DİN-də müstəntiqlərin respublika toplantısı keçirilib

Bu gün Daxili İşlər Nazirliyinin konfrans salonunda istintaq və təhqiqat qurumları əməkdaşlarının respublika toplantısı keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat verib, Nazirlik və onun struktur orqanları tərəfindən ölkənin qanunları, dövlət başçısının fərman, sərəncam və tapşırıqları rəhbər tutulmaqla cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin uğurla davam etdirildiyini xatırladıb.

Sonra Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev geniş hesabat məruzəsi ilə çıxış edib.

O deyib ki, istintaq və təhqiqat işinin düzgün təşkili cinayətlərin açılması və araşdırılmasında, cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində mühüm əhəmiyyət kəsb etdiyindən, eləcə də ibtidai araşdırmanın keyfiyyəti məhkəmənin çıxardığı hökmün qanuni və ədalətli olması üçün əsas amil olduğundan istintaq və təhqiqat qurumlarının fəaliyyəti hər zaman Nazirliyin rəhbərliyinin bilavasitə diqqətində olub. Üzərinə düşən məsuliyyəti dərindən anlayan Baş İdarənin rəhbərliyi istintaq və təhqiqat qurumlarının işinin qanunvericiliyin və müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində fəaliyyət göstərir. Bu yöndə qanunçuluğun qorunması, prosessual araşdırmaların düzgün təşkil olunması, əməkdaşların peşə hazırlığının artırılması məqsədilə, Nazirliyin rəhbərliyinin yaxından və böyük dəstəyi ilə bütün lazımi tədbirlər görülüb və davam etdirilir.

 

Məruzəçi qeyd edib ki, son 5 ildə daxili işlər orqanları müstəntiqlərinin icraatında olan və istintaqı tamamlanmış işlərin 79,7 faizi ittiham aktı ilə məhkəmələrə göndərilib. Göstərilən dövrdə istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş maddi ziyanın 78 faizinin ödətdirilməsi təmin edilib. Bütün bunlarla yanaşı, istintaq aparatının fəaliyyətində bir sıra nöqsanların da mövcudluğu, bəzi istintaq qurumlarında araşdırmaların qanunla müəyyən edildiyindən artıq müddətdə tamamlandığı, bəzi cinayət işlərinin əlavə istintaqa qaytarıldığı, əsassız qərarların qəbul olunmasına yol verildiyi də nəzərə çatdırılıb.

Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Emil Usubov qeyd edib ki, son 5 ildə "102" xidməti-zəng mərkəzi sistemindən yerlərə ötürülmüş cinayət xarakterli məlumatlarla onlara baxılmasının nəticələri arasındakı uyğunsuzluqların yoxlanılması çərçivəsində 8134 fakt öyrənilərək nöqsanların aradan qaldırılması təmin edilib, habelə məlumatların prosessual araşdırmaya yönəldilməsi və cinayət əməlinin düzgün tövsif olunması ilə əlaqədar ərazi orqanlarına əməli köməkliklər göstərilib. Həyata keçirilmiş tədbirlərdən biri də münaqişəli ailələrin ətrafında aparılan profilaktik işdə təhqiqat əməkdaşlarının əməli iştirakının təmin edilməsi olub. Bununla əlaqədar, "Məişət zorakılığı haqqında” qanuna və aidiyyəti kollegiya qərarlarına müvafiq olaraq, göstərilən müddətdə 1306 ailənin münaqişəli kimi uçota götürülməsi barədə qərarlar çıxarılıb və icra olunması üçün ictimai təhlükəsizlik strukturlarına göndərilib.

O da bildirilib ki, təhqiqat işinin əsas göstəricilərindən olan cinayət işinin başlanılması və təxirəsalınmaz istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı ərazi orqanlarına idarəçilik təsirinin yüksəldilməsi 2015-ci ildə cinayət işlərinin başlanmasında 13 faiz artımla nəticələnib.

 

Nazir R.Usubov tədbirdə bildirib ki, müstəntiqlər tərəfindən hər il orta hesabla 25 min cinayət işinin istintaqı aparılır ki, bu da respublikanın hüquq mühafizə orqanlarının icraatında olan işlərin 80 faizini təşkil edir və onların 45 faizinin istintaqı tamamlanaraq 9 minə yaxını ittiham aktı ilə məhkəmələrə göndərilir. Cinayət xarakterli məlumatlara baxılmasında ixtisaslaşmış təhqiqat qurumları da xüsusi rol oynayır.

O da vurğulanıb ki, respublikanın prokurorluq və digər hüquq mühafizə orqanları ilə birgə işgüzar fəaliyyətin məntiqi yekunu olan bu nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirilir. Belə ki, Beynəlxalq İqtsadi Forumun 2014-2015-ci illərə dair məlumatına görə, «Mütəşəkkil cinayətkarlıq» indikatoru üzrə Azərbaycan 144 ölkə arasında 40-cı, Avropa məkanında isə 20-ci yeri tutur. Birləşmiş Millətlər Təşkilatının hesabatlarına əsasən, ümumi cinayətlərin içində mülkiyyət əleyhinə olanların xüsusi çəkisi dünyada 75-80 faiz olduğu halda, Azərbaycanda son 3 ildə orta hesabla 45 faiz təşkil edir. O da qeyd edilib ki, bu nəticələrə dünyanın əksər ölkələri ilə müqayisədə xeyli az sayda şəxsi heyətlə nail olunub.

Sonra cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən istintaq və təhqiqat qurumlarının bir qrup əməkdaşının mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilib və Ramil Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.