20
sentyabr Azərbaycanın son 200 illik tarixinin şərəfli səhifəsidir. Azərbaycan
Respublikası Prezidentinin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər il
sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd
ediləcək. Bu əlamətdar günün təsis olunması Müzəffər Ali Baş Komandan İlham
Əliyevin uzaqgörən hərbi və siyasi strategiyasının nəticəsi olaraq, Ermənistan
silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah
edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır. Belə ki, bu gün -
sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni
sepratçılarından təmizlənməsindən bir il ötür.
2023-cü il sentyabrın 19-da Azərbaycanın
Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının
alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək
torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası
konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına
başlanmışdır. Cəmi 23 saat 43 dəqiqə davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat
nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri
yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində
Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan
xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan
Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə
əzəmətlə dalğalanmaqdadır.
Dövlət suverenliyi anlayışı hər bir dövlətin
müstəqil mövcudluğunun fundamental əsaslarından biridir. Suverenlik dövlətin öz
ərazisində ali hakimiyyətə malik olması, daxili və xarici siyasətini müstəqil şəkildə
müəyyənləşdirməsi və milli maraqlarını beynəlxalq münasibətlər sistemində sərbəst
müdafiə etməsi deməkdir. Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət
müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması dövlətin əsas məqsədləri
sırasında təsbit olunmuşdur. Konstitusiyanın 2-ci maddəsinə əsasən, Azərbaycan
xalqının sərbəst və müstəqil şəkildə öz müqəddəratını həll etmək və idarəetmə
formasını müəyyən etmək suveren hüququdur.
Azərbaycanın dövlət suverenliyinin bərpası uzun və mürəkkəb tarixi prosesin nəticəsi
olmuşdur. 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması dövlət
suverenliyinin həmin ərazilərdə faktiki olaraq həyata keçirilməsinə imkan verməmişdi.
İşğal dövründə yaşayış məntəqələri dağıdılmış, yüz minlərlə insan öz doğma
torpaqlarından məcburi köçkün vəziyyətinə düşmüşdü. Bu vəziyyət Azərbaycan dövlətinin
qarşısında ərazi bütövlüyünün və suverenliyinin bərpasını fundamental milli məqsəd
kimi müəyyənləşdirmişdi.
2020-ci ildə baş vermiş Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası
istiqamətində həlledici mərhələ oldu. 44 günlük müharibənin nəticəsində Azərbaycanın
bir sıra işğal altında olan əraziləri azad edildi və ərazi bütövlüyünün bərpası
prosesində mühüm nəticələr əldə olundu. Lakin dövlət suverenliyinin bütün ölkə ərazisində
tam təmin olunması üçün proses qeyd etdiyim kimi 2023-cü ilin
sentyabrında başa çatdı. Artıq Azərbaycan Respublikasının dövlət bayrağı ölkənin
bütün ərazilərində dalğalanır və dövlət hakimiyyətinin hüquqi-siyasi təsir dairəsi
ölkənin bütün ərazisini əhatə edir. Dövlət suverenliyinin tam təmin olunması Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsi baxımından mühüm tarixi hadisə kimi qiymətləndirilir.
Bu baxımdan Dövlət Suverenliyi Günü yalnız hərbi nailiyyətin ildönümü deyil, həm
də dövlətçilik, milli birlik, hüquqi dövlət və konstitusiya prinsiplərinin əhəmiyyətini
xatırladan bir tarixdir. Suverenliyin qorunması yalnız hərbi gücdən deyil, eyni
zamanda güclü dövlət institutlarından, qanunun aliliyindən, iqtisadi
inkişafdan, milli həmrəylikdən və vətəndaş məsuliyyətindən asılıdır.
Dövlət Suverenliyi Gününün təsis edilməsi həm də
gələcək nəsillərin tarixi yaddaşının formalaşdırılması baxımından mühüm əhəmiyyət
daşıyır. Bu tarix gənc nəslə dövlət müstəqilliyinin və suverenliyin necə böyük
tarixi dəyər olduğunu aşılamaq üçün mühüm imkan yaradır. 2025-ci ilin Azərbaycan
Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan
xüsusi əhəmiyyət kəsb etmiş, dövlət suverenliyi və Konstitusiya ilə bağlı müxtəlif
tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Bu gün Azərbaycan tam suveren dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyir.
Ərazilərimizin bütövlüyü təmin olunub, sərhədlərimiz toxunulmazdır, daxili
sabitlik və iqtisadi inkişaf yüksələn xətlə davam edir. Dövlət Suverenliyi Günü
Azərbaycan xalqının əsrlərlə davam edən mübarizəsinin, şəhidlərimizin qanı, qəhrəman
Ordumuzun rəşadəti və müdrik liderliyin bəhrəsi kimi tariximizdə əbədi
yaşayacaq.
Natəvan
Əsədova, Riyaziyyat üzrə fəlsəfə doktoru