Berlində regional təhlükəsizlik məsələsi də diqqət mərkəzində idi

Prezident İlham Əliyev Rusiyaya işgüzar səfərindən üç gün sonra-aprelin 25-də Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya işgüzar səfər etdi. Azərbaycan Prezidentinin beynəlxalq əhəmiyyətli bu səfərə işğaldan azad edilmiş Füzuli şəhərindən yola düşməsi faktının özü də dünya ictimaiyyətinə olduqca mühüm olan bu mesajı verdi: Azərbaycan ərazi bütövlüyünü, Qarabağ və Şərqi Zəngəzur üzərində suveren hüquqlarını bərpa etməklə Cənubi Qafqazda  yeni geosiyasi reallıq yaradıb. Elə bir reallıq ki, o, beynəlxalq hüquqa və tarixi ədalətə söykənir, təkcə Azərbaycan və Ermənistan üçün deyil, regional və qlobal miqyasda əmin-amanlıq,  faydalı iqtisadi inteqrasiya prosesləri üçün fürsətlər yaradır.

Təsadüfi deyil ki, Berlində keçirilən forumda və yüksəksəviyyəli ikitərəfli görüşlər zamanı COP29-a həsr olunmuş fikir mübadiləsi öncüllük təşkil etsə də, regional təhlükəsizliklə bağlı məsələlərə də xüsusi yer ayrıldı. Bunu Prezident İlham Əliyevin və Kansler Olaf Şoltsun aprelin 26-da keçirilən birgə mətbuat konfransında da görmək mümkün idi. Belə ki, Almaniya Kanslerinin mətbuata verdiyi bu açıqlaması onun ölkəsinin xarici siyasət sahəsindəki prioritet istiqamətlərindən birinə dəlalət edir: “Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir. Onu da qeyd edim ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir”.

Artıq cəmiyyətimiz üçün sirr deyil ki, Ermənistanın əsas təəssübkeşi qismində çıxış edən Fransa Parlamentinin  “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” ilə bağlı beynəlxalq hüquqa zidd olan  qətnamələrində, eləcə də Avropa Parlamentinin 2021-ci ildən indiyədək Azərbaycan əleyhinə qəbul etdiyi 8 qətnaməsində, habelə AŞPA-nın ayrı-ayrı qərarlarında istər İkinci Qarabağ müharibəsinin, istərsə də ötən ilin sentyabrında həyata keçirilən antiterror tədbirinin hüquqi əsasları ədalətsiz şəkildə şübhə altına alınır. Elə bu səbəbdən, Prezident İlham Əliyevin birgə mətbuat konfransında həmin iddiaların əsassız olduğuna dair diplomatik məzmunlu açıqlaması regionumuzda həqiqətən sülh istəyənlərə mühüm mesaj idi: “Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad etmişdir. Keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Təbii ki, bu, tarixi nailiyyətdir və onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik”.

Azərbaycan Prezidentinin Almaniyaya işgüzar səfərə məhz Füzuli hava limanından yola düşməsi həm də bu açıqlamanın artıq tarixi bir gerçəklik olduğuna beynəlxalq diqqətin növbəti dəfə cəlb edilməsi baxımından xüsusi siyasi çəkiyə malikdir. Digər tərəfdən, bu açıqlama insan hüquq və azadlıqları adı altında Avropa Parlamentinin aprelin 25-də Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnaməsində irəli sürülən əsassız iddialara və ABŞ-də ölkəmiz əleyhinə sanksiya çağırışı edən bir qrup konqresmenin ədalətsiz təşəbbüsünə ən obyektiv və tutarlı cavabdır. Cəmiyyətimizdə bu cür təşəbbüslər ona görə kəskin etirazla qarşılanır ki, sözdə sülhə çağırış edən siyasi mərkəzlər bir-biri ilə sinxron şəkildə Azərbaycana qərəzli qətnamə və bəyanatlarla, sanksiya hədəsi ilə təzyiq göstərməyə cəhd edirlər. İctimai etirazın bir səbəbi də onunla bağlıdır ki, insan hüquqlarının (oxu: ermənilərin) qorunması adı altında sanksiya siyahısına Vətən müharibəsi qəhrəmanlarımızın adları salınır. Prezident İlham Əliyevin mətbuat konfransında beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini növbəti dəfə xatırlatması müxtəlif bəhanələrlə Azərbaycanı qərəzli şəkildə hədəfə alan təşəbbüslərin ədalətsizliyini dünya ictimaiyyətinə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir.

Üzləşdiyimiz haqsızlıqlara, bəzilərinin hüquq normaları ilə yanaşı, ən elementar etik davranış qaydalarını aşmasına  baxmayaraq, Prezident İlham Əliyev Berlində həm ev sahiblərinə, həm də beynəlxalq birliyə Azərbaycanın sözdə və əməldə sadiq olduğu bu mesajı verdi: “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq”.

 

Ülvi Quliyev  

Milli Məclisin deputatı