AZƏRBAYCANI DÜNYAYA TANIDAN LİDER

Müstəqil Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir. Azərbaycanda bu potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər kəsi qane edə biləcək milli siyasət strategiyasının həyata keçirilməsi, eyni zamanda xarici siyasət kursunun prioritetlərinin doğru-düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır. Ötən əsrin sonlarında sosializm sisteminin uğursuz sonluğu və sovetlər birliyinin süqutu nəticəsində yeni dünya düzəninin formalaşması yenicə müstəqillik əldə etmiş ölkələri siyasi oriyentasiya problemi ilə üz- üzə qoymuşdu. Həmin dövrdə Azərbaycanda digər sahələrdə olduğu kimi, xarici siyasətdə də qarışıqlıq mövcud idi. Dövlətin xarici siyasət konsepsiyasında ardıcıllığın, prinsipiallığın olmaması ölkə daxilindəki problemlərin daha geniş vüsət almasını şərtləndirir, respublikanın düşdüyü gərgin situasiyadan çıxmasına əngəl törədirdi. Lakin dünya şöhrətli siyasətçi, siyasi gerçəklikləri dərindən analiz etmək və nəticə çıxarmaq qabiliyyətinə malik olan ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə tarixi dönüşü xarici siyasətdə də yeni pəncərə açdı. Məhz Heydər Əliyevin ciddi səyləri nəticəsində vəziyyəti dəyişdirmək, bölgədə və ümumilikdə, dünyada Azərbaycana münasibəti müsbətə doğru dəyişmək mümkün oldu. Dövlət başçısının xarici ölkələrə ardıcıl səfərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə keçirdiyi görüşlər, aparılan gərgin işlər sayəsində qısa zaman ərzində Ermənistanın Azərbaycana təcavüzü, ölkəmizin sosial-iqtisadi vəziyyəti və potensialı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış, respublikanın xarici siyasətinin əsas prinsipləri və istiqamətləri müəyyən edilmişdir. Bu gün müşahidə etdiyimiz gerçəklikləri о dövrün çətin reallıqları ilə müqayisə etdikdə görərik ki, Heydər Əliyev ölkəmizin qarşısında duran problemlərin həllinə nail olmağı, dövləti böhranlı durumdan çıxarmağı bacarmışdır. Bu qənaətə gəlmək mümkündür ki, o zaman zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş, xarici siyasət kursu özünü bütün mənalarda doğrultmuşdur. Əgər ötən əsrin sonlarında qazanılmış dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın, sadəcə, siyasi kuluarlarda tanınan bir ölkə olduğunu nəzərə alsaq, bu gün aypara ulduzlu, üç rəngli bayrağın hansı dövlətin rəmzi olduğunu artıq bütün dünyanın dərk etməsinə, sadəcə, sevinməklə kifayətlənməyib, bundan həm də qürur hissi keçirməliyik. Nəticə isə ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin və hazırda onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi və diplomatik səyləri nəticəsində Azərbaycan haqqında vaxtilə formalaşmış mənfi rəy artıq tamamilə dağıdılmışdır. İndi artıq Azərbaycan üzərinə götürdüyü öhdəlikləri məsuliyyət və qətiyyətlə yerinə yetirdiyinə görə beynəlxalq təşkilatlar üçün çox önəmli tərəfdaşlardan biridir. Rəsmi Bakı beynəlxalq təşkilatlarla əlaqələrin inkişafına böyük önəm verir. Dünyanın 192 dövlətini öz sıralarında birləşdirən BMT-yə Azərbaycan 17 il əvvəl -1992-ci ildə üzv olub. Bu, Azərbaycan dövlətinin beynəlxalq miqyasda tanınması baxımından ilk ən böyük uğurlardan biri olmaqla yanaşı, həm də mötəbər tribunadır. Dahi rəhbər Heydər Əliyev Azərbaycanın BMT müstəvisində həyata keçirdiyi siyasətin strateji və taktiki tərəflərini dəqiq şəkildə müəyyən edərək, bu təşkilatla münasibətləri həmişə diqqət mərkəzində saxlayırdı. Məhz yürüdülən bu xəttin nəticəsində, Ermənistanın və erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, BMT-də açılan müzakirələrdə Dağlıq Qarabağın Azərbaycana mənsubluğu "BMT və ATƏT arasında əməkdaşlıq” qətnaməsində öz əksini tapıb. Qeyd olunmalıdır ki, Azərbaycanın BMT ilə əməkdaşlığı yalnız bir istiqamətlə məhdudlaşmır. Tərəflər bir sıra aspektlərdə birgə layihələr həyata keçirib. BMT-nin müxtəlif qurumlarında fəaliyyətin genişləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb, Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox Azərbaycan vətəndaşının ağır şəraitini yüngülləşdirmək üçün BMT İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlıq, Ümumdünya Ərzaq Proqramı, YUNİSEF və başqa təşkilatlar çərçivəsində humanitar yardımlar alınmışdır. Xüsusi vurğulanmalıdır ki, Heydər Əliyevin başladığı bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan – BMT münasibətlərinin inkişafı cənab İlham Əliyevin xarici siyasətində önəmli yer tutur. BMT Baş Məclisinin 59-cu sessiyasındakı çıxışında Prezident İlham Əliyev sülhün qorunması və münaqişələrin aradan qaldırılması istiqamətində BMT-nin rolunun artırılması məsələsindən danışarkən qeyd edib ki, ümdə məsələ BMT Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsinin işlək mexanizminin yaradılmasından ibarətdir. Ölkə başçısı həmin çıxışında xüsusilə vurğulayıb ki, 65 qorunması istiqamətində səylərini daim davam etdirəcək: "Biz daha sülhsevər, təhlükəsiz və ədalətli dünya üçün çox zəruri olan BMT və onun nizamnaməsinə inamımızı bir daha təsdiqləmişik”. BMT-nin Baş Məclisində ötən ilin mart ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı qətnamənin qəbul olunmasını da tərəflər arasında uğurlu əməkdaşlığın, rəsmi Bakının diplomatik səylərinin məntiqi yekunu kimi qeyd etmək olar. Prezident İlham Əliyev həmin məqama xüsusi diqqət yetirərək bəyan edib ki, bu, doğrudan da bizim böyük siyasi və diplomatik qələbəmizdir. "Biz bir neçə il idi ki, bu qələbəyə doğru irəliləyirdik. Bu qətnamənin qəbul olunması üçün çox böyük işlər görülübdür. İctimaiyyət, təbii ki, bunun son nəticəsini görür. Görür ki, artıq səsvermədə Azərbaycan böyük üstünlüklə qələbə qazanıb. Amma bunu təmin etmək üçün nə qədər böyük səylər göstərilibdir. Əlbəttə ki, bunu hamı bilə bilməz. Bu qətnamə artıq digər beynəlxalq təşkilatlara da öz təsirini göstərir. Bu yaxınlarda Avropa Şurası tərəfindən qəbul edilmiş sənəddə artıq BMT Baş Məclisindəki sənədə istinad edilir və bunun əhəmiyyəti haqqında sizə əvvəlcədən deməyə ehtiyac yoxdur. Siz bunu yaxşı anlayırsınız. Bu onu göstərir ki, məqsədyönlü siyasət və düşünülmüş addımlar nəticəyə, uğura gətirib çıxarır. Görülən işlər və qarşıda qoyulmuş məqsədlər gələcək illərdə də BMT ilə əməkdaşlığı zəruri edir və Prezident İlham Əliyev də bu istiqamətdə addımların davam edəcəyini bəyan edib. Azərbaycanın ATƏT-lə qarşılıqlı münasibətləri də müsbət dinamika üzrə inkişaf etməkdədir. ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi dünyanın 56 dövlətini özündə birləşdirən bu təşkilatda Azərbaycanın siyasi nüfuzunun ildən-ilə sürətlə artmasının şahidiyəm. Tam əminliklə deyə bilərəm ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətində ATƏT-in yüksək tribunasından və Minsk qrupunun potensialından daha səmərəli istifadə etmək üçün ölkə rəhbərliyi son illər bütün daxili və xarici siyasi amilləri səfərbər etməyə nail olub. Azərbaycanın xarici siyasət xəttinin ən önəmli üstünlüklərindən olan balanslı və çoxtərəfli siyasət beynəlxalq təşkilatlarla əlaqələrimizdə də özünü göstərir. Diqqətlə nəzər yetirsək, görərik ki, BMT və ATƏT-lə Azərbaycan arasındakı yüksək əməkdaşlıq digər təşkilatlarla münasibətlərimizdə də qorunur. Məsələn, NATO – Azərbaycan münasibətlərinin səviyyəsi, quruma rəhbərlik edən şəxslərin özlərinin də ifadə etdikləri kimi, təqdirəlayiqdir. Doğrudur, Azərbaycan NATO-nun tamhüquqlu üzvü deyil. Amma müstəqil dövlət kimi Azərbaycan bu təhlükəsizlik təşkilatının layihələrində fəal iştirak edir. NATO-nun Sülhməramlı Qüvvələri tərkibində Azərbaycanın zabit və əsgərləri bir sıra münaqişə zonalarında respublikamızın şərəfini ləyaqətlə qorumuş və qorumaqdadır. Azərbaycan bu gün həm də antiterror koalisiyasına bütün mənalarda dəstək verən ölkələr sırasındadır və bunu xarici siyasətin prioritet istiqamətlərindən biri kimi qəbul edir. Ölkəmiz NATO-nun sammitlərində, konfranslarında ən yüksək səviyyədə təmsil olunur. NATO ilə əməkdaşlığın davam etdirilməsi Azərbaycana öz hərbi potensialını artırmağa, hərbi sistemi müasirləşdirməyə, islahatlar aparmağa imkan verir. Eynilə digər təşkilatlarla əməkdaşlıqda da qarşıya qoyulan ən ümdə məqsəd bu və ya başqa sahələrin, demokratiyanın inkişafına təkan verməkdir. Avropanın qabaqcıl təşkilatları ilə münasibətlərin inkişafı rəsmi Bakının maraqlarına cavab verir. Bu gün Azərbaycan Avropanın ən önəmli təşkilatı olan Avropa İttifaqı ilə müsbət istiqamətdə münasibətlər qurub. Ölkəmiz bu təşkilatla "Yeni qonşuluq siyasəti” proqramı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlıq kifayət qədər səmərəlidir. Azərbaycanın perspektivdə bu təşkilata üzvlüyü isə təşkilatın sərgiləyəcəyi mövqedən asılı olacaq. Dövlət başçısı İlham Əliyevin də bəyan etdiyi kimi, Avropaya inteqrasiya planı baxımından Avropa İttifaqı tərəfindən irəli sürülmüş bu təşəbbüsü rəsmi Bakı nəzərdən keçirəcək: "Əks halda, özümüzü zorla qəbul etdirmək fikrində deyilik. Biz öz təhlükəsizliyimizi özümüz təmin edirik, biz həm iqtisadi, həm siyasi və həm də enerji baxımından özümüzü tam təmin edə bilən ölkəyik. Ona görə də biz bunu əsas götürürük ki, münasibətlər bərabərhüquqlu olmalıdır, qarşılıqlı hörmət və qarşılıqlı mənafelər əsasında qurulmalıdır. Başqa sözlə, beynəlxalq təşkilatlarla şaquli münasibətlərdən üfüqi münasibətlərə keçid təmin olunmalıdır. Yeri gəlmişkən, bir müddət əvvəl Azərbaycanla Avropa İttifaqı arasında Beşillik Fəaliyyət Proqramı imzalanıb ki, bu sənəd siyasi və iqtisadi mövzularla yanaşı, insan hüquqları və demokratik prosesləri də əhatə edir. Azərbaycanın Avropanın digər təşkilatı – Avropa Şurası ilə münasibətlərini də kifayət qədər pozitiv və çoxşaxəli hesab etmək olar. 2001-ci ildə bu quruma tam hüquqlu üzv kimi qəbul olunmuş Azərbaycan həmin dövrdən bəri öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirib. Həmin təşkilata qəbul olunmaq məhz Azərbaycanın öz seçimi olub. Prezident İlham Əliyev rəsmi Bakının bu arzusunu belə əsaslandırıb: "Biz bunu qəsdən və ya kiminsə təzyiqi altında etməmişik. Təbii ki, qəbul olunduqda biz üzərimizə öhdəliklər götürmüşük və onları yerinə yetiririk. Həmin öhdəliklərin yerinə yetirilməsi, sadəcə, onunla bağlı deyil ki, bunu Avropa Şurası qarşısında etmək lazımdır. Bu, ölkəmizin inkişafına yardım edir. Buna görə də Avropa Şurasına qəbul olunduqdan sonra Azərbaycanın tənqid edildiyi bir çox məsələlər aradan qaldırıldı. Biz onları həll etdik. 66 "Siyasi məhbuslar məsələsi” deyilən məsələ öz həllini tapdı. Ölkəmiz Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilir. Ona görə də son illər ərzində biz o qədər də tənqid yox, müsbət mesajlar alırıq. Tənqidə gəldikdə isə, o, hər zaman var. Demokratiya baxımından ən inkişaf etmiş ölkələr də bəzən Avropa Şurası tərəfindən tənqid edilir. Bu, normaldır. Tənqid obyektiv olduqda və bizim inkişafımıza xidmət etdikdə ona çox dözümlü yanaşırıq. Heç kəsə sirr deyil ki, Azərbaycan islam mədəniyyətinin mərkəzlərindən biridir və müsəlman dövlətləri ilə də fəal əməkdaşlıq içərisindədir. O cümlədən Bakının İslam Konfransı Təşkilatı ilə münasibətləri də daim güclənir. Bu prosesə məhz Prezident İlham Əliyev başçılıq edir: "Azərbaycanda müxtəlif tədbirlər keçirilir. İslam aləmi ilə bizim münasibətlərimiz çox sürətlə inkişaf edir və bu, məni çox sevindirir. Biz elə etməliyik ki, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyək, islam həmrəyliyini gücləndirək və bizim üçün dost olan ölkələrlə münasibətlərimizi bütün istiqamətlərdə davam etdirək. Azərbaycan İslam Konfransı Təşkilatı çərçivəsində çox vacib rol oynayır və bu rolu oynamağa davam edəcəkdir”. Eyni zamanda Azərbaycanın MDB, GUAM, Qara Dəniz iqtisadi Əməkdaşlıq Təşkilatı, İƏT və bütün digər təşkilatlarla da əlaqələri inkişaf edir və bu münasibətlər təşkilata üzv ölkələrlə əlaqələrimizə, problemlərin həllinə kömək göstərir. Son illər Bakının bir çox nüfuzlu, müxtəlif səpkili, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dövlətimizin beynəlxalq təşkilatlar tərəfindən Cənubi Qafqazın danılmaz lideri kimi qəbul olunduğuna əyani sübutdur. Xüsusi olaraq vurğulanmalıdır ki, bu gün beynəlxalq təşkilatlarla yanaşı, xarici dövlətlərlə bərabərtərəfli əlaqələrin inkişafı, dünyanın güc mərkəzləri ilə dəqiq və nəticəyə hesablanmış, Azərbaycanın dövlət maraqlarının qorunduğu münasibətlər sisteminin formalaşdırılması da bu gün ölkəmizin xarici siyasət konsepsiyasında başlıca yerlərdən birini tutur. Bu baxımdan Azərbaycanın ABŞ, Rusiya və Avropanın güclü dövlətləri ilə münasibətlərinin ayrıca təhlilinə ehtiyac duyulur. Hamıya aydındır ki, bu gün Azərbaycan heç bir xarici dövlət üçün sınaq laboratoriyası rolunu oynamır. Azərbaycan öz yolunu müəyyənləşdirib və bu yolda qarşıya çıxan istənilən əngəllərlə lazımınca mübarizə aparmaq iqtidarındadır. Azərbaycan heç zaman qarşıdurma, rəqabət məkanı olmayıb və bundan sonra da olmayacaq. Bütün dünyada ölkəmizlə bağlı hakim düşüncə ondan ibarətdir ki, Azərbaycan dünyada əməkdaşlıq, işbirliyi, iqtisadi layihələr və sosial məsələlərin həlli üçün münbit şəraitə malikdir, eyni zamanda dünyada sivilizasiyalararası dialoqun gücləndirilməsi üçün əvəzolunmaz rol oynayır. Reallıq ondan ibarətdir ki, Azərbaycanın xarici siyasətində bir tərəfdən digər ölkələrlə dostluq, qonşuluq, əməkdaşlıq münasibətlərinə ciddi önəm verilir, digər tərəfdən ölkəmizin milli