Bələdiyyə üzvlərinin daxil olduğu Azərbaycan nümayəndə heyəti Strasburqa yola düşüb

“Azərbaycanın bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin növbəti sessiyasının işində iştirak etmək üçün Strasburq şəhərinə yola düşüb”- bu fikirləri Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, Avropa şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibinın rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun növbəti Sessiyasında iştirak üçün dəvət olunmuşdur.

Sessiya 26-31 oktybar 2025-cü il tarixlərində Strasburq şəhərində keçiriləcəkdir. Sessiya zamanı bir sıra Avropa Şurası ölkələrində Avropa Yerli özünüidarəetmə Xartiyasının tətbiqinin və seçki nəticələrinin monitorinqinin müzakirəsi də planlaşdırılır.

Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova və ABMA-nın məsul əməkdaşı Rövşən Məmmədov daxildir.