Azərbaycan Ordusu Azərbaycanın torpaqlarını işğaldan azad etdi. 2023-cü il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Bu tarixi Zəfər dövlətimizin siyasi nüfuzunu yüksəltdi, dünya dövlətlərinin Azərbaycanla siyasi və iqtisadi əlaqələri daha da möhkəmləndi. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə Konstitusiya və Suverenlik ili başa çatdı. Dövlət başçımız yerli televiziya kanallarına verdiyi müsahibəsində dünya dövlətlərinin Azərbaycana ehtiramından, güclü Azərbaycan dövlətinin iqtisadiyyatının daha da yüksəlməsindən, Azərbaycan gerçəkliklərinin dünyəvi siyasətə təsirindən, ikitərəfli və çoxtərəfli münasibətlərdə istər iqtisadi, istərsə də güc amilinin əhəmiyyətindən və s. söz açdı. Bu müsahibə ötən ilin sonu ilə səsləşsə də yeni ildə Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə fəaliyyətinin konturları haqqında gerçək informasiyalar vermə baxımından tarixləşdi.
Azərbaycan-Amerika münasibətləri kontekstində 2025-ci ilin tarixi il sayıldığını qeyd edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağ Evdə Prezident Trampın və Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə keçirilən mərasimdə 907-ci düzəlişə son qoyulduğunu da xatırlatdı.
907-ci düzəliş Azərbaycana qarşı böyük ədalətsizlik idi və uzun müddət bu ədalətsizlik Azər¬bay¬canın istər siyasi, istərsə də iqtisadi nufuzuna təsir göstərmişdi. Siyasi təsir mexanizmləri bu ədalətsizliyin aradan qaldırılmasına imkan vermirdi. Dünyəvi siyasət, bəşəri siyasət olmadan belə bir haqsızlığı aradan qaldırmaq çətin idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici siyasəti bu ciddi problemin aradan qaldırılmasına imkan yaratdı. Dövlət başçımız müsahibədə bu haqda da müfəssəl məlumat verdi və bu məlumat tarixi gerçəkliyin ifadəsi oldu: “O vaxt bu düzəlişin təbii ki, böyük təsiri var idi. Çünki Azərbaycan çox kasıb ölkə idi, xəzinə boş idi, valyuta ehtiyatlarımız yox idi. Bizi yardımdan məhrum etmək, əlbəttə ki, bizə böyük bir zərbə idi. Nəzərə alsaq ki, o vaxt minlərlə, on minlərlə köçkün artıq ağır şəraitdə yaşayırdı və bu, həm siyasi cəhətdən ədalətsiz idi, həm praktik nöqteyi nəzərdən çox təsirli idi. Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Çünki Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi, həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki, Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, - hamımız onu xatırlayırıq necə başa çatıb, bu, Bayden Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxması, Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik”.
Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub. 2020-ci ili noyabrın 10-da imzalanan üçtərəfli Bəyanata əsasən Zəngəzur dəhlizi açılmalıdır. Ancaq müəyyən səbəblərdən bu, hələ öz həllini tapmayıb. Müsahibədə bu məsələ ilə əlaqədar dövlət başçımız dedi ki, “Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir”.
Dövlət başçımız Azərbaycanın Çinlə strateji tərəfdaşlığından, Azərbaycanın D-8 təşkilatına üzv olmasından, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsindən, işğaldan azad edilmiş rayonlarımızın beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsindən də danışaraq Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində türk dövlətləri arasında hərbi əməkdaşlıq elementi barədə təklifdən də söz aşdı: “Birinci dəfə deyil ki, mən bu Zirvə görüşlərində bu məsələyə toxunuram. Çünki bilirəm və görürəm, dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. Hətta Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir. Qəbələdəki Zirvə Görüşündə mən bu tezisdən daha da irəli gedərək təklif etdim ki, bu il Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimləri keçirilsin. Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir”.
Azərbaycan ədalətli müharibəsində tarixi Zəfər qazandı. Bu Zəfər təsdiqlədi ki, Azərbaycan güclü dövlətdir. Bu, gerçəklikdir. Həm də güclü dövlət də müstəqlliyini əbədi etmək üçün, xarici təcavüzlərdən etibarlı müdafiə olunmaq üçün hərbi gücünü daim artırır. Dövlət başçımız bu haqda da qürurlu fikir bildirərək dedi ki, “Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz “Kim bunu dəstəkləmədi?”. Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək”.
Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması böyük tarixi hadisə oldu. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması da böyük tarixi hadisə olacaq. Həm də Azərbaycanın siyasi nüfuzunu yüksəltməklə. Yerli televiziya kanallarına müsahibəsində Azərbaycan Respublikasının Prerzidenti cənab İlham Əliyev qürurla bildirdi ki, nəhəng investisiya layihələrini və Qarabağın yenidən qurulmasını nəzərə alsaq, bu, həqiqətən iqtisadiyyatımızın güclü dayanıqlılığını nümayiş etdirir: “İki aparıcı reytinq şirkəti bizim kredit reytinqimizi yenilədi. Bunlar “Moody’s” və “Fitch” şirkətləri idi və burada reytinq investisiya səviyyəsi yenilənərək, proqnoz da sabitdən müsbətə doğru yenilənmişdir. Mən tamamilə əminəm ki, bizim kredit reytinqi üzrə göstəricimiz olduğundan daha aşağı qiymətləndirilir, çünki bizim böyük ehtiyatlarımız var, aşağı xarici borcumuz var, özünü təmin edən iqtisadiyyatımız var və hesab edirəm ki, bir çox digər amillər bizə daha yüksək reytinqə malik olmağa imkan verir. Bizim müvafiq dövlət təsisatları fəaliyyətimiz haqqında daha çox məlumat vermək üçün bu reytinq agentlikləri ilə çalışır ki, Azərbaycanın həqiqi reytinqi lazımi şəkildə əks olunsun. Çünki bu, təkcə prestij məsələsi deyil, baxmayaraq ki, belədir. Bu, həm də bizə, xüsusilə indi borc götürməyə qərar verdiyimiz bir dönəmdə daha yaxşı şərtlərlə borc götürməyə imkan verir. Odur ki, mən hökumətə borc götürməyi dayandırmağı tapşıranda hədəfim xarici borcu ÜDM-in 10 faizindən daha aşağı səviyyəyə gətirmək idi və indi o, ÜDM-in 6,3-6,4 faizini təşkil edir”.
İşğal olunmuş ərazilərdə bölgələr arasında bağlantı yaradıldığını, həmin bölgələrin ölkəmizin digər əraziləri Gəncə-Qərb, Tərtər-Bərdə-Bakı, Füzuli-Biləsuvar-Cənub istiqamətləri üzrə bağlantının yaranması üzərində işlənildiyini, dairəvi enerji sistemi qurulduğunu, yol-nəqliyyat infrastrukturunun sürətlə inkişaf etdiyini, bərpa olunmuş rayonlarımızda bu gün artıq 70 min insan yaşadığını, Azərbaycanın Zəngəzur dəhlizini İkinci Qarabağ müharibəsindən bir neçə ay sonra icra etməyə başladığını, bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmadığını, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayandığını da qeyd etdi…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi ilin başlanğıcında hər bir Azərbaycan vətəndaşının Azəbaycana sevgisini də kükrətdi, qürurunu da, Azərbaycanın daha nurlu sabahlarına inamını da…
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı