Gənclər Kuboku təqdimatı və püşkatması baş tutdu

"İRƏLİ” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən"Gənclər Kuboku” layihəsinin açılış mərasimi olub.

"Gənclər Kuboku” layihəsi 2017-ci il İslam Həmrəyliyi ili çərçivəsində keçiriləcək olan İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində həyata keçirilir.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda keçirilən yarışların ən yüksək səviyyədə keçirildiyini vurğulayıb. "Ölkə prezidenti Cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə, dövlətə bilavasitə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu inkişaf var.Bu gün və sabahın gənci tariximizə, mədəniyyətimizə sahib çıxan fiziki sağlam gənclik olmalıdır”-deyə nitqində bildirib.

Daha sonra çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bu kimi layihələr ictimai dəstək olaraq digər QHT, Gənclər təşkilatları üçün bir növ nümunə olacaq ki, onlar da İslam Həmrəylik Oyunlarına dəstək olsunlar.

"İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov Azərbaycan bayrağının beynəlxalq arenada qürurla dalğalanmasında idman sahəsinin xüsusi önəmi olduğunu qeyd edib. Gələcəkdə "Gənclər Kuboku” layihəsinin davamlı olaraq həftəsonu tədbirlər planına daxil olacağını bildirib.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda keçirilən bu kimi yarışların Azərbaycan gəncliyi, bu günü və gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Belarusiyada olan görüşdən və Azərbaycanda baş tutan böyük layihələr haqqında fikirləri bölüşdüyünü bildirib.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov İslam oyunları ilə bağlı, idmanla bağlı keçirilən layihələrdə gənclərə hər zaman dəstək olacaqlarını vurğulayıb. İnkişaf etməkdə olan bir dövlət olaraq əldə edilən uğurlar, böyük yarışlara ev sahibliyi etməmizin böyük uğur olduğu qeyd edilib.

Sonda Elçin Səfərov, İntiqam Babayev, Vüsal Quliyev, Coşqun Rəhimov, Fərhad Hacıyev, Nurəddin Mehdiyev, Ayaz Bayramov, Fərhad Əliyevin iştirakı ilə püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 15 aprel tarixindən etibarən hər həftəsonu layihəni əhatə edəcək Futbol, Basketbol, Voleybol, Şahmat, Səmti müəyyənetmə, Yüngül atletika, Stolüstü tenis, Üzgüçülük, Atıcılıq, Velosiped idman növləri üzrə yarışacaqlar.

Birliyin mətbuat xidmətindən verilən məlumata əsasən "Gənclər Kuboku” layihəsində təmsil olunan ali təhsil müəssisələri və komanları qeyd edirik:-AU-Armada, BANM-Nightmare, AzTU-Texno, ADPU-Paradox, ADİU-İqtisadçı, AzMİU-Black knights, ADNSU-Boomerang, DİA-İcomparable, ADU-Rixos, Xəzər-Challengers, BDU-Dangerous, ADA-İsland, ATMU-Universal, BSU-Slavic jaguars.

"Gənclər Kuboku” Bakı 2017 İslam Həmrəylik Oyunlarında oynanılacaq 10 idman növünü əhatə edən və müxtəlif gənclər qrupu arasında keçiriləcək idman çempionatıdır. Layihənin ümumilikdə məqsədi müxtəlif idman oyunları üzrə gənclər arasında idman turniri keçirərək sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarını səmərəli təşkil edilməsinə şərait yaratmaqdır. Əsas məqsəd isə keçiriləcək İslam Həmrəylik Oyunlarına, yarışlara dəstəyi nümayiş etdirməkdir.

SAY, Gənc Əkinçi, Azərbaycanın İntellektual BİRincisi brendlərindən sonra Yeni ildə yeni BRAND formalaşdırırıq , "YOUTH CUP"! "İRƏLİ” İctimai Birliyinin silsilə layihələrindən olacaq "Gənclər Kuboku” layihəsi bir yenilik olacaqdır.

Qeyd edilib ki, bir sıra yarışlar online olaraq "İRƏLİ” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Gənclərin Radiosu İRƏLİ Radiodan (İradio.az) canlı olaraq şərh olunacaq. Yarışların nəticələri və gedişatın izlənilməsi, komanda haqqında məlumatların əlavə olunması üçün birlik tərəfindən www.youthcup.az yeni veb site hazırlanır ki, bu yaxınlarda gənclərin istifadəsinə veriləcəkdir.