Eurovision rəqəmləri açıqladı Səmra xeyli öndə imiş

Avropa Yayım Birliyi Eurovision 2016-da iştirak edən ölkələrin yarımfinallarda jüri və televiziya səsverməsi ballarını açıqlayıb. Qeyd edək ki, Azərbaycan iştirak etdiyi ilk Yarımfinalda 6-cı yeri tutub. Bizə ən yüksək jüri səsini verən ölkə 10 balla İsveç olub. Belə ki, onlar yalnız müsabiqənin əsas favoritlərindən olan Avstraliyaya bizdən daha yüksək bal veriblər.

sabahinfo.az bildirir ki, hər il olduğu kimi bu il də Eurovision skandalsız ötüşməyib. Şansları yüksək hesab olunan bir neçə ölkənin isə hətta finala belə çıxa bilməməsi onların fanatlarını məyus edib. Belə ki, rəqabətin xüsusilə güclü olduğu ilk yarımfinalda yer alan İslandiya, Bosniya və Hersoqovina və Finlandiya finala vəsiqə əldə edə bilməyib. İkinci yarımfinalda isə fanatların sevimli ölkələrindən olan Norveç, İrlandiya və Belarus uğursuzluğa düçar olub.

Azərbaycanın 17-ci yeri tutmasına baxmayaraq İspaniya, Almaniya, Böyük Britaniya və hətta builki müsabiqənin əsas favoritlərindən hesab olunan və Sanya Vuçiç tərəfindən təmsil olunan Serbiyanı qabaqlamağa müvəffəq olub.

Onu da qeyd etmək lazımdır ki, 2011-ci ildən bəri ilk dəfə Azərbaycanın müsabiqəyə göndərdiyi mahnı Avropada əsl hitə çevrilə bilib. Belə ki, dünyanın ən məşhur online musiqi dinləmə platforması olan Spotify-da Səmra Rəhimlinin ifa etdiyi "Miracle" mahnısı yarım milyon dəfə dinlənib. "Miracle" mahnısının klipi ümumilikdə beş milyon üç yüz min dəfə izlənərək hətta müsabiqənin favoriti Sergey Lazarevin "You are the only one" mahnısının klipini geridə qoyub. Bununla yanaşı olaraq Azərbaycanın mahnısı Almaniya, Niderland, Norveç, İspaniya, Rusiya, Avstriya, İsrail, Finlandiya, İsveçrə və Belçika kimi ölkələrdə ən çox dinlənən mahnılar siyahısına daxil olub.