Göydəniz Qəhrəmanov:"Azərbaycanın TDT daxilində fəal mövqeyi ümumi gündəliyin formalaşdırılmasına önəmli töhfələr verir"

“Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin sabitliyi, milli maraqların müdafiəsi, cəmiyyətlərin mənəvi dayanıqlığı və gənc nəslin dünyagörüşünün formalaşdırılması təhlükəsizlik anlayışının mühüm tərkib hissələrinə çevrilib. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik əməkdaşlığının genişlənməsi mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər bu əməkdaşlığın mahiyyətini aydın göstərdi. Dövlətimizin başçısının çıxışında Türk dünyasının Azərbaycan üçün xarici siyasətin əsas istiqamətlərindən biri olduğu bir daha ifadə edildi. “Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur” fikri Azərbaycanın bu birliyə münasibətinin strateji xarakterini nümayiş etdirir. Bu yanaşma tarixi, dil və mədəni yaxınlıqla yanaşı, qarşılıqlı etimad və həmrəylik üçün də möhkəm zəmin yaradır. Son illərdə TDT çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əlaqələrin inkişafı ortaq potensialın daha geniş müstəvidə reallaşdığını göstərir. Azərbaycanın təşkilat daxilində fəal mövqeyi də ümumi gündəliyin formalaşdırılmasına töhfə verir.”

Millət vəkili Göydəniz Qəhrəmanov bunları aia.az-a verdiyi açıqlamasında deyib.

Deputat qeyd edib ki, müxtəlif xarici təsirlərin cəmiyyətlərin daxili dayanıqlığına yönəlməsi təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı tələb edir: “Prezident İlham Əliyevin çıxışında xüsusilə diqqət çəkən daha bir məqam Türk dövlətlərinin daxili sabitliyinin qorunmasının vacibliyidir. Dövlət başçısının gənclərlə bağlı vurğusu bu baxımdan xüsusi aktuallıq kəsb edir. Formalaşma mərhələsində olan gənc nəslin müxtəlif manipulyasiyalara açıq olması təhlükəsizlik məsələsinə daha geniş prizmadan yanaşmağı tələb edir. Gənclərin milli-mənəvi dəyərlərə bağlılığı, tarixi yaddaşının gücləndirilməsi və müasir çağırışları düzgün dərk etməsi uzunmüddətli ictimai sabitliyin mühüm şərtlərindəndir. Dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlarla ölçülmür. Milli həmrəylik, dövlətçilik düşüncəsi və milli-mənəvi dəyərlərə bağlılıq da dayanıqlılığın əsas amillərindəndir. Prezident İlham Əliyevin bu məsələləri təhlükəsizlik gündəliyi ilə əlaqələndirməsi Türk dövlətləri arasında əməkdaşlığın gələcək istiqamətlərinə dair mühüm mesajdır. Bu baxımdan TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gənclər arasında təcrübə mübadiləsi, ortaq layihələr, mədəni və təhsil əlaqələri Türk dünyasının gələcək həmrəyliyini möhkəmləndirə bilər. Çünki dövlətlərarası münasibətlərin davamlılığı xalqlar və xüsusilə gənc nəsillər arasında formalaşan əlaqələrlə də təmin olunur. Sentyabrın 17-də Bakıda keçirilən görüşün əsas mesajlarından biri budur ki, Türk dünyasının təhlükəsizliyi və sabitliyi ortaq məsuliyyət tələb edir. Bu məsuliyyətin dayaqları qarşılıqlı etimad, milli maraqlara hörmət və gələcək nəsillərin birliyini təmin edən əməkdaşlıqdır. Azərbaycanın irəli sürdüyü yanaşmalar TDT məkanında təhlükəsizlik və dayanıqlılığın daha da möhkəmləndirilməsinə xidmət edir” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.