Azərbaycanın Milli Qəhrəmanı Ehtiram İsrail oğlu Əliyev sentyabrın ortalarından xəstəxanada müalicə alırdı. 2026-cı il noyabrın 15-də Ehtiram qardaşımızı itirdik. Noyabrın 16-da onu böyük ehtiramla II Fəxri xiyabanda torpağa tapşırdıq.
Vətənin ağır günlərində onun müdafiəsinə qalxmış bir insanı torpağa tapşırarkən ailəsinin yanında olmağı, dərdinə şərik çıxmağı hər birimizin mənəvi borcu hesab edirəm. Bu ağır günlərdə Ehtiram qardaşımızın xatirəsinə göstərilən ehtiramı və ailəsinə verilən dəstəyi xüsusi qeyd etmək istərdim.
Milli Qəhrəmanımızın dəfni zamanı onun xatirəsinə göstərdiyi ehtirama görə Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənova minnətdaram.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Bakı Beynəlxalq Avtovağzalının rəhbəri Qəhrəman Qələndərov Ehtiram qardaşımızın üç-yeddi mərasiminin Heydər məscidində təşkilini öz üzərlərinə götürdülər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev də ailəyə maddi və mənəvi dayaq oldu, həmin günlərdə qarşıya çıxan məsələlərin həllinə kömək etdi.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri, Bakı Beynəlxalq Avtovağzalının rəhbəri Qəhrəman Qələndərov, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev və rəhbərlik etdiyi kollektiv, eləcə də Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Qəhrəmanımızın dəfnində iştirak etdilər. Heydər məscidində keçirilən üç-yeddi mərasimində də səhər saat 11:00-dan məclisin sonunadək ailənin yanında olduqlarına görə onların hər birinə xüsusi minnətdarlığımı bildirirəm.
Şəhid Milli Qəhrəmanlarımızın ailə üzvləri, Azərbaycanın sağ 13 Milli Qəhrəmanlarımız, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin kollektivi və şəxsən öz adımdan qürurla hər birinizə dərin təşəkkür edirəm.
Bir məsələni də şəxsən öz adımdan münasibət bildirmək istəyirəm.
Ehtiram qardaşımızı ziyarətə gedəndə onun 22 yaşlı oğlu Elvini xəstəxanada gördüm. Atası üçün necə narahat olduğu gözlərindən oxunurdu. O gündən bəri Elvinin baxışları gözümün önündən getmir.
Səhiyyə naziri Anar Bayramovdan soruşmaq istəyirəm.
Cənab Nazir,
Ehtiram qardaşımızın vəziyyəti ağırlaşanda onun müalicəsini xüsusi nəzarətə götürmək üçün hansı addımları atdınız?
Səhhəti barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məruzə etdinizmi?
Səhiyyənin birinci şəxsi kimi, xəstəxanada vəziyyətinin olduqca ağır olan Azərbaycanın Milli Qəhrəmanını bir dəfədə olsun yanına niyə getməyibsiniz ?
Hərdən özümə də sual verirəm. Görəsən, müraciətimiz vaxtında cənab Prezidentə çatsaydı, Ehtiram üçün əlavə tibbi imkanlar səfərbər olunsaydı, bu gün qardaşımız aramızda ola bilərdimi? Bunun cavabını bilmirəm. Bir arzum var. Sabah başqa bir qəhrəman övladı atasından xəbər gözləyərkən ailəsinin müraciətinə kimin baxdığını, atasına kömək üçün nə edildiyini bilsin.
Uca Allah Ehtiram qardaşımıza rəhmət eləsin, ailəsinə, doğmalarına və döyüş yoldaşlarına səbir versin. 13 Milli Qəhrəmanlarımıza isə uzun ömür sağlam həyat nəsib etsin.

Hörmətlə, Elşən Uluxanlı Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri