“Biz səni dirçəldəcəyik, əziz Şuşa!”

Dövlət başçısının bu sözləri şəhərin əvvəlkindən də gözəl olacağı inamını yaradır.

Azərbaycanın tarixində müstəsna əhəmiyyətə malik olan Şuşanın işğal edilməsi ölkəmiz üçün ən ağrılı hadisələrdən biri idi. Ölkənin canlı musiqi akademiyası adlandırılan Şuşa şəhəri 1992-ci il mayın 8-də xəyanətin qurbanı oldu. Nəticədə 22 minə yaxın şuşalı məcburi köçkünə çevrildi. Şəhər uğrunda döyüşlərdə 195 azərbaycanlı şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər itkin düşdü. Ermənilərin əsir götürdükləri və Şuşa həbsxanasında saxladıqları 144 nəfər azərbaycanlı isə sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.

Bu təcavüz nəticəsində Şuşada 25 məktəb, 31 kitabxana, 20 səhiyyə müəssisəsi, 17 klub, 8 mədəniyyət evi, 4 texnikum, 2 institut filialı, 7 uşaq bağçası, 4 kino-teatr, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Xalça Muzeyi, Dram Teatrı, Telestudiya, Musiqi alətləri fabriki, Rəsm qalereyası, Uşaq Sağlamlıq Məktəbi yandırıldı, talan edildi, viran qoyuldu. Bundan əlavə Şuşanın memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası, 160-dək tarixi, mədəniyyət abidələri də erməni vandalları tərəfindən dağıdıldı, məbədgah və məscidlər təhqir edildi, bir milyondan çox kitab, çoxlu sayda nadir əlyazma nümunələri məhv edildi. Təkcə bunlarmı?

XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı, İbrahim xanın bürcü, qəsri, Xan sarayı, Karvansaray, M.P.Vaqifin məqbərəsi, Yuxarı Məscid mədrəsəsi, Hacıquluların, Mehmandarovların malikanələri, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Saatlı, Köçəri məscidləri, Xurşudbanu Natəvanın evi, bulağı, Ə. Haqverdiyevin, Q. Zakirin, M.M. Nəvvabın, S.S. Axundovun, N. Vəzirovun, Y.B. Çəmənzəminlinin, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin, Üzeyir bəy Hacıbəylinin, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, "Realnı" məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və daha nələr, nələr erməni vəhşiliyinin qurbanı oldu.

Biz azərbaycanlılar düz 28 il Şuşa həsrəti ilə yaşadıq. Ulu öndərimiz Heydər Əliyev əbəs yerə demirdi: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”. Nəhayət, 2020-ci il noyabrın 8-də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin dilindən "Şuşa, sən azadsan!",  "Biz səni dirçəldəcəyik!" sözlərini eşidəndə sanki yenidən bütövləşdik.

Ordumuzun rəşadətli əsgər və zabitləri isə XXI əsr hərb tarixinə qızıl səhifələr yazdılar. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, döyüşlərdə canlarından keçən və yaralanan igid oğullarımızın qəhrəmanlıqları barədə isə hələ çox yazılacaq, çox danışılacaq.

Bu yerdə bir məqama toxunmaq istərdim. Bu günlərdə ölkə başçısı İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin etdi və onu videoformat şəklində qəbul edib öz tövsiyələrini verdi. Gerçəkdən zaman çox dəyişib. Dövlət başçımızın təbirincə desəm, indi biz yeni reallıqlar yaratmışıq. Və bu reallıqlar çərçivəsində də fəaliyyət göstəririk. Sözsüz ki, Şuşaya xüsusi nümayəndənin təyin edilməsi də həmin reallıqlardan irəli gəlir.

“Böyük Qayıdış Planı” artıq işə düşüb. Ölkə başçısının Şuşaya xüsusi münasibəti və qayğısı, bu şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan etməsi də təsadüfi deyil. Çünki Şuşa öz gözəlliyi, əsrarəngiz təbiəti, xalqımızın əsas mədəniyyət beşiyi kimi yox, hərbi baxımdan strateji əhəmiyyətə malikdir. XIX əsrdən etibarən Azərbaycan torpağında, o cümlədən Qarabağda məskunlaşmağa başlayan ermənilər öz mənfur niyyətlərini, əməllərini gerçəkləşdirmək üçün daim Şuşanı ələ keçirməyə cəhd göstəriblər. Qarabağ xanlığı məhv edildikdən sonra yeni yaradılmış Qarabağ vilayətinin, 1840-cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrilən şəhərdə çar hökumətinin himayədarlığı ilə çoxalan ermənilər azərbaycanlıları sıxışdırmaq üçün qanlı hadisələr törətməkdən belə çəkinməyiblər. Şəhər dəfələrlə ermənilər tərəfindən hücuma məruz qalıb. 1920-ci ildə isə şəhərin bir hissəsi vəhşi qonşularımız tərəfindən dağıdılıb. Təbii ki, 1992-ci il mayın 8-də Şuşanın işğal ediləcəyini heç kim təsəvvür etmirdi və heç ağlına da gətirmirdi...
Bir maraqlı nüans isə ondan ibarətdir ki, ermənilər Dağlıq Qarabağda nə qədər məskunlaşsalar da, Şuşaya yaxın gəlməkdən daim qorxurlar. Belə ki, şəhər işğal olunana qədər burada yaşayanların 98 faizi azərbaycanlılar olub və bu faktı Azərbaycan Prezidenti Şuşaya təyin etdiyi xüsusi nümayəndəni qəbul edərkən də vurğuladı.

Şuşa təkcə öz gözəlliyi-havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyətinə görə vaxtilə nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da öz şəfalı yerlərinə, istirahət guşələrinə, ekoloji təmizliyinə görə məşhur idi. Qarabağın tacı sayılan, təbii gözəlliyi, Xarı bülbülü, zəngin meşələri, şəlalələri, tarixi-mədəni abidələri, Cıdır düzü, İsa bulağı, Turş suyu ilə bir vaxtlar təkcə yerli sakinlərin deyil, eyni zamanda respublikanın bütün bölgələrindən, xaricdən gələn qonaqların könlünü oxşayırdı Şuşa...

Heç şübhəsiz ki, ölkə başçısının “Şuşa, biz səni dirçəldəcəyik” sözlərinin arxasında hansı işlərin görüləcəyini təsəvvür etmək heç də çətin deyil.

Əliabbas Salahzadə
Millət vəkili