiya ilə yanaşı, məhz logistika sahəsində yaradılacaq yeni əməkdaşlıq mexanizmləri iki ölkənin biznes dairələri arasında əlaqələrin daha intensiv xarakter almasına da kömək edəcək.
Humanitar və mədəni əlaqələr strateji tərəfdaşlığın mənəvi dayağıdır
Dövlətlərarası münasibətlərin dayanıqlı inkişafı yalnız iqtisadi maraqlarla müəyyən edilmir. Xalqlar arasında qarşılıqlı rəğbət, mədəni yaxınlıq, təhsil və humanitar əlaqələr də strateji tərəfdaşlığın mühüm dayaqlarıdır. Azərbaycan-Vyetnam münasibətlərində bu amil xüsusi yer tutur.
Prezident İlham Əliyevin müsahibəsində Heydər Əliyev Fondunun Vyetnamla humanitar əlaqələrin inkişafındakı roluna diqqət yetirilməsi təsadüfi deyil. Fondun Ha Giang əyalətində ibtidai məktəbin tikintisi, təhsil təşəbbüslərinin dəstəklənməsi və digər sosial layihələrdə iştirakı Azərbaycan-Vyetnam dostluğunun əməli müstəvidə təzahürüdür.
Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub. Səfər çərçivəsində ölkə rəhbərləri, yaradıcı ziyalıların nümayəndələri və Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşlər keçirilib. Hanoy Ticarət və Turizm Kollecinə göstərilən maliyyə dəstəyi də bu istiqamətdə həyata keçirilən təşəbbüslərdəndir.
Təhsil əlaqələri iki ölkənin gələcək nəsilləri arasında dostluq münasibətlərinin davamlılığını təmin edən mühüm vasitədir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması ölkəmizin bu sahədə tarixi rolunu nümayiş etdirir. Həmin məzunların əldə etdikləri bilik və peşə təcrübəsini sonradan Vyetnamın inkişafına yönəltməsi Azərbaycan təhsilinin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin göstəricisidir.
2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın iştirakı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması da bu tarixi əlaqələrin rəmzi əhəmiyyətini ifadə edir. Görkəmli dövlət xadiminin anadan olmasının 135-ci ildönümünə təsadüf edən bu hadisə xalqlarımızın ortaq tarixə və dostluq ənənələrinə verdiyi dəyəri bir daha nümayiş etdirib.
Mədəniyyət sahəsində əməkdaşlıq da eyni istiqamətdə inkişaf edir. 2026-cı ildə Vyetnam Günləri festivalının ilk dəfə Bakı ilə yanaşı Qəbələdə də keçirilməsi mədəni əlaqələrin coğrafiyasının genişləndirilməsi baxımından əlamətdardır. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi isə ədəbi əlaqələrin inkişafına töhfə verən təşəbbüslərdəndir.
Bu münasibətlərin mədəni əsasları daha qədim dövrlərə gedib çıxır. Bəstəkar Qara Qarayevin 1955-ci ildə ilk Sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaratması, rejissor Əjdər İbrahimovun 1959–1962-ci illərdə Vyetnamda yaşayıb fəaliyyət göstərməsi və milli kino məktəbinin inkişafına verdiyi töhfələr Azərbaycan-Vyetnam mədəni əlaqələrinin zənginliyini göstərir. Əjdər İbrahimovun “Vyetnamda gördüklərim” kitabının vyetnam dilinə tərcümə olunması və 2026-cı ildə Hanoyda təqdim edilməsi də bu irsin müasir dövrdə yaşadılmasının nümunəsidir.
Humanitar əməkdaşlığın digər mühüm tərəfi çətin anlarda qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilməsidir. Azərbaycanın 2024-cü ildə “Yaqi” fırtınasının, 2025-ci ildə isə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün Vyetnama maliyyə yardımı göstərməsi iki xalq arasındakı dostluğun konkret addımlarla ifadə olunduğunu təsdiqləyir.
Strateji tərəfdaşlığın yeni hədəfi konkret nəticələrdir
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsi Azərbaycan-Vyetnam münasibətlərinin inkişafında yeni mərhələnin əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur. Bu istiqamətlər tarixi dostluğun qorunması, strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin şaxələndirilməsi və xalqlar arasında humanitar-mədəni təmasların genişləndirilməsidir.
Azərbaycanın Cənubi Qafqazda, Vyetnamın isə Cənub-Şərqi Asiyada malik olduğu mövqelər ölkələrimiz arasında əməkdaşlığı ikitərəfli münasibətlərin hüdudlarından kənara çıxarmaq potensialına malikdir. Yeni bazarlara çıxış, birgə istehsal və investisiya layihələri, enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının səmərəli istifadəsi və texnologiya mübadiləsi qarşılıqlı faydalı tərəfdaşlığın əsas istiqamətləri ola bilər.
Bu prosesdə siyasi dialoqun davamlılığı, hökumətlərarası komissiyaların fəaliyyəti, parlamentlərarası əlaqələr və Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq da mühüm rol oynayır. BMT, Qoşulmama Hərəkatı və AQEM kimi beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət isə tərəfdaşlığın çoxtərəfli müstəvidə inkişafına imkan verir.
Dövlət başçısının müsahibəsində ifadə olunan əsas mesaj ondan ibarətdir ki, Azərbaycan-Vyetnam münasibətləri artıq yeni imkanların reallaşdırılması mərhələsinə qədəm qoyur. Tarixi dostluq, qarşılıqlı siyasi etimad və zəngin əməkdaşlıq təcrübəsi bu prosesin möhkəm əsasını təşkil edir. İndi əsas vəzifə mövcud potensialı konkret layihələrə, iqtisadi nəticələrə və xalqlarımızın rifahına xidmət edən təşəbbüslərə çevirməkdir.
Əminəm ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri və onun səfər ərəfəsində səsləndirdiyi mühüm mesajlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə və Azərbaycan-Vyetnam dostluğunun gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfə verəcək.
Asif Əsgərov,
Milli Məclisin deputatı