20 Noyabr Azərbaycan xalqının tarixində xüsusi yeri olan, milli yaddaşımızda həm ağır faciələrin, həm də böyük Qələbənin rəmzinə çevrilən əlamətdar gündür. Bu tarix 2020-ci ildə Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərinin Azərbaycana qaytarılması ilə yadda qalıb. Hər il qeyd olunan Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının ildönümü deyil, həm də xalqımızın tarixi ədalətin bərpasına, milli birliyə və dövlətimizin gücünə söykənən iradəsinin təcəssümüdür. Ağdam Qarabağın qədim yaşayış məskənlərindən biri, zəngin tarixi, mədəni irsi və özünəməxsus təbiəti ilə seçilən Azərbaycan torpağıdır. Şəhərin adı ilə bağlı müxtəlif izahlar mövcud olsa da, geniş yayılmış yanaşmalardan birinə görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala” mənasını verir. Digər izahda isə bu ad günəş şüaları ilə nurlanan, ağ daşdan tikilmiş imarətlə əlaqələndirilir. XVIII əsrdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa etdirilən ağ daşlı imarətin ətraf ərazilər üçün səciyyəvi istiqamət nişanına çevrilməsi şəhərin adının formalaşması ilə əlaqələndirilir. 1930-cu ildə rayon statusu alan Ağdam 1094 kvadratkilometr ərazini əhatə edir. Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən bu bölgə tarixən əlverişli coğrafi mövqeyi, münbit torpaqları, su ehtiyatları və kənd təsərrüfatı imkanları ilə seçilib. Ağdam yalnız yaşayış və təsərrüfat mərkəzi deyil, həm də Azərbaycanın qədim tarixini özündə yaşadan mühüm mədəniyyət məkanıdır. Ağdamın tarixi əhəmiyyətini təsdiqləyən ən mühüm faktlardan biri burada aparılmış arxeoloji tədqiqatların nəticələridir. XX əsrin 50-ci illərindən etibarən rayon ərazisində həyata keçirilən araşdırmalar göstərib ki, bu torpaqlarda insanlar minilliklər əvvəl məskunlaşıblar. Arxeoloji tapıntılar burada qədim əkinçilik və maldarlıq mədəniyyətinin mövcudluğunu, əhalinin oturaq həyat tərzi keçirdiyini sübut edir. Üzərriktəpədə aparılan tədqiqatlar zamanı aşkarlanan maddi-mədəniyyət nümunələri isə Ağdamın Qafqazın qədim şəhər tipli yaşayış məskənlərindən biri olduğunu göstərir. Bu baxımdan Ağdamın taleyi yalnız müasir dövrün siyasi hadisələri ilə ölçülə bilməz. Onun hər bir kəndi, tarixi abidəsi, qədim yaşayış məskəni Azərbaycan xalqının əsrlər boyu formalaşmış həyat tərzinin və mədəni irsinin bir parçasıdır. Ağdamın itirilməsi, əslində, xalqımızın tarixi yaddaşına, mədəniyyətinə və milli kimliyinə ağır zərbə idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində Qarabağın digər əraziləri kimi Ağdam da müharibənin ağır sınaqları ilə üzləşdi. 1993-cü il iyulun 23-də 42 gün davam edən qanlı döyüşlərdən sonra rayon ərazisinin 73 faizi işğal olundu. 1094 kvadratkilometr ərazisi olan Ağdamın 882 kvadratkilometri, rayon mərkəzi və 90 kəndi Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçdi. Bu işğal yüz minlərlə insanın taleyinə təsir göstərən ağır humanitar faciəyə çevrildi. Təxminən 128 min ağdamlı doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qaldı. İnsanlar illərlə qurduqları evlərini, təsərrüfatlarını, məktəblərini, xatirələrini arxada qoyaraq Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmalı oldular. Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun iqtisadi və sosial infrastrukturu da tamamilə dağıdıldı. Onlarla sənaye və kənd təsərrüfatı obyekti, məktəb, mədəniyyət evi, klub və digər ictimai müəssisələr məhv edildi və ya yararsız vəziyyətə salındı. Bir vaxtlar bölgənin mühüm mədəniyyət mərkəzlərindən biri olan Ağdamın məşhur Çörək Muzeyi də talan edilərək dağıdıldı. Şəhərin tarixi görkəmi məqsədyönlü şəkildə silindi, yaşayış binaları və ictimai obyektlər yerlə-yeksan edildi. Ağdamın başına gətirilənlər təkcə müharibənin nəticəsi deyildi. Şəhərin və rayonun işğal olunmuş ərazilərində Azərbaycan xalqının tarixi və mədəni irsinin məhv edilməsi sistemli xarakter daşıyırdı. Tarixi və dini abidələrin dağıdılması, qəbiristanlıqların təhqir edilməsi, yaşayış məntəqələrinin talan olunması beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi. Bu hadisələr beynəlxalq səviyyədə də öz əksini tapdı. BMT Təhlükəsizlik Şurası 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 saylı qətnamədə işğalçı qüvvələrin Ağdam rayonu və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Lakin Ermənistan tərəfi beynəlxalq təşkilatların qərar və çağırışlarına məhəl qoymadı. Nəticədə Azərbaycanın ərazi bütövlüyünün pozulması, bir milyondan artıq insanın məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi ilə müşayiət olunan uzunmüddətli münaqişə davam etdi. Azərbaycan dövləti bütün bu illər ərzində ərazi bütövlüyünün bərpasını əsas prioritet kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası əsasında ölkənin siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi imkanlarının genişlənməsinə və müasir, güclü ordu quruculuğuna şərait yaratdı. Azərbaycanın bütün diplomatik və siyasi səylərinə baxmayaraq, Ermənistanın işğal siyasətindən əl çəkməməsi münaqişənin hərbi yolla həllini qaçılmaz etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində misilsiz qəhrəmanlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi.
