20 Sentyabr – tarixi Zəfərdən Böyük Qayıdışa   

 20 sentyabr Azərbaycan tarixinin mühüm və əlamətdar günlərindən biridir. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin müasir tarixində baş verən mühüm hadisələri, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını, eləcə də həmin ərazilərdə yeni həyatın qurulması prosesini özündə əks etdirir. Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının tarixi yaddaşında xüsusi məna daşımaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinə də diqqət çəkir. Bu gün həmin ərazilərdə yollar, yaşayış məhəllələri, sosial obyektlər və müasir infrastruktur yaradılır, ən əsası isə illərlə doğma yurdlarından ayrı düşmüş insanların öz torpaqlarına qayıdışı təmin edilir.

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə Azərbaycan xalqının uzun illər ərzində gözlədiyi tarixi günlərdən biri kimi yadda qaldı. Xankəndidə Dövlət Bayrağının ucaldılması mərasimində Prezident İlham Əliyev həmin günü tarixi hadisə kimi qiymətləndirərək Azərbaycan xalqını təbrik etdi. Dövlət başçısı çıxışında qeyd etdi ki, prezident vəzifəsinə başladığı gündən qarşısına qoyduğu əsas məqsədlərdən biri Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Dövlət Bayrağının ölkənin bütün ərazilərində dalğalanması olub. Prezident çıxışında 20 il əvvəl Azərbaycan xalqının etimadını qazanarkən verdiyi vədi də xatırlatdı. O bildirdi ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə etmək, ölkənin ərazi bütövlüyünü qorumaq qarşıya qoyulan əsas vəzifələrdən olub. Dövlət başçısının sözlərinə görə, bu məqsədə çatmaq üçün illər ərzində ardıcıl fəaliyyət göstərilib və tarixi anın reallaşmasına doğru addımlar atılıb.

 Ərazilərin işğaldan azad olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri həmin ərazilərdə həyatın yenidən qurulması, infrastrukturun bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Bu proses çərçivəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarında da məskunlaşma davam edir. Yeni yaşayış məhəllələrinin salınması, evlərin tikilməsi, sosial obyektlərin yaradılması, yolların və kommunikasiyaların bərpası ilə yanaşı, insanların öz doğma yurdlarına qayıdışı həmin ərazilərin dirçəldilməsinin əsas göstəricilərindən biridir. 2026-cı il avqustun 17-nə olan məlumata görə, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ərazilərində artıq minlərlə insanın məskunlaşması təmin edilib. Xankəndi şəhərində 76 ailə, 332 nəfər, Kərkicahan qəsəbəsində isə 43 ailə, 174 nəfər olmaqla, ümumilikdə 119 ailə, 506 nəfər məskunlaşıb. Bu göstəricilər Xankəndidə həyatın tədricən bərpa olunduğunu və şəhərin yenidən yaşayış məkanına çevrildiyini göstərir.

 Xocalı rayonunda məskunlaşma daha geniş coğrafiyanı əhatə edir. Xocalı şəhərində 144 ailə, 651 nəfər, Ballıca kəndində 246 ailə, 1088 nəfər, Xanyurdu kəndində 140 ailə, 510 nəfər, Təzəbinə kəndində 180 ailə, 824 nəfər, Şuşakənd kəndində 116 ailə, 436 nəfər, Badara kəndində 109 ailə, 411 nəfər, Seyidbəyli kəndində 77 ailə, 282 nəfər, Daşbulaq kəndində 44 ailə, 169 nəfər, Xanabad kəndində isə 111 ailə, 470 nəfər məskunlaşıb. Beləliklə, Xocalı üzrə ümumilikdə 1 167 ailənin, 4 841 nəfərin məskunlaşması təmin edilib.

 Xocavənd rayonunda da Böyük Qayıdış prosesi davam edir. Xocavənd şəhərində 413 ailə, 1 614 nəfər, Xocavənd kəndində 78 ailə, 319 nəfər, Xanoba kəndində 39 ailə, 177 nəfər, Qırmızı Bazar qəsəbəsində 213 ailə, 909 nəfər, Sos kəndində 85 ailə, 360 nəfər, Güneyxırman kəndində 39 ailə, 175 nəfər, Quzeyxırman kəndində 39 ailə, 169 nəfər, Hadrut qəsəbəsində isə 82 ailə, 347 nəfər məskunlaşıb. Ümumilikdə Xocavənddə 988 ailə, 4 070 nəfər doğma yaşayış məntəqələrinə qayıdıb.

 Ağdərə rayonunda da məskunlaşma prosesi ardıcıl şəkildə həyata keçirilir. Talış kəndində 20 ailə, 90 nəfər, Həsənriz kəndində 292 ailə, 1 150 nəfər, Suqovuşan kəndində 180 ailə, 592 nəfər, Kolatağ kəndində 36 ailə, 139 nəfər, Vəngli kəndində 151 ailə, 602 nəfər, Heyvalı kəndində 46 ailə, 205 nəfər, Çapar kəndində 40 ailə, 143 nəfər, Aşağı Oratağ kəndində 111 ailə, 501 nəfər, Çıldıran kəndində isə 41 ailə, 165 nəfər məskunlaşıb. Ağdərə üzrə ümumi göstərici 917 ailə və 3 587 nəfərdir. Ümumi olaraq  2026-cı il avqustun 17-dək Xankəndi, Xocalı, Xocavənd və Ağdərə üzrə ümumilikdə 3 191 ailənin və 13 004 nəfərin məskunlaşması təmin edilib. Bu rəqəmlər Böyük Qayıdış prosesinin miqyasını əks etdirən mühüm göstəricilərdən biridir. Hər bir ailənin doğma torpağına qayıtması yalnız statistika deyil, uzun illər ərzində həsrətlə gözlənilən qayıdışın real nəticəsidir.

 Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə aparılan quruculuq işləri yalnız yaşayış evlərinin tikintisi ilə məhdudlaşmır. Ərazilərdə sosial, iqtisadi və nəqliyyat infrastrukturu formalaşdırılır, təhsil, səhiyyə və digər xidmət sahələrinin fəaliyyəti üçün şərait yaradılır. Doğma torpaqlarına qayıdan insanların gündəlik həyatının təşkili ilə yanaşı, bu yaşayış məntəqələrinin uzunmüddətli inkişafı üçün də yeni imkanlar yaradılır. Məqsəd insanların burada təhlükəsiz və rahat yaşaması, işləməsi və sosial həyatını davam etdirməsi üçün zəruri şəraitin formalaşdırılmasıdır. Bu baxımdan Böyük Qayıdış prosesi Azərbaycan ərazilərinin müharibədən sonrakı bərpasının mühüm istiqamətlərindən biri kimi diqqət çəkir. Qayıdışla paralel olaraq şəhər və kəndlərin müasir tələblərə uyğun yenidən qurulması həmin ərazilərin gələcək inkişafının əsasını təşkil edir.

 20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunması bu şəhərlərin Azərbaycanın müasir tarixindəki yerini xatırlamaqla yanaşı, onların gələcəyi ilə bağlı proseslərə də diqqət yönəldir. 2023-cü ildə Dövlət Bayrağının bu şəhərlərdə ucaldılması ilə bağlı tarixi hadisə siyasi və dövlətçilik baxımından mühüm mərhələni ifadə etdiyi kimi, bu gün həmin ərazilərdə insanların məskunlaşması yeni bir mərhələnin – quruculuq və qayıdış mərhələsinin göstəricisidir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin adı yalnız keçmiş hadisələrlə deyil, burada yenidən qurulan həyatla, doğma torpaqlarına qayıdan ailələrlə və gələcəyə hesablanan inkişaf layihələri ilə də bağlıdır.

 20 sentyabrın mahiyyəti də məhz bu baxımdan daha geniş məna kəsb edir. Bu tarix bir tərəfdən Azərbaycanın müasir tarixində baş vermiş mühüm hadisələrin yadda saxlanılması, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulmasının nümayiş etdirilməsi baxımından əlamətdardır. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə hər yeni məskunlaşan ailə bu torpaqlarda həyatın bərpasının bir hissəsinə çevrilir. Bu prosesin davam etməsi isə həmin ərazilərin gələcək inkişafı və dayanıqlı yaşayış məkanlarına çevrilməsi baxımından mühüm mərhələdir.

​​​​​​​Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent