Əziz və fədakar xalqımız!
27 Sentyabr bizim üçün sadəcə təqvimdəki hər hansı bir tarix deyil. Bu gün, Azərbaycan xalqının milli mənliyini, sarsılmaz iradəsini və birlik və bərabərliyini bütün dünyaya nümayiş etdirdiyi, tariximizin ən şərəfli səhifəsinin yazılmağa başladığı müqəddəs bir gündür. Altı il öncə bu gün başlayan və Zəfərlə taclanan Vətən müharibəsi dövlətimizin həm döyüş meydanında, həm də beynəlxalq nüfuz arenasında real gücünü, sarsılmaz qətiyyətini hər kəsə sübut etdi.
Suverenlik bir millətin varlığı, onun azad nəfəsidir. Bu gün bütün torpaqlarımızda tam bərpa olunmuş suverenliyimiz xalqımızın öz doğma yurdunda başıuca, azad və təhlükəsiz yaşamasının ən böyük təminatıdır. Biz yaxşı bilirik ki, bu tarixi nailiyyət asanlıqla qazanılmayıb. Bu gün addımladığımız hər qarış azad torpağı, hər bir zəfər sevincini canından keçən şəhidlərimizin əbədi xatirəsinə, qəhrəman müharibə iştirakçılarımızın sonsuz patriotizm ruhuna və sarsılmaz cəsarətinə borcluyuq.
Vətənin bütövlüyü və millətin namusu naminə canını fəda etmiş bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında dərin ehtiramla baş əyir, onlara Allahdan rəhmət diləyirik. Canları bahasına bizə bu qüruru yaşadan qazilərimizə və veteranlarımıza sonsuz minnətdarlığımızı bildiririk. Bizim ən böyük gücümüz ideologiyamızdan, baxışlarımızdan asılı olmayaraq Vətən naminə bir yumruq kimi birləşə bilməyimizdədir. Bu sarsılmaz vəhdət dövlətimizin gələcək uğurlarının da ən böyük rəhnidir.
Milli Cəbhə Partiyası olaraq qətiyyətlə bəyan edirik ki, dövlətçiliyimizin qorunması, müstəqilliyimizin əbədiliyi və xalqımızın taleyi qədər vacib məsələlərdə hər zaman dövlətimizin yanında yer alacaq, milli maraqlarımızın sarsılmaz dayağı olacağıq.
Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!
Dövlətimiz müstəqil, xalqımız hər zaman bir və bütöv olsun!