"Qubadlı təkcə keçmişin xatirələri ilə deyil, gələcəyin böyük planları ilə yaşayır"

“Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 oktyabr - Qubadlı şəhəri günü kimi müəyyən olunub. Qubadlı Azərbaycanın ən gözəl guşələrindən biridir. Həm təbii-coğrafi baxımdan, həm də iqtisadi imkanlarına görə bu diyar ölkəmizin əsl sərvət xəzinəsidir. Qarabağ yaylasının cənub-şərq ətəklərində, Həkəri və Bərgüşad çaylarının vadisində yerləşən Qubadlı rayonu qədim zamanlardan etibarən məhsuldar torpaqları, zəngin flora və faunası, eləcə də əməksevər insanları ilə tanınıb. İşğala qədər Qubadlı Azərbaycan kənd təsərrüfatının mühüm mərkəzlərindən biri olub. Burada əsasən taxılçılıq, tütünçülük, üzümçülük, bostançılıq və heyvandarlıq inkişaf etmişdi. Bu gün isə işğaldan azad edilmiş Qubadlı iqtisadi dirçəliş və yeni inkişaf mərhələsinə qədəm qoyub.”

Bu sözləri aia.az-a açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.

Fikirlərini davam etdirən deputat Qubadlının böyük turizm potensialına malik olduğunu da xüsusi vurğulayıb: “Qubadlı təbii sərvətlərlə çox zəngindir. Rayonun müxtəlif kəndlərində qiymətli tikinti materialları və faydalı qazıntı yataqları mövcuddur. Məsələn, Hacılı kəndində mişar daşı, Eyvazlıda əqiq, Bərgüşad çayının sahilində yəşəm, Əliquluuşağı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, Mollabürhan kəndində tuf daşı və Xanlıq kəndində qum-gil yataqları aşkar olunub. Bu təbii sərvətlər gələcəkdə Qubadlının sənaye potensialının əsasını təşkil edəcək. Digər tərəfdən isə rayonun coğrafiyası həm də ekoloji turizm baxımından geniş imkanlar açır. Meşə fondu 13 min hektardan çoxdur və burada dərman bitkiləri, nadir ağac növləri, təbii bulaqlar, təmiz hava və unikal mənzərələr mövcuddur. Bu resurslar ekoturizm və yaşıl enerji layihələri üçün böyük potensial yaradır. Artıq bölgədə yeni enerji və nəqliyyat infrastrukturları qurulur. Prezident İlham Əliyevin tapşırığı ilə Qubadlıda yeddi yarımstansiyanın inşası həyata keçirilir, bu isə rayonun enerji müstəqilliyini təmin etməklə yanaşı, sənaye və kənd təsərrüfatı sahələrinin inkişafına da şərait yaradacaq.”

Daha sonra G.Qəhrəmanov Qubadlının əsas iqtisadi inkişaf istiqamətlərindən bəhs edib: “Qubadlıda inşa olunan Qubadlı–Eyvazlı və Qubadlı–Laçın avtomobil yolları rayonun iqtisadi həyatını canlandıracaq, həm istehsal, həm də ticarət əlaqələrinin genişlənməsinə təkan verəcək. Eyni zamanda “Qubadlı” gömrük postunun yaradılması regionun logistik əhəmiyyətini artırır, bu da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını birləşdirən yeni iqtisadi körpü rolunu oynayır. Bütün bu layihələr göstərir ki, Qubadlı bu gün yalnız azad edilmiş bir rayon deyil, həm də Azərbaycanın gələcək iqtisadi inkişaf modelinin ayrılmaz tərkib hissəsidir. Bu gün Qubadlı təkcə keçmişin xatirələri ilə deyil, gələcəyin böyük planları ilə yaşayır. Qubadlı yenidən dirçəlir və bu dirçəliş Azərbaycan xalqının iradəsinin, dövlətimizin gücünün və vətən sevgisinin təntənəsidir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.