təhlükəsizliyinə və milli maraqlarına zidd olan hərəkətlərə də adekvat reaksiya həmişə özünü göstərir. Məsələn, bu yaxınlarda Rusiyadan Ermənistana 800 mln. ABŞ dolları məbləğində silah ötürülməsi ilə bağlı yaranmış vəziyyətə ölkə rəhbərliyi tərəfindən ən yüksək səviyyədə ciddi etiraz bildirilməsi buna bariz nümunədir. Azərbaycanın ABŞ-la münasibətləri də çox yüksək əməkdaşlıq dialoqu prinsiplərinə uyğun, qarşılıqlı maraqların təmin olunması istiqamətində qurulub. Bu gün ABŞ – Azərbaycan strateji tərəfdaşlığı çərçivəsində tərəflər arasında bir çox istiqamətləri əhatə edən yüksək münasibətlər mövcuddur. Məhz ulu öndərin səyləri nəticəsində ilk dövrlərdə əsasən enerji sahəsini əhatə edən əməkdaşlıq istiqamətləri daha da genişləndirilmiş, əlaqələr bütün iqtisadi-siyasi, ictimai-humanitar detalları ilə dərin xarakter almışdır. Bu gün Azərbaycanda demokratiyanın inkişafında və təhlükəsizliyin təmin olunmasında superdövlətin verdiyi töhfələr danılmazdır. İqtisadi resursların artması və bölgədə azad əməkdaşlıq məkanının yaranması üçün tarazlaşdırılmış siyasət yürüdən Azərbaycanın regionda liderliyini qəbul edən rəsmi Vaşinqton yaxşı anlayır ki, regional sabitlik üçün Azərbaycanın potensialından bəhrələnmək lazımdır. Buna ölkəmizin mövcud iqtisadi potensialı, geocoğrafi mövqeyi və siyasi qətiyyəti zəmanət verməkdədir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan böyük enerji layihələrinə Birləşmiş Ştatların verdiyi dəstək son məqamda həlledici təsirə malik olub. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında Amerikanın dəstəyi xüsusi rol oynayıb. Superdövlətin bu siyasəti davam etdirməsi bu gün digər regional layihələrin reallaşması üçün də əlverişli zəmin yaradıb. Dünyanın üzləşdiyi qlobal iqtisadi böhran fonunda ‘Trans-xəzər” və "NABUCCO” layihələrinə Amerikanın marağının artması bu tranzit marşrutlarının çəkilişinə ən böyük dəstək kimi səciyyələndirilə bilər. Azərbaycanla ABŞ arasında enerji, nəqliyyat sahəsində əlaqələrin digər dövlətlər üçün də töhfəsi diqqətdən qaçmamalıdır. Belə ki, bu gün GUAM ölkələri, eləcə də Şərqi Avropa dövlətləri bu imkanlardan istifadə edərək enerji təhlükəsizliyini təmin edir, nəqliyyat-kommunikasiya sistemlərini formalaşdırır. Bu yaxınlarda Budapeştdə keçirilmiş Beynəlxalq Enerji Sammitində ölkəmizin prezident səviyyəsində təmsil olunması, bundan sonra İsveçrənin Davos şəhərindəki ənənəvi Dünya iqtisadi Forumunda cənab İlham 67 Əliyevin Avropanın enerji təhlükəsizliyi ilə bağlı çıxışları, keçirdiyi yüksək səviyyəli ikitərəfli görüşlər bir daha sübut edir ki, Azərbaycan, sözün əsl mənasında, Avropanın yeni təhlükəsizlik arxitekturasında özünəməxsus yerini və siyasi çəkisini müəyyənləşdirib. ABŞ və Avropa ölkələri ilə formalaşmış belə münasibətlərin, eyni zamanda Rusiya ilə davam etdirilməsinə ölkəmiz nail ola bilib. Bu gün Rusiya Azərbaycanı özünün tərəfdaşı hesab edir və tərəflər arasında bir çox sahələri əhatə edən müsbət əlaqələr mövcuddur. Həmçinin regiona yaxın dövlətlərlə də müsbət münasibətlər qurmağa nail olan rəsmi Bakı dünyada balanslaşdırılmış xarici siyasət örnəyi sərgiləyir. Təbii ki, bu da yekunda Azərbaycanın qarşısına çıxan problemlərin həlli üçün geniş perspektivlər açır. Düşünürəm ki, bütün bunlar ən sonda Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də uğurlu gələcək vəd edir. Qeyd etməliyik ki, bu gün hər bir Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına böyük ümidlə baxır. Dövlət başçısı İlham Əliyev də dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli hazırda qarşıda duran ən birinci vəzifədir və bunun üçün bütün lazımi tədbirlər görüləcək. "Bu gün Azərbaycan sülh danışıqlarına sədaqətlidir və prosesin davam etməsində maraqlıdır. Bəzi ümidverici təkliflər səslənir, bəzi təşəbbüslər irəli sürülür. Biz bu təklifləri təhlil etməyə hazırıq, bunu edirik. Ancaq о da reallıqdır ki, məsələnin həlli çox uzanıbdır. Azərbaycanın artan iqtisadi, siyasi və hərbi potensialı, əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi daha da gücləndirir. Regionda baş verən hadisələr və regionda bizim oynadığımız rol Azərbaycanın mövqelərini gücləndirir. Çox sevindirici haldır ki, artıq Azərbaycanın ərazi bütövlüyü məsələləri heç kimdə şübhə doğurmur. Həm beynəlxalq təşkilatlar, həm də məsələ ilə məşğul olan qüvvələr bunu tam şəkildə bəyan edirlər. Yəni bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür. Bütün beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz, sadəcə olaraq, hələ ki, danışıqların aparılmasına ehtiyac duyuruq. Hesab edirik ki, ola bilər, reallıq qarşı tərəfi də bir az hərəkətə gətirsin və qarşı tərəf, nəhayət, anlasın ki, bu vəziyyətdə onların normal inkişafı mümkün ola bilməz. Bizim isə siyasətimiz tam açıqdır, birmənalıdır və dəyişməz olaraq qalır. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Bu, tarixən belə olubdur. Beynəlxalq hüquq normaları bunu təsdiqləyir. Münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər, işğalçı qüvvələr işğal olunmuş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycan vətəndaşları həmin bölgələrə, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar. Ondan sonra Dağlıq Qarabağın hüquqi statusu müzakirə oluna bilər. Biz bu müzakirəyə hazırıq. Ancaq bir şərtlə ki, bu status yalnız Azərbaycanın ərazi bütövlüyü ilə müəyyən oluna bilər. Azərbaycan başqa heç bir varianta getməyəcəkdir”. Beləliklə, yeni geosiyasi durumda Azərbaycan diplomatiyasının ölçülüb-biçilmiş taktiki gedişləri dövlətimizin indiyədək nail olduğu nüfuzuna xələl gətirilməsinin qarşısını alıb. Ötən ilin avqustunda Gürcüstanda baş vermiş qanlı hadisələr, bu yaxınlarda isə şahidi olduğumuz İsrail – Fələstin qarşıdurması ilə bağlı siyasi çaxnaşmalara münasibətdə Azərbaycanın siyasi iradə və təmkin nümayiş etdirməsi qarşıya çıxa biləcək problemlərdən məharətlə çıxması üçün zəmin yarada bilmişdir. Belə ki, hər iki halda, yəni həm Rusiya və Gürcüstanın, həm də İsrail və Fələstinin siyasi rəhbərlikləri Azərbaycanın diplomatik mövqeyinə rəğbətlə yanaşdıqlarını ifadə etmişlər. Xarici siyasətdə müəyyənləşdirilmiş prioritetlər, təbii ki, Azərbaycanın mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə çəkisinin artmasına və daha qüdrətli dövlət olmasına xidmət edir. Ви mənada şübhə yoxdur ki, dövlətimizin Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət strategiyası təkmilləşdikcə, diplomatik əlaqələri uğurla inkişaf etdikcə Azərbaycan tezliklə Qərb dünyasının, xüsusilə Avropa sivilizasiyasının ayrılmaz tərkib hissəsinə çevriləcəkdir.


Səttar Mehbalıyev
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri