Dövlətçilik əleyhinə və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Ramiz Mehdiyev 14 il şərti cəza ilə razılaşmır.
Sabahinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, “boz kardinal” Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Şikayət ərizəsində Ramiz Mehdiyevin cinayət işinə yenidən baxılması, əməllərinə müvafiq hüquqi qiymət verilməklə daha yüngül qərar çıxarılması xahiş edilib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Hələlik prosesin nə vaxt keçiriləcəyi bilinmir.
Qeyd edək ki, uzun illər Prezident Administrasiyasının rəhbəri kimi mühüm posta rəhbərlik etmiş Ramiz Mehdiyevin cinayət əməlləri ötən il ifşa olunub. DTX onun dövlət çevrilişinə cəhd etməsi ilə bağlı səs yazılarını yayıb.
Ötən ay çıxarılan hökmlə Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlərdə, dövlətə xəyanətdə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında və külli miqdarda rüşvət almaqda təqsirli bilinib. Yaşı və xəstəliyi nəzərə alınaraq ona 14 il şərti cəza verilib. Hökmlə, həmçinin dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi, üzərinə həbs qoyulmuş əmlakın müsadirəsi qərara alınıb.