Keçmiş deputat, hazırda üzərində şərti məhkumluğu olan Gülər Əhmədova xaricdə əməliyyat olunmaq üçün ölkədən çıxışına icazə verilməsini istəyirdi. Bundan əvvəl Yasamal Rayon Məhkəməsi keçmiş deputatın bu barədə müraciətinə «yox» cavabı vermişdi. Qərarda göstərilirdi ki, G.Əhmədova yalnız xaricdə müalicəsini əsaslandıran sübutlar təqdim etməyib. G.Əhmədova isə həmin qərardan apellyasiya şikayəti vermişdi.
G.Əhmədovanın şərti məhkumluğu ilə əlaqədar sınaq müddətinin başa çatmasına 10 ay qalıb. Keçmiş deputat 8 aylıq icazə istəyirdi.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videolardan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. Həmin videolarda E.Abdullayevdən deputat seçilməsindən ötrü 500 min dollar rüşvət alınması və bunun prezident aparatına çatdırılması haqqında söhbət gedirdi. Videolar E.Abdullayevin iş yerində gizlin çəkilmişdi. Söhbətin onunla G.Əhmədova arasında getdiyi iddia olunurdu. G.Əhmədova mətbuatda videoların montaj olduğunu açıqlamışdı.
Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.