Bu gün müasir dünya iqtisadiyyatında və onun vacib seqmenti olan qlobal kənd təsərrüfatı siyasətində köklü dəyişikliklər müşahidə olunmaqdadır. İqlim dəyişikliyi, su qıtlığı, torpaqların eroziyası və artan ərzaq təhlükəsizliyi riskləri ənənəvi ekstensiv əkinçilik modelləri, heyvandarlıq sahələrində özünü doğrultmadığını çoxdan sübut edib.
Qərbi Avropa və qabaqcıl Asiya ölkələrinin təcrübəsi göstərir ki, aqrar sahənin gələcəyi “ağıllı sistemlər”, rəqəmsal idarəetmə və yüksək əlavə dəyər zəncirləri ilə bağlıdır. Əlavə dəyər zənciri rentabelliyi artırmaqla yanaşı, qlobal bazarlara çıxış, rəqabətə davamlılıq deməkdir. Bizdə isə ənənəvi meyvəçilik rayonlarında bir çox şirə, konserv zavodları mal-qara tövləsinə çevrilib, yada sökülüb satılır. Hədəfimiz nəinki aqrar sahə, qeyri neft-qaz sektoru istisna olmaqla xam məhsul ixracı yox, emal olunmuş, brendləşmiş və yüksək gəlir gətirən ixracyönümlü məhsulların istehsalının təşviqi olacaqsa, uğur gözləməyə dəyər.
Bir faktı diqqətinizə çatdırım ki, Azərbaycanda starteji qida məhsulu sayılan kartof toxumu tamamilə yox səviyyəsindədir. Sənaye və elmi əsaslarla sertifikatlaşdırılmış elit toxumçuluq sistemi hələ də formalaşmayıb. Ölkənin illik kartof toxumuna olan ümumi tələbatı təxminən 200 min ton civarındadır. Fermerlərin 80%-dən çoxu öz məhsulundan ayırdığı, keyfiyyətini itirmiş ənənəvi və reproduksiyası aşağı düşmüş adi kartofu toxum kimi əkir. Bu isə həm məhsuldarlıqda, həm də bundan birbaşa asılı olaraq rentabellikdə ciddi itki deməkdir.
Ölkədə xüsusilə, heyvandarlıqda intensiv üsulun tətbiqi nisbətən ləng gedir. Seleksiya yolu ilə yaradılmış məhsuldar toxumlar, cinslərin sayı daha da artırılmalıdır.
Ümumilikdə aqrar sektorda intensiv üsula keçid daha çox ərazi və resurslara qənaət deməkdir. Bu isə xüsusilə Azərbaycanda aktuallıq kəsb edir.
Yüksək texnologiyaların tətbiqi nəticəsində aqrodronlar, peyk izləmə sistemləri və avtomatlaşdırılmış texnikalar sahədəki xəstəlikləri vaxtında aşkar edir. Bu yanaşma həm də maya dəyərinə ciddi təsir edən əl əməyini minimuma endirir.
Budan başqa iintensiv üsulla düzgün aqrotexniki qulluq torpağın münbitliyini qoruyur. Ekstensiv üsuldan fərqli olaraq, təbiətə və ətraf mühitə daha az zərər dəyir.
Bir tərəfdən subsidayalar tətbiq olunur, digər tərəfdən kənd təsərrüfatında bəzi sahələr üzrə vergi güzəştlərinin 100 faizdən 90 faizə endirilməsi gündəmdədir.
Əgər biz aqrar sektorun inkişafını və dotasiyadan azad olub ciddi sənayeyə çevrilməsini hədəfləyiriksə ilk növbədə qabaqcııl beynəlxalq təcrübəni araşdırıb tətbiq etməklə boşluqları aradan qaldırmalıyıq. Və ən əsası vurğuladığım kimi intensiv üsula keçid sürətləndirlməlidir. Kənd Təsərrüfatı Nazirliyi tərəfiindən bu işlərin həyata keçirildiyini müşahidə edirik. Amma bölgələrdə, fermerlər və təsərrüfat subyektləri arasında daha çox ciddi maarifləndirmə işlərinə ehtiyac var. Eyni zamanda stiimullaşdırıcı tədbirlər zəruridir. Bütün bunlar vahid Dövlət Proqramında əksini tapmalıdır.
Yeni yanaşmanın kənd təsərrüfatında tətbiqi təkcə ərzaq təhlükəsizliyini təmin etməyəcək, ölkəyə valyuta gətirəcək ixracyönümlü məhsulların istehsalını artırmağa töfhə verəcək.
Bir sözlə, su ehtiyatlarının məhdud olduğu, qlobal istiləşmənin və ekoloji balanssızlığın gücləndiyi bir dövrdə ənənəvi üsullarla resursların israfına yol vermək milli təhlükəsizliyə risk yaratmaq deməkdir. Haqqıında danışdığı yeni yanaşma isə iqtisadi zərurət, qlobal iqlim dəyişikliklərinə uyğunlaşmanın qaçılmaz mərhələsidir.
Əlibala Məhərrəmzadə,
Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor