Kərkük nəğmələri Azərbaycan tələbələrinin ifasında: ortaq musiqi yaddaşına doğru

Azərbaycan və İraq türkmənlərinin əsrlər boyu qoruyub yaşatdığı ortaq mədəni dəyərlər musiqi vasitəsilə yenidən səslənib. “İZ – Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kərkükdən gələn səs: Unudulmuş nəğmələrin bərpası” adlı mədəni-maarifləndirici görüş keçirilib.
Görüşün əsas məqsədi Kərkük musiqi folklorunun gənc nəslə tanıdılması, unudulmaqda olan nəğmələrin öyrənilməsi və Azərbaycan musiqi ənənələri ilə ortaq xüsusiyyətlərinin üzə çıxarılması olub.
Tədbirdə xanəndə Ruzə İbişova, musiqişünas Əminə Məmmədova, layihə rəhbəri və musiqişünas Fəridə Mirişova, eləcə də digər sənət və elm nümayəndələri və universitetin tələbələri iştirak ediblər.
Görüş zamanı Kərkük musiqi folklorunun zənginliyi, xalq mahnılarının melodik xüsusiyyətləri, ifa ənənələri və onların Azərbaycan musiqisi ilə səsləşən cəhətləri haqqında söhbət aparılıb. Musiqişünaslar Kərkük musiqisinin özünəməxsus xüsusiyyətlərinə toxunaraq bu irsin tədqiqi, toplanması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.
Tədbirin xüsusi əhəmiyyət daşıyan tərəfi tələbələrin birbaşa musiqi öyrənmə prosesinə cəlb olunması olub. Onlar Kərkük nəğmələri ilə tanış olub, nümunələri dinləyib, onların melodik və ifa xüsusiyyətlərini öyrəniblər. Xanəndə Ruzə İbişovanın iştirakı ilə keçirilən praktiki məşğələ tələbələrə bu nəğmələrin ifa xüsusiyyətlərini mənimsəmək imkanı yaradıb.
Beləliklə, tədbir elmi söhbət və musiqi təqdimatları ilə yanaşı, canlı öyrənmə və təcrübə mühitinə çevrilib. Kərkük nəğmələrinin gənclər tərəfindən mənimsənilməsi musiqi irsinin yalnız arxivlərdə qorunması deyil, onun canlı ifa ənənəsində yaşadılması baxımından da əhəmiyyətlidir.
Musiqi coğrafi sərhədləri aşan, xalqları bir-birinə bağlayan mənəvi körpüdür. Kərkükdən gələn nəğmələrin Azərbaycanda yenidən səslənməsi ortaq türk musiqi yaddaşının qorunmasına, mədəni əlaqələrin möhkəmlənməsinə və bu irsin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
“İZ – Mədəniyyətin İnkişafına Dəstək” İctimai Birliyi layihə çərçivəsində unudulmaqda olan musiqi nümunələrinin araşdırılması, tanıdılması və yaşadılması istiqamətində fəaliyyətini davam etdirir.
Layihənin donoru: Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi.