Ermənistanda revanşizm artıq yalnız radikal müxalifətin siyasi ritorikası kimi təqdim edilə bilməz. Son dövrdə Azərbaycan əleyhinə yayılan materiallar göstərir ki, revanşist tezislər hakimiyyətə yaxın media və informasiya resurslarında da dövriyyəyə buraxılır. Bu isə məsələnin siyasi periferiyada deyil, Ermənistanın daxili siyasi mühitinin özündə formalaşdığını göstərir.
İrəvanın əsas problemi də məhz burada ortaya çıxır. Ermənistan hakimiyyəti beynəlxalq auditoriyaya sülh, normallaşma və regionda sabitlik mesajları verir, lakin ölkə daxilində Azərbaycanla bağlı qarşıdurma ritorikasının yaşamasına və müəyyən hallarda gücləndirilməsinə imkan yaradır. Sözlə əməl arasındakı bu fərq artıq təsadüfi kommunikasiya xətası kimi qiymətləndirilə bilməz.
Revanşist çağırışların hansı resurslarda, hansı siyasi çevrələrin iştirakı ilə və hansı məzmun çərçivəsində yayıldığı xüsusi əhəmiyyət daşıyır. Əgər bu materialların əhəmiyyətli hissəsi hakimiyyətə yaxın informasiya kanallarında meydana çıxırsa, məsuliyyəti yalnız müxalifətin üzərinə atmaq siyasi reallığın mahiyyətini təhrif etməkdir.
Daha diqqətçəkən məqam ondan ibarətdir ki, revanşist diskurs daxili auditoriyaya hesablanmış siyasi alət təsiri bağışlayır. Yəni sülh ritorikası xarici auditoriya üçün, qarşıdurma ritorikası isə daxili siyasi gündəm üçün istifadə olunur. Belə ikili kommunikasiya Ermənistan hakimiyyətinin sülh prosesinə münasibəti barədə ciddi suallar doğurur.
Burada söhbət yalnız ayrı-ayrı yazılardan və sosial media paylaşımlarından getmir. Söhbət siyasi iradənin formalaşdırdığı informasiya mühitindən gedir. Hakimiyyət həqiqətən sülh gündəliyini prioritet hesab edirsə, revanşist yanaşmaların legitimləşdirilməsinə qarşı aydın siyasi mövqe nümayiş etdirməli, məsuliyyətli kommunikasiya xətti formalaşdırmalıdır.
Əks halda Ermənistanın sülh haqqında bəyanatları ilə real siyasi davranışı arasında uçurum daha da dərinləşəcək. Çünki sülh yalnız sənədlərlə və diplomatik bəyanatlarla deyil, cəmiyyətə hansı siyasi mesajların verilməsi ilə də ölçülür. Revanşist düşüncənin daxili siyasi alət kimi qorunduğu şəraitdə isə İrəvanın sülh ritorikasının nə qədər davamlı və səmimi olduğu əsaslı şəkildə sual altında qalır.
Cəbi Quliyev
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət
Agentliyinin direktorunun müavini