Azərbaycan Hesablama Palatası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentində həyata keçirdiyi auditin nəticələrini açıqlayıb. Bəzi Mənzil-Kommunal Təsərrüfatları Birlikləri (MKTB) tərəfindən aktivlərin dəyərinin düzgün olmayaraq xərcə (digər xərclərdə) silinməsi, cari təmir xərclərinin gəlirdən çıxılmalı olan təmir xərcinin normasından artıq aparılması və xərclərə aid edilməsi, liftlərə texniki xidmət haqqına hesablanılıb və Departamentdən maliyyələşmə əvəzinə verilmiş mal-materialların dəyərinə tətbiq edilmiş ƏDV-nin düzgün olmayaraq xərcə silinməsi nəticəsində mənzil fondunun xərcləri artırılıb.
sabahinfo.az report-a istinadən bildirir ki, ötən ilin əvvəlinə mənzil fondunun əhalisi 902 526 nəfər və yaşayış sahəsi 10 548 690,6 kv. metr, istifadə olunan qeyri-yaşayış sahəsi 486 270,8 kv. m və liftlərin sayı 5 552 vahid təşkil edib.
Həmçinin, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondları üzrə 8 layihənin icrası nəzərdə tutulub, həmin layihələrdən 2-si üzrə ümumiyyətlə maliyyələşmə açılmayıb: "Əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınmadığından mənzil fondunun inzibati idarə və xidməti heyətinin, ev təsərrüfatının saxlanılması və cari təmir xərcləri düzgün hesablanılmayıb, mənzil fondunun zərərinin ödənilməsi üçün dövlət büdcəsi layihəsinə mənzil fonduna aid olmayan xərclər daxil edilib. "Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları" əsasında hesablanılmalı və təsdiqlənməli olan xərclərin proqnozlaşdırılması zamanı göstərilən normanın tələblərinə əməl olunmayıb".
Yoxlamalar zamanı dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə bir sıra obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanmadığı, oxşar obyektlər üzrə analoji əmsallar tətbiq olunmaqla müəyyən edilmiş, işlərin istismara verilməsi barədə aktlar tərtib edilmədiyi və yeni yaranmış dəyər aidiyyəti təşkilatlar tərəfindən müvafiq qaydada uçota alınmadığı aşkar edilib. Bəzi hallarda tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi nəticəsində smeta sənədlərinə və qəbul aktlarına əsassız və eləcə də tikinti texnologiyasına görə yerinə yetirilməsi mümkün olmayan işlər daxil edilib, layihələrin yerinə yetirilməsi zamanı vaxtın azlığı əsas götürülərək işlər əsasən birbaşa müqavilələrin bağlanılması üçün icazə alınması ilə icra edilib.
Eyni zamanda, mənzil fondu xərclərinin əsassız artırılması səbəbindən təsərrüfat fəaliyyəti üzrə artıq maliyyələşmə aparılmış məbləğin 2016-cı ildə dövlət büdcəsinin yerli xərclərindən mənzil fondunun zərərinin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitdən azaldılması hesabına bərpası üçün Bakı şəhər Baş Maliyyə İdarəsinə müvafiq məlumat təqdim olunub.