“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası qlobal çağırışlara adekvat cavab verir

Milli mədəniyyət siyasətinin hüquqi və ideoloji parametrlərinin yenidən müəyyənləşdirilməsi müasir dövlətlərin suverenliyinin və strateji rəqabət qabiliyyətinin fundamental şərtlərindən biridir. Dövlət başçısının 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası bu mənada Azərbaycan mədəniyyətinin müasir modelini qlobal çağırışlara adekvat cavab vermək imkanları ilə milli-mənəvi dəyərlərin hifz edilməsi imperativinin sintezi kimi təsbit edir və dövlətin mədəniyyət sahəsindəki yeni strateji baxışını institusional müstəviyə keçirir.

Yeni strateji baxışın analitik mahiyyəti qlobal inteqrasiya mexanizmləri ilə milli suverenlik maraqlarının hüquqi balansında təzahür edir. Qlobal komponent çərçivəsində Konsepsiya BMT-nin 2030 Gündəliyinin 11.4-cü hədəfi, UNESCO-nun 2005-ci il Mədəni Özünüifadə Müxtəlifliyi Konvensiyası, Türk Dövlətləri Təşkilatının “Türk Dünyası 2040 Vizyonu” və COP29 çərçivəsində irəli sürülmüş “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsü kimi beynəlxalq hüquqi alətlərlə uzlaşdırılır. Bu normativ inteqrasiya mədəniyyəti daxildən çıxararaq xarici siyasətin və mədəniyyət diplomatiyasının əsas "yumşaq güc" alətinə çevirir, dövlətin beynəlxalq hüquqi subyektliyini möhkəmləndirir.

Paralel olaraq, sənədin milli-mənəvi və siyasi-hüquqi vektorunun azərbaycançılıq məfkurəsinə söykənərək dövlətin ideoloji immun sistemini gücləndirməyə hədəflənməsi, dövlət dilinin hüquqi və funksional mövqeyinin genişləndirilməsi, ailə institutunun mənəvi-hüquqi dayanıqlılığının artırılması və əqli mülkiyyət rejiminin sərtləşdirilməsi bütövlükdə milli dövlətçilik məzmununda mühüm mərhələdən xəbər verir. Həmçinin bu xəttin əsas elementlərindən biri kimi, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası və "Tarixi coğrafiyaya mədəni qayıdış" konsepti çərçivəsində həyata keçirilən atribusiya və bərpa prosesləri, postmünaqişə dövründə dövlətin ərazi bütövlüyü və suverenliyinin hüquqi-mədəni müstəvidə təsbitinin davamıdır.

Konsepsiyanın struktur məntiqi idarəetmədən tutmuş sahəvi inkişafa qədər bütün istiqamətlərdə beynəlxalq standartlarla milli mühafizə elementlərinin paralelliyini təmin edir. Bu yanaşmanın mühüm göstəricilərindən biri də mədəniyyətin iqtisadi kateqoriya kimi normativləşməsidir. Mədəni və yaradıcı sənayenin ÜDM-dəki payının və yaradıcı iqtisadiyyatın payının beynəlxalq ölçmə metodologiyaları ilə artırılması hədəfi, mədəniyyətə yalnız simvolik kapital deyil, həm də iqtisadi təhlükəsizlik və innovativ inkişaf faktoru kimi yanaşma ortaya qoyulduğunu göstərməklə qlobal dəyərlərlə milli adət-ənənələrin, iqtisadi səmərəliliklə ideoloji təhlükəsizliyin hüquqi baxımdan əsaslandırılmış vahid dövlət modelini təşkil edir.

İbrahim Zahidli,

politoloq,

Geneva "EU Business School" məzunu