Yeni Azərbaycan Partiyası dövlətçilik tariximizin mühüm mərhələsidir

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi Azərbaycanın müasir siyasi tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdır. Ölkəmizin dövlət müstəqilliyini yenicə bərpa etdiyi, mürəkkəb siyasi, iqtisadi və hərbi proseslərin yaşandığı bir dövrdə yeni siyasi təşkilatın yaradılması cəmiyyətdə ciddi ehtiyacdan irəli gəlirdi.

Müstəqilliyin ilk illərində Azərbaycanda hökm sürən siyasi qeyri-sabitlik, idarəçilikdəki problemlər, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü dövlətçiliyimizi ciddi sınaq qarşısında qoymuşdu. Belə bir şəraitdə ölkənin gələcəyindən narahat olan ziyalılar, tanınmış ictimai-siyasi xadimlər və vətəndaşlar Azərbaycanın taleyinə biganə qalmayaraq yeni siyasi qüvvənin yaradılması təşəbbüsü ilə çıxış etdilər.

1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə ünvanladığı müraciət bu prosesin başlanğıcında mühüm rol oynadı. Müraciətdə ölkənin üzləşdiyi çətinliklərin aradan qaldırılması, dövlət müstəqilliyinin qorunması və Azərbaycanın gələcək inkişafının təmin edilməsi məqsədilə yeni siyasi partiyanın yaradılması təklif olunurdu. Heydər Əliyev həmin müraciətə müsbət cavab verərək belə bir siyasi təşkilatın yaranmasını obyektiv zərurət kimi qiymətləndirdi.

Nəhayət, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində, Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfər təşəbbüs qrupunun iştirak etdiyi konfransda partiyanın yaradılması haqqında qərar qəbul edildi, Proqram və Nizamnaməsi təsdiqləndi. Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi.

Yeni Azərbaycan Partiyasının yaranmasının əsas ictimai-siyasi əhəmiyyəti ilk növbədə ölkədə dövlətçilik düşüncəsinin və milli həmrəyliyin gücləndirilməsində özünü göstərdi. Partiya qısa müddətdə geniş ictimai dəstək qazanaraq Azərbaycanın siyasi həyatında mühüm qüvvəyə çevrildi. Onun fəaliyyətinin əsas istiqamətini müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin edilməsi və demokratik inkişafın dəstəklənməsi təşkil edirdi.

1993-cü ildə Azərbaycanda yaranmış ağır siyasi vəziyyət və vətəndaş qarşıdurması təhlükəsi ölkənin təcrübəli dövlət xadiminə ehtiyacını daha da artırdı. Xalqın təkidli tələbi ilə Heydər Əliyevin Bakıya qayıdışı və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin gələcək taleyində həlledici mərhələnin başlanğıcı oldu. Bu proseslərdə Yeni Azərbaycan Partiyası da fəal siyasi iştirak nümayiş etdirdi.

Sonrakı illərdə Azərbaycanın əldə etdiyi siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq mövqelərinin möhkəmlənməsi dövlətçilik strategiyasının ardıcıl həyata keçirilməsi ilə bağlı oldu. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirilməsi Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaratdı.

Bu gün Yeni Azərbaycan Partiyasının təsis konfransından ötən dövrə nəzər salarkən 21 noyabr 1992-ci il tarixinin yalnız bir siyasi təşkilatın yaranma günü olmadığını aydın görürük. Bu tarix, eyni zamanda, müstəqil Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını, milli dövlətçilik ideyalarının ətrafında birləşmənin və gələcəyə inamın təcəssümünü ifadə edir.

Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixinin mühüm səhifələrindən biridir. 21 noyabr tarixi dövlət müstəqilliyimizin qorunması, siyasi sabitliyin təmin olunması və ölkəmizin inkişafı naminə atılmış mühüm siyasi addım kimi öz tarixi əhəmiyyətini qoruyub saxlayır.

Əminə Ağazadə

Milli Məclisin deputatı