Vətən müharibəsi Azərbaycan xalqının tarixində yeni mərhələ açdı. Ordumuzun döyüş meydanında əldə etdiyi uğurlar xalqımızın milli birliyinin, dövlətimizin siyasi iradəsinin və hərbi qüdrətinin nəticəsi idi. Bu Qələbə uzun illər davam edən işğala son qoymaqla yanaşı, beynəlxalq hüququn Azərbaycanın ərazi bütövlüyünə dair tələblərinin praktik olaraq həyata keçirilməsini təmin etdi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq noyabrın 20-də Ağdamın işğal altında qalan əraziləri Azərbaycana təhvil verildi. Beləliklə, Ağdam hərbi əməliyyatların davam etdirilməsinə ehtiyac qalmadan, siyasi razılaşma əsasında Azərbaycanın nəzarətinə qaytarıldı. Bu hadisə həm də yüzlərlə, minlərlə insanın həyatının xilas edilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin Ağdamın azad olunmasından sonra şəhərə səfəri və burada Azərbaycan Bayrağını ucaltması tarixi hadisəyə çevrildi. Dövlət başçısının dağıdılmış şəhərdən səsləndirdiyi fikirlər Azərbaycanın gələcək fəaliyyətinin əsas istiqamətini müəyyənləşdirirdi: Ağdam yenidən qurulacaq, bütün kəndlər bərpa ediləcək, insanlar doğma torpaqlarına qayıdacaqlar.
İşğaldan azad olunmuş Ağdamın mənzərəsi Ermənistanın törətdiyi dağıntıların miqyasını bütün dünyaya nümayiş etdirirdi. Bir zamanlar insanların yaşadığı, işlədiyi, təhsil aldığı və mədəni həyatın qaynadığı şəhər xarabalığa çevrilmişdi. Bu səbəbdən Ağdam haqlı olaraq “Qafqazın Xirosiması” adlandırıldı. Şəhərin dağıdılmış küçələri, yerlə-yeksan edilmiş yaşayış binaları və təhqir olunmuş tarixi abidələri işğalın real nəticələrini göstərən acı sübutlar idi. Lakin Ağdamın tarixi yalnız dağıntılarla yadda qalmayacaq. Azərbaycan xalqı bu şəhərin gələcəyini qurmaq üçün bütün imkanlarını səfərbər edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və quruculuq siyasəti Ağdamı yenidən regionun mühüm iqtisadi, sosial və mədəni mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır.
2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçısının sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif olundu. Bu medal Ağdamın azadlığı uğrunda mübarizə aparan hərbçilərimizin qəhrəmanlığının dövlət səviyyəsində qiymətləndirilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm rəmzi məna daşıyır. 2023-cü il iyulun 31-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü elan olundu. Bu qərar şəhərin azad olunması tarixinin milli yaddaşda əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ağdam Şəhəri Günü həm də şəhidlərimizin xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq və doğma torpaqlarından didərgin düşmüş insanların uzun illər davam edən həsrətinin sona çatmasının rəmzidir. Bu tarix bizə bir daha xatırladır ki, dövlətin gücü, xalqın birliyi və milli iradə qarşıya qoyulan ən çətin vəzifələrin belə öhdəsindən gəlməyə imkan verir. Bu gün Ağdamın bərpası Azərbaycan dövlətinin öz torpaqlarına, tarixinə və insanlarına sahib çıxmasının bariz nümunəsidir. Şəhərin küçələrində yeni həyat qurulur, kəndlərdə evlər tikilir, sosial obyektlər istifadəyə verilir, sənaye müəssisələri fəaliyyətə başlayır. Ən mühümü isə illərlə doğma yurdunun həsrəti ilə yaşayan ağdamlılar öz evlərinə qayıdırlar. Ağdamın azadlığı Azərbaycanın müasir tarixində qazanılmış böyük Zəfərin mühüm səhifəsidir. Bu Zəfər xalqımızın milli qürurunu bərpa etdi, dövlətimizin beynəlxalq nüfuzunu daha da artırdı və yeni inkişaf mərhələsinin əsasını qoydu. 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə bir daha aydın olur ki, Ağdamın taleyi Azərbaycan xalqının taleyindən ayrı deyil. Bu şəhər həm qədim tariximizin, həm ağır sınaqlarımızın, həm də müasir dövlətimizin qüdrətinin rəmzidir. Ağdamın yenidən qurulması isə təkcə dağıdılmış binaların bərpası deyil, tarixi ədalətin, milli yaddaşın və gələcəyə inamın təntənəsidir. Ağdam yenidən dirçəlir. Onun küçələrində həyat canlanır, doğma torpağa qayıdan insanların səsi eşidilir. Bir zamanlar xarabalığa çevrilmiş şəhərin yerində müasir, abad və gələcəyə inamla baxan Ağdam qurulur. Bu, Azərbaycan dövlətinin iradəsinin, xalqımızın əzminin və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasətinin real nəticəsidir.
Şahin Seyidzadə
Milli Məclisin deputatı