Tələbələrin inkişafını daim diqqət mərkəzində saxlayan və dəstəkləyən, onların potensialını üzə çıxarmağa yönəlmiş təşəbbüsləri ilə seçilən Azərbaycan Universitetində “Ulduz tələbə” layihəsinin növbəti qaliblərini elan olunub. Münsiflər heyətinin qərarına əsasən 2026/2027-ci tədris ilinin payız semestrinin ulduz tələbələri Humanitar və sosial elmlər fakültəsi üzrə Hüseyn İsgəndərov, Biznes və iqtisadiyyat fakültəsi üzrə Günel Əzimova, İnformasiya – kommunikasiya texnologiyaları fakültəsi üzrə isə Alican Mikayılovdur. Hüseyn İsgəndərov uğurunu yeniləyib və ardıcıl olaraq ikinci dəfə “Ulduz tələbə” adına layiq görülüb.
Hüseyn İsgəndərov Sosial iş ixtisası üzrə IV kurs, Günel Əzimova Marketinq (tədris ingilis dilində) ixtisası üzrə III kurs, Alican Mikayılov İnformasiya texnologiyaları ixtisası üzrə IV kurs tələbəsidir. Yeni ulduz tələbələrin statusu payız semestri müddətində qüvvədə olacaq və onlar hər ay 100 manat məbləğində təqaüd alacaqlar.
Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Hüseyn İsgəndərovun 2025/2026-cı tədris ilinin yaz semestrində orta müvəffəqiyyət göstəricisi 100-dür. Hüseyn yüksək akademik göstəriciləri ilə seçilir, beynəlxalq təcrübə proqramlarında iştirak edir, ictimai fəaliyyəti ilə fərqlənir, bir neçə elmi məqalənin müəllifidir. Tələbənin son elmi işlərindən biri “Ahıllarla sosial iş sahəsində keys menecmentin struktur əsasları” adlı məqalədir. Hüseyn İsgəndərov müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatların layihələrində könüllü kimi iştirak edib və müvafiq sertifikatlarla təltif olunub. Universitetin elmi, sosial və təşkilati layihələrində koordinator və icraçı kimi fəaliyyət göstərib, universitet daxilində və xaricində keçirilən təlim və konfranslarda iştirak edib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “4Sİ Akademiyası” çərçivəsində “Coursera” platformasında Sosial iş üzrə müxtəlif kurs və modulları uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə edib. Xarici dil bilikləri və rəqəmsal bacarıqları yüksək səviyyədədir.
Biznes və iqtisadiyyat fakültəsinin ulduzu Günel Əzimovanın 2025/2026-cı tədris ilinin yaz semestri üzrə orta müvəffəqiyyət göstəricisi 96,7-dir. Biznes və iqtisadiyyat fakültəsinin nəzdində yeni yaradılmış “The Next-Gen Marketers” klubunun rəhbəri olan tələbə “Pearson English International Certificate” və “World TESOL Academy” tərəfindən təqdim olunan “120-Hour TESOL/TEFL” (Accredited Course Graduate) sertifikatlarına malikdir. Günel Əzimova həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) “4Sİ Akademiyası” çərçivəsində “Coursera” platformasında “Fundamentals of Marketing Strategy”, “Introduction to Marketing”, “Effective Marketing in the Global Marketplace”, “Marketing Analytics: Data Predictions and Dashboards”, “Brand Management: Strategies for a Strong Brand” və “Introduction to Psychology” kurslarını uğurla başa vuraraq müvafiq sertifikatlar əldə edib. “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş esse yarışmasında iştirakına və Azərbaycan Universitetinin Karyera Günü tədbirinin təşkilində könüllü fəaliyyətinə görə sertifikatlarla təltif olunub.
İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin ulduz tələbəsi Alican Mikayılov 2025/2026-cı tədris ilinin yaz semestrinin 92,8 orta müvəffəqiyyət göstəricisi ilə başa vurub. Proqramlaşdırma sahəsində keçirilən müxtəlif yerli və beynəlxalq yarış və tədbirlərdə fəal iştirakı, eləcə də əldə etdiyi nailiyyətləri ilə fərqlənir. O, AzEdu.az təhsil portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən “brend tələbə” layihəsi çərçivəsində 2025-ci ildə Azərbaycan Universitetinin brend tələbəsi seçilib.
Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi (International Collegiate Programming Contest - ICPC) çərçivəsində keçirilən müxtəlif proqramlaşdırma yarışlarında 5 fərqli sertifikatla təltif olunub, müsabiqənin Gürcüstan Respublikasında keçirilən yarımfinal mərhələsində Azərbaycan Universitetinin təmsil edib. Şəmkir şəhərində həyata keçirilən “AqroTech” layihəsində iştirak edib.
Alican Mikayılov “Sumqayıt CUP” proqramlaşdırma müsabiqəsində, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (Innovation and Digital Development Agency - IDDA) təşkil etdiyi müsabiqələrdə, “Gamepons” və Yaradıcı Mərkəz tərəfindən təşkil olunan “Turkic Game Jam” beynəlxalq oyunyaratma müsabiqəsinin tədbirlərində, “CyberPulse” komandası tərəfindən Azərbaycan Universitetində keçirilən tədbirdə iştirakına görə müvafiq sertifikatlarla təltif olunub.
Qeyd edək ki, “Ulduz tələbə” layihəsi Azərbaycan Universitetinin Elmi Şurasının qərarı ilə 2025/2026-cı tədris ilinin payız semestrindən başlayaraq icra olunur. “Ulduz tələbə”lər hər imtahan sessiyası başa çatandan sonra semestrin nəticələrinə uyğun olaraq hər fakültə üzrə 1 nəfər olmaqla rektorun əmri ilə təsdiqlənən Münsiflər Heyəti tərəfindən tələbənin akademik göstəriciləri; elmi fəaliyyəti; sosial və ictimai fəaliyyəti, xüsusi bacarıqları, nümayəndəlik və liderlik keyfiyyətləri; xarici dil və rəqəmsal bacarıqları; intizam və nümunəvi davranışına görə seçilir. Layihə bakalavriat tələbələrinə şamil olunur.
İctimaiyyətlə əlaqələr şöbəsi