AZƏRBAYCAN-VYETNAM ƏLAQƏLƏRİ GEOİQTİSADİ REALLIĞA VƏ TARİXİ ƏNƏNƏYƏ SÖYKƏNİR   

  Beynəlxalq təhlükəsizlik arxitekturasının çökdüyü və yenisinin hələ formalaşmadığı müasir dövrdə iqtisadi-ticari əlaqələrin və tranzit imkanlarının şaxələndirilməsi bütün ölkələr üçün müstəsna əhəmiyyət daşıyır. Qarabağ Zəfərinin tarixi əhəmiyyəti həm də ondadır ki, onun doğurduğu siyasi nəticələr lokal xarakter daşımır və Avrasiya kimi geostrateji coğrafiyada iqtisadi prosesləri, həmçinin beynəlxalq tranzit marşrutlarının strukturunu əhəmiyyətli dərəcədə təsirləndirə bilir. 

Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıq və müstəqil xarici siyasət kursu ölkəmizin Avropa və Asiya qitələri arasında strateji mərkəz rolunu təsirli geoiqtisadi faktora çevirməkdədir. Prezident İlham Əliyev deyəndə ki, yalnız qonşularla deyil, qonşuların qonşuları ilə də etibarlı iqtisadi-siyasi əlaqələrin qurulması olduqca vacibdir, ilk növbədə, bu prosesin geridönməzliyini hədəfləyir. Azərbaycanın yekdil qərarla Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul olunması və bununla “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi müstəqil xarici siyasətin və düşünülmüş iqtisadi strategiyanın tarixi uğurlarından biridir. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi isə Azərbaycan diplomatiyasının növbəti uğurudur.   

 Prezident İlham Əliyevin Cənub-Şərqi Asiya ölkəsi olan Vyetnam Sosialist Respublikasına rəsmi səfəri həm də bu müstəvidə dəyərləndirilməlidir. Strateji tərəfdaşlarımızdan biri kimi Vyetnamla iqtisadi əlaqələrin əhəmiyyətinə gəlincə, onun ticarət dövriyyəsinə diqqət yetirmək kifayətdir. 2025-ci ilin statistik məlumatlarına əsasən, Vyetnam və ABŞ arasında ümumi əmtəə ticarət dövriyyəsi 209 milyard ABŞ dolları təşkil edib, xidmət sektorundakı göstərici isə 6 milyard dollara qədər yüksəlib. Bu statistikanın mühüm cəhəti ondadır ki, Vyetnamın ABŞ-yə ixracı 193,9 milyard ABŞ dolları təşkil edir və idxalı dəfələrlə üstələyir. Eyni mənzərəni Avropa İttifaqı (Aİ) ilə ticarət dövriyyəsində də görmək mümkündür. Ötən il Aİ ilə ticarət dövriyyəsi 10 faiz artaraq 76 milyard avroya çatıb və bu strukturda da Vyetnamın ixracı idxaldan dəfələrlə çoxdur, təxminən 64 milyard avro təşkil edir. İxracatın strukturuna diqqət yetirdikdə isə, bunlar əsasən kompüter, elektronika avadanlıqları, maşınqayırma məhsulları, mobil telefon və onların komponentləri, tekstil məmulatları və kənd təsərrüfatı məhsullarıdır. Başqa sözlə, Vyetnam bazarı kifayət qədər geniş və cəlbedicidir. 

 İkitərəfli əlaqələrin siyasi təməlinə və dinamikasına gəlincə, bu sahə də olduqca diqqətçəkən və maraqlı faktlarla zəngindir. Prezident İlham Əliyev səfəröncəsi Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibədə həmin məqamları xüsusi olaraq vurğuladı: “Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi. Azərbaycan xalqının Ümummilli Liderinin təşəbbüsü ilə bu səfərin müddəti səkkiz günə qədər uzadıldı və ölkənin əsas regionlarını əhatə etdi. Həmin vaxt əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına güclü təkan verdi və çoxillik əməkdaşlığın istiqamətini müəyyənləşdirdi. 

 2014 və 2015-ci illərdə Azərbaycan və Vyetnam Prezidentlərinin qarşılıqlı dövlət səfərləri illər əvvəl təməli qoyulan siyasi-iqtisadi əlaqələrin genişlənməsinə təkan verdi. Ötən il Prezident To Lamın Azərbaycana ilk dövlət səfəri və bu səfər çərçivəsində imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat dövlətlərarası münasibətlərdə yeni inkişaf mərhələsinin əsasını qoydu, energetika və investisiyalardan tutmuş müdafiə və kibertəhlükəsizliyə qədər daha geniş sahəni əhatə etdi. 

 Heç şübhəsiz ki, qarşılıqlı maraqları nəzərə alan etibarlı və davamlı siyasi-iqtisadi münasibətlər ictimai əlaqələrin güclənməsini də şərtləndirir, xalqların yaxınlaşmasına, o cümlədən humanitar və mədəni sahədə əməkdaşlığın genişlənməsinə əlavə imkanlar açır. Heydər Əliyev Fondunun bir çox ölkələrlə yanaşı, Vyetnamda gördüyü işlər isə humanitar əlaqələrin dərinləşməsində xüsusi rol oynayır. Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama ötənilki səfəri, yüksəksəviyyəli rəsmilərlə yanaşı, Azərbaycan Universitetlərinin vyetnamlı məzunları ilə keçirdiyi görüşlər, Fondun dəstəyi ilə Ha Giang əyalətində ibtidai məktəbin inşası həm də tarixi ənənələrə söykənir. Prezident İlham Əliyev VNA-ya verdiyi müsahibədə bu məqama xüsusi diqqət çəkdi: “Ümumilikdə, xalqlarımız arasında mədəni dialoq on illərdir davam edir. Hələ 1955-ci ildə bəstəkar Qara Qarayev ilk Sovet - Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı yaradıb. Bu yaradıcı əlaqələr sonradan rejissor Əjdər İbrahimov tərəfindən daha da möhkəmləndirilib. O, 1959-cu ildən 1962-ci ilə qədər Vyetnamda yaşayıb və çalışıb, milli kino məktəbinin ön sıralarında olub, yerli rejissorların və aktyorların yetişdirilməsinə kömək göstərib və ölkənizə bir neçə kitab həsr edib. Onlardan biri - “Vyetnamda gördüklərim” Vyetnam dilinə tərcümə edilib, bu kitabın təqdimatı isə bu il Hanoyda keçirilib”.

 Azərbaycan - Vyetnam əlaqələri beynəlxalq platformalar çərçivəsində də qarşılıqlı etimad prinsipinə söykənir və ölkələrimizin maraqlarına xidmət edir. Prezident İlham Əliyev Vyetnamın Baş naziri Le Minh Hunq və Milli Assambleyanın sədri Çan Tan Man ilə keçirdiyi görüşlərdə bu həssas məqamı vurğulayaraq qeyd etdi ki, Azərbaycan Vyetnamın müstəqillik və azadlıq uğrunda mübarizəsini, işğal dövründə Vyetnam xalqının göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəklədiyi kimi, Vyetnam da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda apardığı haqlı mübarizəyə hər zaman siyasi dəstək verib. Heç şübhəsiz ki, noyabrın 21-də Hanoyda imzalanan “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı” onilliklərin sınağından keçmiş və Strateji Tərəfdaşlıq səviyyəsinə yüksələn dövlətlərarası münasibətlərin məntiqi nəticəsidir. Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Prezident To Lamın Azərbaycan Prezidentinə xitabən səsləndirdiyi bu fikirlər qarşılıqlı etimad və etibarın yüksək səviyyəsindən xəbər verir: “Mən tam əminəm ki, səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək, onları daha da dərinləşdirəcək, məzmunlu və səmərəli edəcək... Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim”.

 Ölkələrimiz arasında əlaqələrin dərinləşdirilərək şaxələndirilməsi, iqtisadiyyatın daha geniş spektrini əhatə etməsi hər iki dövlətin maraqlarına xidmət edir. Azərbaycan ilə əməkdaşlığa göstərilən beynəlxalq marağın arxasında isə inkarolunmaz həqiqətlər dayanır. Onlardan biri ölkəmizin etibarlı tərəfdaş statusudursa, digər səbəb Azərbaycanın Avrasiya coğrafiyasının əsas strateji mərkəzlərindən birinə çevrilməsi və Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıqla bağlıdır. Elə bu səbəbdən, Prezident İlham Əliyev səfəröncəsi verdiyi müsahibədə həmin məqamı da xüsusi qeyd etdi: “Bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır. Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir”.  

   Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən, Orta Dəhlizin strateji mərkəzlərindən birinə çevrilən Azərbaycanın müstəqil dövlət siyasəti Avrasiya kimi geniş və geostrateji coğrafiyada qarşılıqlı faydalı əməkdaşlıq üçün tarixi fürsət yaradıb və artıq bunu hər kəs görür. Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun bir neçə gün əvvəl Azərbaycana və Ermənistana etdiyi səfərin ardınca “tagesschau24” televiziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu mənada xüsusilə diqqət çəkir. O, açıq mətnlə bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması üçün Ermənistan ya öz konstitusiyasını dəyişdirməli, ya da ona müvafiq dəyişiklik etməlidir. Nazir əlavə edib ki, bu, Ermənistanın daxili işi olsa da, regionun və bütövlükdə Avropanın təhlükəsizliyi qəbul ediləcək qərardan asılı olacaq. Sözsüz ki, bu açıqlama ilə Ermənistan ictimaiyyətinə kifayət qədər aydın və birmənalı mesaj verilir. Nazir Vadefulun sözlərinə görə, qlobal qeyri-müəyyənlik dövründə Avropanın ticari əlaqələrdə və enerji təhcizatında etibarlı tərəfdaşlara ehtiyacı var və Azərbaycanın Almaniya üçün əhəmiyyəti ikitərəfli əməkdaşlıq formatından çox kənara çıxır, çünki Cənubi Qafqaz həm də Avropa ilə Mərkəzi Asiya arasında əlaqələndirici funksiyanı yerinə yetirir.

    Göründüyü kimi, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni tarixi reallığın açdığı imkanları dost ölkələr dəqiqliklə görür və ona dəyər verirlər. O da şübhəsizdir ki, bəzi dairələrin qısqanclığı, bədxahlarımızın isə ənənəvi riyakarlığı elə bu gerçəkliklə bağlıdır.   

Ülvi Quliyev,

Milli Məclisin deputatı